Yuxarı

Ekspert: "İrana qarşı sanksiyaların ləğv edilməsindən təcili və kəskin dəyişikliklər gözləməyə dəyməz" - RƏY

Sanksiyaların götürülməsi regionda ticari-iqtisadi əlaqələrə müsbət təsir göstərəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ "İrana qarşı sanksiyaların ləğv edilməsindən təcili və kəskin dəyişikliklər gözləməyə dəyməz. Belə ki, bu addım bazarın enerji daşıyıcılarıyla "doyduğu" bir dövrdə atılıb, həm də onların qiyməti dayanmadan aşağı düşür". Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, İranın sərt sanksiyalardan azad edilməsinin müsbət cəhəti geosiyasi baxımdan dəyərləndirilməlidir: "Ölkənin qonşu və digər dövlətlərlə ölçülüb-biçilmiş əlaqələr ab-havasına qayıdışı təkcə ümumi atmosferə deyil, həm də ticari-iqtisadi əlaqələrin xarakterinə mütləq təsir göstərəcək".

T.Abbasov hesab edir ki, bu baxımdan Azərbaycan, İran və Rusiya, eləcə də digər ölkələrin maraqlı olduğu Şimal-Cənub dəmiryolu nəqliyyat dəhlizinin kiçik bir hissəsinin tikintisinin başa çatdırılması daha aktualdır: "Azərbaycan və İran arasında 7 kilometrlik hissənin tikintisi və istismara verilməsi ümumi yük axını həcminin artmasına böyük təkan verəcək. Bundan isə ərazisindən həmin nəqliyyat xətti keçən ölkələr irəli düşəcək. Axı Çin və Hindistandan Avropaya, eləcə də əks marşrutla malların daşınması Şimal-Cənub layihəsinin iştirakçılarına real qazanc gətirəcək".

Politoloq İrana qarşı sanksiyaların aradan götürülməsinin digər mühüm müsbət cəhəti kimi donmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni şərait yaratdığını göstərib: "Ermənistan Azərbaycan və vasitəçilərin münaqişənin sülh yolu ilə həllinə dair səylərinə fikir vermədən danışıqlarda destruktiv rol oynayır. Hərçənd indi rəsmi Tehran da Yerevana real sülh danışıqlarına başlamaq yolunda təsir edə bilər. Bu mümkündür. Çünki Avropa, elə bütünlükdə Qərb ilə yeni münasibətlər qurulur. Belə bir məqamda daha sağlam regional sabitlik yaratmaq üçün müsbət dəyişikliklərin həyata keçirilməsi perspektivi daha real görünür".

Öz növbəsində, israilli publisit və politoloq İsrael Şamir İrana qarşı sanksiyaların ləğvini alqışlayıb. Onun sözlərinə görə, İranın özü üçün bu, tam zamanında baş verib. Belə ki, ölkə daha öncə hesablarında dondurulmuş yüz milyardlarla ABŞ dollarına çıxış əldə edəcək.

Bununla yanaşı, o, sanksiyaların götürülməsinin ABŞ prezidenti Barak Obamanın ölkə Konqresində həm respublikaçılar, həm də demokratlar, eləcə də İsrail lobbisi və Səudiyyə Ərəbistanı tərəfindən göstərilən şiddətli təzyiqlərə rəğmən, dik durmağı, verdiyi sözü tutmağı bacardığını göstərdiyini bildirib.

Sanksiyaların ləğvindən sonra neftin qiymətində baş verəcək dəyişikliklərdən danışan ekspert vurğulayıb ki, Səudiyyə Ərəbistanı öz siyasi kursunu dəyişməyəcəyi təqdirdə, Rusiya və ya İranın hansısa addımları neftin qiymətinə ciddi təsir göstərə bilməyəcək. Onun fikrincə, Səudiyyə Ərəbistanı hətta özünə ziyan vurmaqla olsa belə neft hasil etməyə davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi