Ekspert: "Tillersonun təyinatı ABŞ-ın Rusiya ilə münasibətlərinin istiləşməsi demək deyil" - RƏY

Ekspert: "Tillersonun təyinatı ABŞ-ın Rusiya ilə münasibətlərinin istiləşməsi demək deyil" - RƏY "ABŞ siyasəti bir düymə ilə istiqamətini dəyişmək mümkün olan elə də asan bir şey deyil"
Analitika
14 Dekabr , 2016 15:35
Ekspert: Tillersonun təyinatı ABŞ-ın Rusiya ilə münasibətlərinin istiləşməsi demək deyil - RƏY

Bakı. 14 dekabr. REPORT.AZ/ "ABŞ prezidentinin yeni administrasiyasının vəzifələri çərçivəsində ən başlıcası Birləşmiş Ştatların hegemonluq ənənələrinə sədaqəti qoruyub saxlamaqdır."

Bu barədə "Report"a açıqlamasında politoloq Tofiq Abbasov ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın ölkənin ən böyük neft şirkəti "ExxonMobil"in rəhbəri Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsinə namizəd kimi irəli sürməsini və onun Rusiya ilə əlaqələrə mümkün təsirin məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, respublikaçılar bütün manevrləri ilə birgə həmişə sərt siyasi xəttin tərəfdarı olublar.

"Əgər yeni prezident və yeni dövlət katibi nə vaxtsa Rusiyaya, şərq qütbünə qarşı rəğbət bəsləyibsə, münasibətlərin normallaşmasının lehinə çıxış edibsə, bu, heç də ABŞ və Rusiya arasında münasibətlərdə istiləşmə olacağı demək deyil" - politoloq bildirib.

Ekspert qeyd edib ki, ABŞ Rusiya ilə sərt qarşıdurma meylini qoruyacaq.

"ABŞ siyasəti bir düymə ilə istiqamətini dəyişmək mümkün olan elə də asan bir şey deyil. Çünki hamımızın bildiyi kimi, ABŞ hökumətinin siyasətini Senat, Konqres, Pentaqon, bank sektoru, transmilli korporasiyalara bağlı olan işgüzar elita kimi institutlar müəyyən edir. Heç vaxt hansısa vədlərlə, zəminlərlə satın alına bilinməyən bütün bu strukturların hakimiyyətin siyasi dəhlizlərində öz lobbiçiləri var. Onların supergüc mövqeyindən çıxış etmələrini diktə edən aydın koordinasiya var" - o bildirib.

T.Abbasov həmçinin söyləyib ki, ABŞ-da bütün seçki personaları, institutları qlobal geosiyasi səviyyədə Amerikanın maraqlarının aliliyinin təmin edilməsinə dair öhdəliklər götürürlər: "Ən başlıcası Birləşmiş Ştatların hegemonluq ənənələrinə sədaqəti qoruyub saxlamaqdır."

Onun sözlərinə görə, yeni administrasiya ABŞ siyasətinin mövqelərini, qlobal güc olaraq ölkənin özünün nüfuzunu bərpa etmək üçün qlobal proseslərə təsir göstərməyin yeni variantları üzərində işləyəcək, eləcə də vəziyyətin ABŞ tərəfi üçün statistik göstəricilər və məlumatlarda ifadə olunacaq müsbət istiqamətdə dəyişməsinə səy göstərəcək.

"Bura həm beynəlxalq biznes, həm qlobal böhranların həlli, həm Yaxın Şərq problemi, həm də digər məsələlər, məsələn, Çin və Cənub-Şərqi Asiya ilə əlaqələr aiddir. Bir sözlə, problem N qədərdir" - ekspert vurğulayıb.

T.Abbasov yeni dövlət katibi seçilməsi ilə əlaqədar Cənubi Qafqaz regionunda vəziyyətin dəyişməsi barədə danışarkən bildirib ki, Azərbaycanın xarici siyasətində və ya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa köklü dəyişikliklər etməsinə ehtiyac yoxdur: "Biz balanslaşdırılmış mövqe səviyyəsində olmağa məhkumuq. Bu, Azərbaycan üçün yeganə mümkün doğru seçimdir. Bizim hamı ilə - həm Qərblə, həm Şərqlə, həm də İslam icması ilə münasibətlərimiz var."

Ekspert Azərbaycanın dövlət siyasətinin günlük, aylıq olmadığını, uzunmüddətli perspektivə əsaslandığını vurğulayıb.

"Dövlət siyasəti praqmatik olmalıdır. Bu mənada rəsmi Bakı yüksək bacarıq nümayiş etdirir. Azərbaycan birgə və bərabər hüquqi şərtlər altında ümumi rasional nəticə əldə etməyə çalışır" - T.Abbasov əlavə edib.

Son xəbərlər

Orphus sistemi