Yuxarı

Ekspert: "Tehran- Ər-Riyad qarşıdurması İranın Yaxın Şərqdə təcridinin davam etdirilməsinə səbəb olacaq"

Səudiyyə Ərəbistanı səfirliyində yanğın törətməklə İran sanki öz ayağına güllə vurdu

Bakı. 11 yanvar. REPORT.AZ/ "Tehran və ər-Riyad arasında hazırda davam edən qarşıdurma İranın Yaxın Şərqdə təcridinin davam etdirilməsinə səbəb olacaq". Bunu "Report"a açıqlamasında Yaxın Şərq üzrə mütəxəssis, BBC-nin analitiki və "The London Post" qəzetinin redaktoru Şahid Qureşi deyib.

Onun sözlərinə görə, İran digər dövlətlərin daxili işlərinə müdaxilələri dayandırmalıdır: "Səudiyyə Ərəbistanında edam olunanlar bu ölkənin vətəndaşları idi və onlar müxtəlif səbəblərdən, o cümlədən terrorizm və zorakılığa təhrik ittihamları ilə mühakimə olunmuşdular".

Bir sıra ərəb ölkələrinin İranla diplomatik əlaqələri kəsməsindən danışan Ş.Qureşi 2009-cu ildə baş verənləri də xatırladıb: "Səudiyyə Ərəbistanı səfirliyinin yandırılması bu ölkələrdə narahatlığa səbəb olub. Oxşar hadisə 2009-cu ildə də olmuşdu. O vaxt etiraz aksiyasının iştirakçıları Pakistan səfirliyinə hücum edərək bu ölkənin bayrağını yandırmışdı. Ümumiyyətlə, bəzi ölkələrin səfirlərini geri çağırması İranın xeyrinə olan amil deyil. Səudiyyə Ərəbistanı səfirliyində yanğın törətməklə İran sanki öz ayağına güllə vurdu".

Ş.Qureşi həmçinin İranın özü haqqında yaranmış fikirləri dəyişdirmək üçün hansısa addımlar atacağına da şübhə ilə yanaşdığını deyib. O əlavə edib ki, İran qonşuları ilə sülhü bərpa etməlidir.

"Hesab edirəm ki, sağlam ağıl üstün olacaq və iki ölkə öz xalqlarının maraqlarına uyğun qərar qəbul edəcək", - deyə ekspert bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi