Düzəlməyən bükülü bel - Ermənistan terrorçu və qatillərin ümidinə qalıb

Düzəlməyən bükülü bel - Ermənistan terrorçu və qatillərin ümidinə qalıb Azərbaycan torpaqlarının işğaldan təmizlənməsinin birinci ildönümünü qeyd edəcək.
Analitika
2 Noyabr , 2021 13:48
Düzəlməyən bükülü bel - Ermənistan terrorçu və qatillərin ümidinə qalıb

Azərbaycan torpaqlarının işğaldan təmizlənməsinin birinci ildönümünü qeyd edəcək. Zəfər günü bir tarixə dönüb. Bu, Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin göstəricisidir. Öz torpaqlarını işğaldan təmizləyən Azərbaycanda ruh yüksəkliyi yaşanır. İşğalçı Ermənistanda isə elə davranırlar ki, elə bil həmin ərazilər onlara məxsus olub. İndi də ermənilər onun sarsıntılarını, depressiyasını yaşayır. Ölkədə kütləvi psixoloji kompleks yaşanır.

Ermənistan hakimiyyəti, erməni diasporu və lobbisi uzun illərdir saxta ideya ilə bu etnik qrupu formalaşdırıb, qonşular düşmən kimi təqdim ediliblər. Bütün baş verənlərə baxmayaraq, erməni saxtakarlığı davam edir. Bu günlərdə mətbuatda 2022-ci ilin martında Xankəndində “erməni abidələrinin” Azərbaycan tərəfindən “albanlaşdırılmasına” qarşı “beynəlxalq konfrans”ın keçirilməsi planlaşdırılıb. İcazəsi olmadan Azərbaycan ərazisində belə tədbirin keçirilməsini hansı dövlət təşkil edəcək? Belə bir tədbirin, “beynəlxalq konfransın” Azərbaycan ərazisində keçirilməsi beynəlxalq hüquqa və normalara ziddir. Bu baxımdan həmin tədbirdə iştirak edənlər Azərbaycanın dövlət sərhədini pozmuş sayılacaqlar və s. Erməni düşünənləri bu saxta iddia və qanunazidd tədbiri keçirməyə cəhdlə psixoz vəziyyətdə olan erməni ictimaiyyətini ağır mənəvi sarsıntıdan xilas etməyə səy göstərirlər. Ancaq bu zaman yenə onlara yalan təbliğ edilir. Deməli, baş verənlər saxtakarlıqdan əl çəkmək üçün bu etnosa hələ də təsir etməyib.

Qeyd edək ki, alban memarlığınn nümunələri Azərbaycan Respublikası, İran, indiki Ermənistan və Dağıstan ərazilərində aşkarlanaraq tədqiq edilib. Həmin abidələrdən dövrümüzə çatan ən maraqlı nümunələr müdafiə tipli qalalar, istehkamlar və dini xarakterli tikililər olan kilsələr, monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə edilməsi, onun mədəniyyəti və memarlığının inkişafında danılmaz rolu olub. Bu baxımdan tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər. Heç kimə sirr deyil ki, o dövrün Albaniyasındakı tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür.

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonundakı Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonunun Sos kəndindəki Amaras monastrı (IV əsr) və keçmiş Ağdərə rayonundakı Müqəddəs Yelisey məbədi (IV əsr), Vəng kəndindəki Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Sirr deyil ki, bu istiqamətdə çox ciddi və təkzibedilməz tarixi faktlar var. Odur ki, ermənilərin və havadarlarının Xankəndində keçirməyi planlaşdırdıqları “beynəlxalq konfrans” saxtakarlığa, yalana xidmət edəcək. Bu tədbir döyüşləri uduzan erməni etnosunun ovqatının yüksəlməsinə çətin müsbət təsir edə. Çünki beynəlxalq ictimaiyyət və erməni cəmiyyəti bu sayaq yalanlardan artıq doyub.

Bu arada bədbin vəziyyətə düşən erməni cəmiyyətini dirçəltmək üçün istifadə edilən başqa bir tədbirin bu il dekabrın 11-də ABŞ-da keçirilməsi nəzərdə tutulub. İlk dəfə keçiriləcək bu “erməni festivalında” “Qarabağ məhsulları” nümayiş etdiriləcək. “Festivalda" Ermənistan mədəniyyəti və məhsullarının, Qarabağdan olan “erməni məhsullarının” təqdimatı planlaşdırılıb. Ermənilər psixoloji sarsıntıdan və psixoz vəziyyətdən saxtakarlıq üzərində qurulan təbliğatla yanaşı, cinayətkarı da alqışlamaq, qonaq etməklə çıxmağa çalışırlar.

Ötən həftənin sonunda Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA erməni terror qruplaşmasının üzvü Xambik Sasunyan Ermənistana gedib.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xambik Sasunyan azadlığa 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. O,1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı Prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli mühakimə edib. Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi Xambik Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası onu əfv etsə də, ştatın qubernatoru Cerri Braun Xambik Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin aprelində Xambik Sasunyanın azadlığa buraxılması ilə bağlı bunları bildirmişdi: “Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”. Erməni terrorçunun vəkili onun azadlığa buraxılması barədə vəsatət verib. Kaliforniya ştatının Məhkəməsi vəsatəti təmin edib. Türkiyənin baş konsulunun qatili şərti cəza ilə azadlığa buraxılıb. Müharibədən sonra beynəlxalq caninin İrəvana gətirilməsi və onun erməni ictimaiyyətinə təqdim edilməsi Ermənistanda bu təbliğatı aparanların terrorçu mahiyyətindən irəli gəlir. Təəssüf ki, Azərbaycanda terrorçu axtaranlar Türkiyə diplomatının qatilinin əl-qolunu sallayaraq Ermənistana səfər etməsinə göz yumurlar...

Beləliklə, baş verənlərdən dərs almaq, nəticə çıxarmaq böyüklərə aid xüsusiyyətdir. Cılızlar isə bütün hallarda cığallıq, saxtakarlıq edir, özlərini böyük göstərməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi