Ekspert: "Azərbaycanla Aİ arasındakı yeni sazişdə Bakının maraqları nəzərə alınacaq" - ŞƏRH

Ekspert: "Azərbaycanla Aİ arasındakı yeni sazişdə Bakının maraqları nəzərə alınacaq" - ŞƏRH Azərbaycan ilə Avropa İttifaqının yaxınlaşması rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Analitika
22 Aprel , 2019 17:34
Ekspert: Azərbaycanla Aİ arasındakı yeni sazişdə Bakının maraqları nəzərə alınacaq - ŞƏRH

Azərbaycan ilə Avropa İttifaqının yaxınlaşması rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu barədə "Report"a ekspert Fikrət Sadıxov bildirib.

"Azərbaycan bu sazişə ardıcıl addımlarla, addım-addım gedib. Bildiyim qədərilə yeni sazişin, demək olar ki, bütün məqamları, hardasa, 90%-i razılaşdırılıb və imzalanıb. Çox güman ki, qalan 10%-ə də energetika məsələləri, demokratik inkişaf problemləri, Azərbaycan üçün çox önəmli olan ölkəmizin ərazi bütövlüyünə aid məsələlər daxildir. İstənilən halda, yeni saziş tərəflərin hər ikisinin marağına uyğun imzalanacaq", - F.Sadıxov deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu saziş, ilk növbədə, gələcək avrointeqrasiya baxımından maraqlıdır: "Avropa üçün Azərbaycan enerji təhlükəsizliyini təmin edəcək, müxtəlif sahələrdə - iqtisadi, siyasi, humanitar sahələrdə hərtərəfli qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışacaq çox vacib oyunçudur. Hesab edirəm ki, sazişin imzalanmasından sonra bu proses daha da dərinləşəcək və inkişaf sistemli və mütəmadi olaraq həyata keçiriləcək".

Onun sözlərinə görə, sazişin imzalanması prosesində Bakı sənəddə Azərbaycanın maraqlarının nəzərə alınması və əksini tapması üçün hər cür səy göstərir: "Əsas vəzifəmiz uzun müddətdir şişirdilən və müzakirə edilən ərazi bütövlüyünün tanınması haqqında bənddir. Hesab edirəm ki, sənədin tam və maraqlarımıza cavab verən formada olması üçün sazişdə bununla bağlı mütləq bənd olmalıdır".

Ekspert Aİ ilə saziş imzalandıqdan sonra bir sıra problemlərin dərhal həllinə ümid etməyə dəyməyəcəyini bildirib.

"Belə yanaşma bir az sadəlövh və qeyri-realdır. Maraqlarımızın Aİ-yə daha yaxın olması başqa məqamdır. Biz iqtisadi, energetik, humanitar əməkdaşlıq baxımından daha yaxın olacağıq. Söhbət birgə layihələrdən, əhalinin müxtəlif qruplarının səfərlərindən, təlim məkanının genişləndirilməsindən və ümumiyyətlə, bu sazişdə əks olunacaq və bizi Aİ ilə yaxınlaşdıracaq bütün istiqamətlərdən gedir", - deyə o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi