Dünya iqtisadiyyatının inkişaf perspektivləri dəyişir

Dünya iqtisadiyyatının inkişaf perspektivləri dəyişir ABŞ-da fond indekslərinin düşməyə başlayacağı gözlənilir
Analitika
31 Mart , 2017 20:00
Dünya iqtisadiyyatının inkişaf perspektivləri dəyişir
courtesy image

Bakı. 31 mart. REPORT.AZ/ Qlobal iqtisadiyyat çətin mərhələyə daxil olmağa hazırlaşır. 

"Report"un analitik qrupu bildirir ki, yaxın aylarda dünya iqtisadiyyatı əsasən ABŞ-ın verəcəyi qərarların nəticələri əsasında formalaşacaq. Belə ki, keçən həftə ABŞ Prezidenti Donald Tramp öz partiyasından olan siyasətçilərin etirazı səbəbindən səhiyyə islahatlarının əleyhinə olan qərarı reallaşdıra bilməyib. Bundan sonra, vergi islahatları da analoji aqibətlə üzləşib. Belə görünür ki, vergi islahatlarının da həyata keçirilməsi çətin olacaq. Çünki, D.Trampın Respublikaçılar Partiyasında kifayət qədər siyasətçi büdcə kəsirinin artması ilə nəticələnəcək vergi rüsumlarının azaldılması qərarına qarşı çıxır. Tramp hökuməti hazırda 10-39,6% olan 7 səviyyəli vergi rüsumlarını 12,25-33% olmaqla 3 səviyyəli sistemlə əvəzləmək istəyir. Həmçinin, mənfəət vergisinin 35%-dən 15%-ə endirilməsi, vərasət vergisinin isə ümumiyyətlə ləğv edilməsi Trampın seçki öncəsi platformasında yer alıb.

Qeyd edək ki, məhz vergi islahatlarının həyata keçirilməsi ehtimalları ABŞ fond birjalarında son 4 ayda 20%-ə yaxın kəskin artıma səbəb olub. Lakin artıq investorlar vergi islahatları ilə bağlı qərarın alınacağına şübhə ilə yanaşmağa başlayıblar. İslahat həyata keçirilməsə,  ABŞ-da fond indekslərinin ucuzlaşma baş verə bilər.

"Report"un analitik qrupu hesab edir ki, vergi islahatları baş tutmasa Tramp heç olmasa gömrük rüsumlarını artıraraq ABŞ-ın daxili istehsalını gücləndirməyə çalışacaq. Qeyd edək ki, 2016-cı ilin yekun hesabatına görə, ABŞ-ın ən böyük ticarət kəsiri (347 mlrd. dollar) Çin, Yaponiya (69 mlrd. dollar) və Almaniya (65 mlrd. dollar) ilə qeydə alınıb. Meksika ilə ticarət kəsiri isə 63 mlrd. dollar təşkil edib. "The Economist" jurnalına görə, ABŞ-ın ticarət kəsirinin 77%-i məhz ilk 3 ölkəyə aiddir. Bu ölkələrlə isə ABŞ-ın sərbəst ticarət anlaşması yoxdur.

ABŞ-ın gömrük rüsumlarını artırmaq istiqamətində hər hansı bir qərarı dünya iqtisadiyyatına mənfi, ABŞ iqtisadiyyatına isə  müsbət təsir göstərəcək. Qərar əsasən Çin iqtisadiyyatına mənfi təsir edəcək, yuanın devalvasiyası ilə nəticələnəcək. Bununla yanaşı, alınacaq proteksionist qərarın dünya iqtisadi artımına və neft qiymətlərinə mənfi təsiri olacaq.

Son xəbərlər

Orphus sistemi