Bakı. 17 aprel. REPORT.AZ/ "Ədalət və İnkişaf Partiyasının (AKP) və onun ideoloji lideri Rəcəb Tayyib Ərdoğanın kifayət qədər yüksək siyasi reytinqə malik olması Türkiyədə keçirilən referendumdakı qələbədə əsas rol oynayıb."
Bu barədə "Report"a qazaxıstanlı müstəqil politoloq, siyasi elmlər namizədi Zöhrə Əzizova bildirib.
"Qələbə həm AKP-nin özü, həm də müşahidəçilər üçün gözlənilən oldu. Birincisi, partiyanın və onun ideoloji liderinin kifayət qədər yüksək siyasi reytinq xeyli rol oynayıb - 50%. Ölkə xaricinə qədər genişlənən güclü seçki kampaniyası və Avropa ölkələrində yaşayan Türkiyə diasporlarına müraciət də hökumətin yalnız qələbəyə kökləndiyini göstərib" - Z. Əzizov deyib.
Onun sözlərinə görə, obyektiv hallarla əlaqədar xalqın öz iradəsini ifadə etməsinin nəticəsi əvvəlcədən bəlli idi.
"Eyni zamanda, artıq kütləvi saxtakarlıq ittihamları ilə çıxış edən və nəticələrdən şikayət edəcəyini açıqlayan Türkiyə müxalifətindən referendumun nəticələri ilə bağlı göstərilən reaksiyanın artacağını gözləmək olar. Böyük seçici kütləsinin - 49% seçicinin düzəlişlərə "yox" dediyini nəzərə alsaq, müxalifət qüvvələrinin, məsələn, kütləvi etiraz aksiyaları təşkil etməklə Türkiyə cəmiyyətində qütbləşmə yaratmağa istiqamətlənmiş addımlar atacağını gözləmək olar", - politoloq bildirib.
Avropalı siyasətçilərin səsvermənin nəticəsinə reaksiyası barədə danışan ekspert qeyd edib ki, Almaniyanın Xristian-Sosial Birliyi Partiyasının nümayəndəsi Manfred Veber artıq Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqların ləğv olunması təklifi ilə çıxış edib.
"Belə bəyanatları Almaniyada keçiriləcək parlament seçkiləri ərəfəsində Avropa liderlərinin əsas seçkiqabağı ritorikası kimi qəbul etmək lazımdır. Belə bəyanatların digər Avropa ölkələrindən də səslənəcəyi istisna deyil. Xüsusilə də Ərdoğanın ölüm cəzasını qaytarmaq istəyini dilə gətirməsindən sonra", - xanım analitik əlavə edib.
O, həmçinin Türkiyədəki referendumun nəticələrinin Ankaranın xarici siyasət vektorunun müəyyənləşməsində həlledici olmayacağını, başqa sözlə, qonşu ölkələrlə əlaqələrə birbaşa təsir etməyəcəyini vurğulayıb.
"Böyük ölçüdə Ərdoğan regiondakı cari geosiyasi vəziyyətə, eləcə də NATO tərəfdaşları ilə münasibətlərə əsasən addım atacaq. Bu, ilk növbədə Suriya nizamlanması prosesinə aiddir", - o bildirib.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə hakim AKP tərəfindən təklif edilən və Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini genişləndirən konstitusiyaya dəyişikliklər paketi üzrə referendum keçirilib. Yüksək seçici fəallığı (88,3%) müşahidə edilən səsvermədə seçicilərin 51,18%-i hazırkı dövlət başçısının tərəfində olub.