Ekspert: "Prezidentin fərmanı Azərbaycanda sahibkarlığın inkişafına təkan verəcək" - RƏY

Ekspert: "Prezidentin fərmanı Azərbaycanda sahibkarlığın inkişafına təkan verəcək" - RƏY "Bu gün sahibkarların öz fəaliyyətlərini aktivləşdirmək imkanı yaranıb"
Analitika
23 Oktyabr , 2015 14:53
Ekspert: Prezidentin fərmanı Azərbaycanda sahibkarlığın inkişafına təkan verəcək - RƏY

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Azərbaycanda malların rüsumsuz idxal məbləğinin artırılmasının iki məqsədi var: kiçik və orta sahibkarlığın inkişafı və inflyasiya səviyyəsinin azaldılması". Bu sözləri "Report"a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev deyib.

Qeyd edək ki, cümə axşamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsini qərara alıb.

"Qərar birbaşa ölkədə sahibkarlığın inkişafına yönəlib. Başqa sözlə, bu gün sahibkarların öz fəaliyyətlərini aktivləşdirmək imkanı yaranıb", - O.Haqverdiyev bildirib.

Bundan əlavə, o bu cür addımın qiymət artımına məhdudiyyət yarada biləcəyini deyib. O.Haqverdiyevin sözlərinə görə, məhsullar nə qədər çox olsa, qiymətlər də bir o qədər aşağı olar: "Yekun nəticədə bir güllə ilə iki dovşan vurulub. Belə ki, həm sahibkarlığın inkişafının stimullaşdırılması baş verib, həm də inflyasiyanın artım tempinə bir növ məhdudiyyət qoyulub".

O.Haqverdiyevin fikrincə, inkişaf etmiş ölkələrdə büdcənin gəlir hissəsinin əsas mənbəyini məhz kiçik və orta sahibkarlıq tutur: "Məsələn, ABŞ-da ÜDM 17 trilyon ABŞ dolları təşkil edir. Bunun da 60 faizini kiçik və orta sahibkarlıq yaradır. Bizdə isə bu rəqəm heç 20 faizə çatmır".

Sabiq nazir müavini qeyd edib ki, hətta "General Motors" kimi nəhəng şirkətlər də müxtəlif avtomobil hissələrinin hazırlanması üçün kiçik müəssisələrin xidmətindən yararlanır.

O.Haqverdiyev bərpa prosesinin kifayət qədər uzunmüddətli olacağını da bildirib: "Atılan bütün bu addımlar dərhal nəticə verməyəcək. Bu, uzunmüddətli prosesdir".

Son xəbərlər

Orphus sistemi