Yuxarı

Ekspert: "Türkiyə Rusiya ilə yaxınlaşmasından Qərbə təzyiq vasitəsi kimi istifadə edə bilər" - RƏY

Ərdoğan və onun NATO və Aİ-dən olan tərəfdaşları arasında gərginlik artmaqda davam edəcək

Bakı. 10 avqust. REPORT.AZ/ "Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Sankt-Peterburqdakı görüşü iki ölkə arasındakı münasibətlərin bərpası prosesi üçün hələ ilk addımdır".

Bunu "Report"a açıqlamasında Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu yanında Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun aparıcı eksperti Zöhrə Əzizova deyib.

"İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin normallaşması ilə bağlı vəziyyətin geniş formatda müzakirə edildiyi aydındır. Amma regional geosiyasi gündəmdə dayanan məsələlər barədə siyasi dialoqun nəticəsi "pərdə arxasında" qalıb. Çox güman ki, Suriya məsələsinin nizamlanması və antiterror regional əməkdaşlıq üzrə yekun qərarlar ya qəbul edilməyib, ya da onlar hələlik geniş ictimaiyyətə elan edilməyəcək", - deyə Z.Əzizova bildirib.

Ekspertin sözlərinə görə, Ankaranın Qərb müttəfiqlərinin Türkiyə və Rusiyanın yaxınlaşmasının onların maraqlarına zərər vurmadığnı söyləməsinə baxmayaraq, Ərdoğan və onun NATO və Avropa İttifaqından olan tərəfdaşları arasında onsuz da mövcud olan gərginlik bir qədər də artacaq.

Xanım politoloq qeyd edib ki, iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Ərdoğanın anti-Qərb atmacalarının artması və Sankt-Peterburqa səfər etməsi yaxın gələcəkdə Türkiyənin xarici siyasət kursunda qərbyönümlü vektordan imtina edərək Rusiya, bəlkə də İranla regional əməkdaşlığa üstünlük verəcəyinə bir işarədir.

"Bu, daha çox Türkiyənin Rusiya və Qərb müttəfiqləri ilə qarşılıqlı əlaqələrinin və razılaşmalarının gələcək formatından asılı olacaq. Bu baxımdan Türkiyənin Rusiya ilə yaxınlaşmadan Qərbə təzyiq vasitəsi kimi istifadə edə biləcəyini istisna eləmək olmaz. Digər tərəfdən, bu yaxınlaşma kənardan təhrik edilən dövlət çevrilişi cəhdi kimi potensial siyasi risklərlə şərtlənə bilər. Özü də bu, təkcə Türkiyəyə aid olmaz", - deyə aparıcı ekspert fikrini yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi