Yuxarı

​Dünya ermənilərinin anlamaq istəmədikləri həqiqətlər, yaxud onların beyninə yeridilmiş yalan - ŞƏRH

Yazıq, məzlum, kimsəsiz erməni obrazı layihəsi köhnəlib

Bakı. 6 may. REPORT.AZ/ Türklərlə düşmənçilikdən ermənilərin özləri də ziyan çəkir. Bu həqiqəti onlar ya başa düşmür, ya da aldadıldıqlarından bu haqda düşünməkdən belə qorxurlar.

Az qala 200 ilə yaxındır erməni etnik qrupu Rusiyanın tapşırıqlarını icra edir. Bu icraçılıq nəticəsində onlar bir çox keyfiyyətlərdən, hətta doğrunu qəbul etməkdən belə məhrum olublar. Dünyanın hansı bölgəsində qədim daş parçası belə tapılsa, onun ermənilərlə əlaqəsi olması haqda cəfəng fikirlər irəli sürürlər.

Odur ki, 200 ildir bu etnos onlara təlqin edilən türk düşmənliyi nəticəsində yalana adət edib.

Elə ona görə də Ermənistan cəmiyyəti, dünyadakı erməni icmaları və Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan ermənilər hələ də başa düşmək istəmirlər ki, yüz il öncə Rusiya, Fransa imperiyalarının əlində oyuncaq olaraq Osmanlıya, Azərbaycana qarşı fəaliyyət göstəriblər. Bu etnosun nümayəndələri hələ də 100 il öncəki yalanların qurbanıdır. O vaxt onlara verilən vədlər, elə lap I Pyotrun "rus əsgərləri çəkmələrini İstanbul boğazında yuyacaq" vəsiyyəti kimi xəyallarla yaşayırlar.

Onlar işğal etdikləri Azərbaycan torpaqlarından çıxıb, dinc, yanaşı yaşamaqdansa, müxtəlif bəhanələr irəli sürürlər.

Azərbaycan dəfələrlə açıq-aşkar bildirib: "İşğal edilən torpaqlarımızdan çıxın. Sonra danışaq". Bu mövqe indi də qüvvədə qalır.

Ermənilər və havadarları isə işğal etdikləri ərazidən çıxmaq istəmir, təmas xətti deyilən bölgələrdə ya bir-birini öldürürür, ya da atəşkəs pozulanda Azərbaycan əsgəri tərəfindən zərərsizləşdirilirlər.

Vəziyyət o yerə çatıb ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Finlandiyada keçirdiyi rəsmi görüşlərdə deyib: "Azərbaycan Dağlıq Qarabağda etnik təmizləmə aparıb". Onun iddiasına görə, guya Azərbaycan tərəfi Dağlıq Qarabağı ermənilərdən təmizləyib.

Bu, yuxarıda qeyd etdiyimiz məsələyə ən bariz nümunədir. Deməli, nə vaxtsa dünyaya erməni yalanları lazım olduğundan, bu kimi cəfəngiyyata inanırdı (təəssüf ki, erməniləri əllərində oyuncaq edənlər hələ də var).

Görəsən, belə bəyanat verən erməni diplomat və onun ictimaiyyəti "Dağlıq Qarabağ və ona bitişik rayonlarda azərbaycanlı qalıbmı" sualına cavab verəndə utanırmı? Yaxud onların belə cəfəng çıxışlarına inanıb, onu əlində bayraq edənlər "yazıq kimsəsiz" ermənilərdən danışanda xəcalət çəkirlərmi? Belə çıxır ki, yox. Əks halda ermənilər onları tarixə yaltaq və simasız kimi həkk edən belə hakimiyyətin və onun havadarlarının yaxasından çoxdan tutub, "oğullarımızı niyə bizə aid olmayan torpaqlarda ölməsinə bais olursuz" - deyərdilər.

Niyə deyə bilmirlər? Çünki ermənilər uydurmaların, yaxud uydurulmuşların əsirinə çevriliblər.

Ermənistan tərəfi ustadlarının tapşırığı ilə yenə Dağlıq Qarabağda "respublika"nın "tanınması" məsələsini gündəliyə çıxarıblar.

Ermənistan hökuməti mayın 5-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasını nəzərdə tutan "Ermənistan və DQR-in təhlükəsizlik təminatının hərbi-siyasi prinsipləri haqqında" qanun layihəsini müzakirə edərək parlamentə göndərib. 

Qeyd edək ki, bu məsələ 2009-cu ilin oktyabr və 2014-cü ilin sentyabr aylarında ölkə parlamentinin müzakirəsinə çıxarılmışdı. Ancaq hər iki müzakirədən sonra sənədin qəbulu təxirə salınmışdı.

Heç şübhəsiz, bu məsələ müzakirə ediləcək, ancaq yenə heç bir addım atılmayacaq. Ermənilərin bu addımı Azərbaycan tərəfinə öz torpaqlarını hərbi yolla azad etmək üçün hər cür fürsət verəcək. 1994-cü ildə imzalanan atəşkəs razılığı ləğv ediləcək, indiyədək qəbul edilən bütün hüquqi sənədlər öz qüvvəsini itirəcək.

Dünyada özünə hörmət edən, ciddi, sanballı heç bir dövlət Ermənistana dəstək verməyəcək.

Rəsmi Yerevan və onu müdafiə edənlər bu addımı Azərbaycana qarşı təzyiq kimi həyata keçirməyə çalışsalar da, ancaq nəticə etibarilə çox gülünc görünür. Hakimiyyət bununla Dağlıq Qarabağdakı erməni icması və Ermənistan əhalisinin başını qatır, onları aldadır.

Serj Sarqsyan hakimiyyəti isə vaxt udmağa çalışır.

Ermənistanın birinci prezidenti sayılan Levon Ter-Petrosyan Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər edib. Orada erməni icmasının başçısı ilə görüşüb.

O, açıqlamasında S.Sarqsyan hakimiyyətinin "şəraitə uyğun doğru-düzgün addım atdığını" söyləyib. Bu da erməni siyasətinin "ağsaqqalı"...

Azərbaycan tərəfi problemin mərhələli həllinin tərəfdarıdır. Əvvəlcə Dağlıq Qarabağa bitişik rayonlar işğaldan azad edilir, onun ardınca Laçın, Şuşanın məsələsi müzakirə olunur. Bundan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin statusuna baxılır.

Levon Ter-Petrosyan bu prosesi dəstəklədiyi üçün Ermənistandakı "Qarabağ erməniləri" tərəfindən istefaya göndərildi. Dağlıq Qarabağın işğaldan azad edilməsinin açarı Moskvada olduğundan belə ehtimal etmək olar ki, onun istefasını da Kreml təşkil edib.

Erməniləri yalanlara inandıranlardan biri də ovaxtkı çar Rusiyası olub...

Bu gün dünyanın bir sıra yerlərindəki münaqişələrdə Rusiyanın da adı çəkilir.

Elə keçmiş SSRİ ərazisindəki 4 ölkədə də Moskvanın iştirak etdiyi münaqişə ocaqları mövcuddur: Ukraynanın şərqində Donbas və Luqansk, həmçinin Krım, Moldovoda Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Dağlıq Qarabağ.

Bunların hamısında Moskva ərazi bütövlüyü pozulan dövlətin deyil, separatçıların tərəfində durur, onları müdafiə edir, həmin qüvvələrin vəkili kimi çıxış edir.

Bu münaqişələr Rusiyaya həmin dövlətlərə təsir etmək, onları öz nüfuz dairəsindən kənara buraxmamaq, bir də geopolitik maraqlarını təmin etmək üçün lazımdır.

Kremlin fəal iştirak etdiyi münaqişə ocağı Suriyadır. Rəsmi Moskva bu ölkədə Bəşşar Əsəd rejimini müdafiə etməkdədir.

Ona görə də Rusiya Azərbaycanın işğal altında olan torpaqlarında da sülhün yaranmasında  maraqlı görünmür. Əks halda Kremlin yürütdüyü "münaqişə yarat, idarə elə" prinsipi öz qüvvəsini itirər.

Onda müdafiə etdiyi tərəflərin də Moskvaya etibarı qalmaz. Belə vəziyyətdə Ermənistandakı və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki ermənilər, Gürcüstandakı Abxaziya və Cənubi Osetiyadakılar, Ukraynanın şərqindəkilər, Moldovadakı Dnestryanıdakılar, Suriyadakı Bəşşar Əsəd və başqaları Rusiyaya arxa çevirər.

Bu baxımdan Rusiya da öz ambisiyalarının quluna çevirilib. Yaratdığı münaqişələri həll etməkdə çətinlik çəkir. Onlardan əlini çəksə, o zaman belələrinin gözündən düşəcəyindən də ehtiyat edir.

Deməli, erməni analarının oğulları Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda Moskvanın hikkəsinin qurbanına çevirilirlər.

Ancaq deyəsən, son illər Ermənistanda da açıq düşünmək istəyənlər, Dağlıq Qarabağın ermənilərə məxsus olmadığını deməyə çalışanlar tapılır.

Bu günlərdə Ermənistan parlamenti sədrinin müavini Ermine Naqdalyan bildirib ki, ölkəsinin Dağlıq Qarabağda heç bir haqqı yoxdur. Düzdür, indi erməni ictimaiyyəti ona qarşı çıxır, hətta E.Naqdalyanın istefasını tələb edənlər də az deyil.

Beləliklə, Ermənistan əhalisinin 200 illik yuxudan ayılması vaxtıdır. "Yazıq, məzlum, kimsəsız erməni" obrazı layihəsi köhnəlib. Ermənistan və havadarlarının işinə yarayacaq yeni layihə və sifətlər axtarılır. Təəssüf ki, erməniləri yenə də aldadırlar. Onlar işğal etdikləri Azərbaycan torpaqlarından çıxmamaqla bunu təsdiqləyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi