Yuxarı

Ekspert: "Səfirin öldürülməsi Rusiya və Türkiyəni terrorla mübarizədə sistemli addımlar atılmasına sövq edəcək" - RƏY

Bu prosesə digər regional iştirakçıların cəlb ediləcəyi də istisna deyil

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Ankaradakı səfirinin öldürülməsinin arxasında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra mövqeyini itirən qüvvələr dayana bilər.

Bu barədə "Report"a açıqlamasında dünən Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsini şərh edərkən politoloq İlqar Vəlizadə bildirib.

"Ciddi təhlükəsizlik problemi olduğu göz önündədir. Dünən isə hətta bu cür şəxslərlə bağlı ciddi təhlükəsizlik problemi olduğunu gördük", - o vurğulayıb.

"Çox güman, burada arxasında ciddi maraqlı tərəflərin dayandığı mütəşəkkil cinayətkarlıqdan söhbət gedir. İzlər hətta bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra mövqeyini itirən qüvvələrə də gətirib çıxara bilər. Bir növ, həmin qüvvələrin qisas almaq istəyi kimi dəyərləndirilə bilər", - deyə İ.Vəlizadə qeyd edib.

Politoloq bu qüvvələrin Rusiya-Türkiyə münasibətlərinin bərpasından narazı olduqlarını bildirib. "Məhz buna görə də hədəf kimi Rusiyanın səfiri seçilib", - ekspert hesab edir.

Səfirə sui-qəsdin Rusiya-Türkiyə münasibətlərinə təsiri haqqında danışan politoloq qeyd edib ki, bu terror aktı Rusiya və Türkiyəni terrorla mübarizədə sistemli addımlar atılmasına sövq edəcək: "Terror hədəfdə yalnız Türkiyənin yox, həm də Rusiyanın regiondakı maraqlarının olduğunu göstərdi".

"Dünən Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib və müəyyən nəticələr çıxarılıb. Ümid edək ki, bu nəticələr təhlükəsizlik, eləcə də məsələlərin birgə həlli ilə bağlı sahələrdə Türkiyə-Rusiya əməkdaşlığının gücləndirilməsi istiqamətində olacaq", - politoloq vurğulayıb.

Onun fikrincə, bu gün söhbət artıq geniş cəbhədə terrorla mübarizədən gedir. Ekspert bu prosesə digər regional iştirakçıların cəlb ediləcəyi də istisna etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi