Yuxarı

Ekspert: "BMT baş katibinin Bakıya səfəri Azərbaycana beynəlxalq dəstək nümayişidir" - ŞƏRH

Məhz münaqişə zonalarında humanitar dialoqun inkişafına ehtiyac olması artıq tam anlaşılır

Bakı. 20 aprel. REPORT.AZ/ Dünya siyasətinin tanınmış simalarının Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlik fonunda Bakıya səfər etmələri bu insanların bu və ya digər dərəcədə sözügedən məsələdə Azərbaycanın mövqeyini bölüşdüklərini göstərir. Belə bir fikri "Report"a açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun aprelin 25-27 Bakıda keçiriləcəyini şərh edərkən azərbaycanlı politoloq İlqar Vəlizadə səsləndirib.

"Bu hadisə, əlbəttə ki, həm tədbirin özünün keçirilməsi, həm də imic baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu gün bəşəriyyətin humanitar inkişafının artıq neçə illərdir mövcud olan ciddi məsələlərinin müzakirə edilə biləcəyi meydanlar baxımından açıq-aşkar çatışmazlıq var", - deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu cür dialoq platformaları bir sıra - islamofobiyanın artımı, dünyanın bir çox regionlarında etnik və dini münaqişələrin mövcudluğu problemlərinin həllinə ümumi yanaşmalar işləyib hazırlamağa imkan verir.

Ən əsası, onlar ölkələr və beynəlxalq təşkilatların təhlükəsizlik məsələlərində sülhün möhkəmlənməsinə töhfə verə biləcəyi alətlər yaratmağa imkan verir", - deyə ekspert bildirib.

Tədbirin imic əhəmiyyətindən danışan politoloq qeyd edib ki, Azərbaycan bu gün dünyanın münaqişəyəmeyilli regionlardan birində yerləşdiyindən belə hadisənin keçirilmə yerinin Bakı olması çox önəmlidir.

"İndiki halda mədəniyyətlərarası, sivilizasiyalararası dialoqdan danışmaqla Azərbaycan dünya elitasının konstruktiv hissəsini ölkənin və regionun problemlərinin müzakirəsinə cəlb etməyə çalışır", - deyə İ.Vəlizadə vurğulayıb.

Forumda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun müzakirə edilməsinin mümkünlüyü barədə danışan ekspert bildirib ki, dünya siyasətinin tanınmış simalarının belə bir anda Bakıya səfər etmələri bu insanların bu və ya digər dərəcədə sözügedən məsələdə Azərbaycanın mövqeyini bölüşdüklərini göstərir.

"Çünki bu məsələdə hansısa maraqların toqquşması olsaydı, BMT baş katibinin Azərbaycana səfərini gözləməyə dəyməzdi. "Məhz münaqişə zonalarında humanitar dialoqun inkişafına ehtiyac olması və bu cür problemlərin müzakirəsi üçün effektiv meydanların yaradılmasının zəruriliyi artıq tam anlaşılır", - deyə ekspert bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi