Ekspert: "ABŞ-ın Suriyadakı bazaya aviazərbələr endirməsi Rusiya və İran üçün ciddi siqnaldır" - RƏY

Ekspert: "ABŞ-ın Suriyadakı bazaya aviazərbələr endirməsi Rusiya və İran üçün ciddi siqnaldır" - RƏY "Kreml başa düşməlidir ki, Bəşşar Əsədə dəstək verməyin gələcəkdə mənfi nəticəsi olacaq"
Analitika
7 Aprel , 2017 17:17
Ekspert: ABŞ-ın Suriyadakı bazaya aviazərbələr endirməsi Rusiya və İran üçün ciddi siqnaldır - RƏY

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsini şərh edən ekspertlər bununla rəsmi Vaşinqtonun Rusiyanın rəyinə məhəl qoymadan öz oyununu oynayacağını göstərdiyini bildiriblər.

"Kreml başa düşməlidir ki, Bəşşar Əsədə dəstək verməyin gələcəkdə mənfi nəticəsi olacaq", - "Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Report"a açıqlamasında deyib.

Onun sözlərinə görə, Donald Tramp yumşaqlığı ilə seçilən ABŞ-ın əvvəlki prezidenti Barak Obamaya oxşamaq istəmir: "Məhz elə buna görə də o, Əsədin kimyəvi silahdan istifadə etməsinə dözmədi və açıq şəkildə yol verilə biləcək qırmızı xəttin çoxdan aşıldığını bildirdi. Bu, eyni zamanda Əsəd və Putinə siqnal idi. Yəni "məni hövsələdən çıxarmayın, mən sizin üçün Obama deyiləm” mesajı idi".

O vurğulayıb ki, Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu, onun superdövlət başçısı imicinə zərbə olardı: "Tramp düzgün taktika seçdi".

Rusiyanın mövqeyi barədə danışan E.Şahinoğlu Kremlin Əsədə dəstək verməsi ilə Moskva və Vaşinqton arasındakı münasibətlərin soyuduğunu bildirib. "Putinin isə Krım və Donbass məsələsində Ağ Evin yeni sahibi ilə anlaşacağına ümidi var", - ekspert qeyd edib.

Onun fikrincə, Rusiya Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraill də qarşı-qarşıyadır, çünki hər iki dövlət Trampın son addımını dəstəkləyib. 

"Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində müəyyən miqdar kimyəvi silahın qalmasına göz yumub. İstənilən halda, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Əsədlə qüvvələri ilə silahlı müxalifət arasında atəşkəsə riayət olunmasını çox çətin olacaq" - E.Şahinoğlu deyib.

Qırğızıstanlı ekspert Sergey Kojemyakin "Report"a açıqlamasında bildirib ki, amerikalıların zərbələrini ABŞ administrasiyasının qəfil və gözlənilməz addımları kimi qiymətləndirmək olmaz.

Onun sözlərinə görə, ABŞ İranın və Rusiyanın regiondakı təsirini minimuma endirməyə və İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Ekspert Vaşinqtonun Yaxın Şərqdə, xüsusilə Suriya və İraqda öz mövqeyini gücləndirmək niyyətində olduğunu vurğulayıb. O, buna sübut kimi ABŞ-ın yüzlərlə hərbçisini bölgəyə göndərməsini və "təhlükəsizlik zonası" yaratmaq təklifi irəli sürməsini göstərib.

"Şayruta raket hücumu, elə kimyəvi hücum məsələsi kimi, Rusiyaya, eləcə də İrana açıq-aşkar siqnal oldu. Yəni Vaşinqtonun onların Suriyadakı mövcudluğuna dözmək niyyəti yoxdur. Buna görə də gələcək hadisələr bu ssenari üzrə olacaq. Əsəd və onun müttəfiqlərinə həm diplomatik, həm də hərbi səviyyədə daha çox təzyiq göstəriləcək", - politoloq əlavə edib.

O, ABŞ strateqlərinin bu addımın bütün mümkün nəticələrini nəzərə aldığını və Moskvanın sərt cavab tədbirlərinə əl atmayacağını anladıqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi