Ekspert: “BP və SOCAR arasındakı sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var”

Ekspert: “BP və SOCAR arasındakı sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var” Bakı. 27 aprel. REPORT.AZ/ Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar.
Analitika
27 Aprel , 2018 15:44
Ekspert: “BP və SOCAR arasındakı sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var”

Bakı. 27 aprel. REPORT.AZ/ Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sazişi “Report”a şərh edərkən bildirib ki, kəşfiyyat dövründə buradan hətta hər hansı karbohidrogen ehtiyatı tapılmasa belə, axtarışın Azərbaycan üçün çox böyük əhəmiyyəti var: “Çünki ilkin geoloji-kəşfiyyat nəticəsində, təqribən, 3 500 metr dərinlikdə karbohidrogen ehtiyatlarının olduğu güman edilir. Qazma nəticəsində daha dəqiq məlumatlar əldə ediləcək. Əldə edilən məlumatların hamısı Azərbaycan tərəfinə veriləcək. Növbəti müddətdə elm və texnologiyanın inkişafı nəticəsində artıq daha dərin hissələrdə qazma mümkün olduğu şəraitdə bu məlumatlardan istifadə etməklə daha böyük uğurlara imza atmaq olar”,- deyə ekspert qeyd edib.

İ.Şaban sazişin kəşfiyyat sektorunda canlanmanın yaranması baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Kəşfiyyat quyusunun qiyməti, kəşfiyyat dövründə görülən işlər, sifarişlər və s. xərclər, təxminən, 100 mln. dollar təşkil edəcək. Bu da onun göstəricisidir ki, müxtəlif layihələndirmə, xidmət şirkətləri bu işə cəlb olunacaq. Bu isə kəşfiyyat sektorunda işlərin canlanmasıdır. 2014-cü ildən neftin qiyməti aşağı düşəndən sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da şirkətlərin bu sahəyə maraqları azalıb. Çünki şirkətlərin siyasəti kapital xərclərinin azalmasına yönəlmişdi”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Ekspert qeyd edib ki, BP şirkətinin bu addımı atması və Azərbaycan tərəfi ilə nəhayət müqaviləni gerçəkləşdirməsi ona dəlalət edir ki, həm bazarda neft qiymətinin stabilləşməsinə ümidlidirlər, həm də Azərbaycanda şirkətin gəlirliliyi kifayət qədərdir və şirkət bu sahəyə vəsait ayırmaqda hansısa tərəddüd keçirmir.

Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb. 

Son xəbərlər

Orphus sistemi