Yuxarı

​Dünya erməniləri İsrail və Rusiyanı şantaj edirlər - ŞƏRH

Bununla onlar dünyanı İsrail və Rusiyaya qarşı çıxmağa təhrik edirlər

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində Yerevan tərəfindən atəşkəsin pozulması nəticəsində 2-5 aprel tarixlərində gedən döyüşləri Ermənistan ordusunun uduzduğu geri alınan torpaqlardan da məlumdur.

Ermənistan Müdafiə Nazirliyi hər gün həmin döyüşdə Azərbaycan əsgəri tərəfindən zərərsizləşdirilən silahlılarının yeni-yeni adlarını açıqlayır. Bununla da ölən hərbçilərinin gerçək sayını ölkə ictimaiyyətindən gizlətməyə cəhd göstərir. Ermənistan KİV-in yaydığı son məlumata görə, döyüşdə 80-ə yaxın erməni silahlı zərərsizləşdirilib. Ancaq bunun son nəticə olmayacağı da ötən günlərin təcrübəsindən məlumdur.

Döyüşdəki uğursuzluğunu rəsmi Yerevan Rusiya və İsraili şantaj etməklə ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri bu döyüşü "İsrail və Rusiyanın Azərbaycana silah satdığı üçün uduzduqlarını" bəyan edirlər. Bununla onlar həm də dünya ictimaiyyətinin rəyini çaşdırmağa çalışırlar. Dünya erməniləri, o cümlədən, Cənub Qafqazdakılar bununla bildirir ki, guya Azərbaycana İsrail və Rusiya yardım edir. Başqa sözlə, ermənilər ənənəvi şərləmək əməlinə sadiq qaldığını yenə büruzə verirlər.

Ermənilərin bu sayaq hərəkəti ilə bağlı bir neçə xəbərə diqqət yetirək.

İsraildə çıxan "Haaretz" qəzetinin yazdığına görə, Ermənistanın İsraildəki səfiri Armen Melkonyan ölkə XİN-in Avrasiya İdarəsinin müdiri Dan Oriana yəhudi dövlətinin Azərbaycana silah satmasına dair etiraz notası təqdim edib.

Heç kimə sirr deyil ki, 2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği 1,6 milyard dollar həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb. Həmin sənədlərə əsasən, iki dövlət silah və hərbi texnikanın satışı ilə bağlı əməkdaşlıq edir. Bunu isə tərəflər gizlətmirlər.

Aprelin 14-də İsraildəki erməni icması Qüdsdə Xarici İşlər Nazirliyinin binası qarşısında yəhudi dövlətinin Azərbaycana silah satışına dair etiraz aksiyası keçirməyi planlaşdırır. Həmin aksiyada ermənilər İsrail dövlətindən Azərbaycana silah satışını dayandırmağı tələb edəcəklər.

İsrail dövləti və cəmiyyəti ermənilərin bu kimi hay-küyünü çətin ciddi qəbul etsin. Çünki bu ticarət müqavilələrlə tənzimləndiyindən, ermənilərin hərəkəti yəhudi dövlətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirilə bilər.

Ermənistan hakimiyyəti Yerevanda 52 yaşlı Marina B. adlı İsrail vətəndaşını həbs edib. Erməni KİV-in məlumatına əsasən, həmin israilli vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün 2011-ci ildən axtarışdadır. Ehtimal etmək olar ki, bununla rəsmi Yerevan yəhudi dövlətinə təzyiq edir, yaxud həmin keçmiş məmurun İsrailə təhvil verilməsi qarşlığında nəsə umur.

Ermənistanın baş naziri Ovik Abramyan da Azərbaycana silah satışının dayandırılması ilə bağlı müraciət edib: "Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq onun Azərbaycana silah satmasını xalqımız böyük ürək ağrısı ilə qəbul edir. Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".

Rusiya baş nazirinin müavini Dmitri Roqozin ermənilərə cavab olaraq bildirib: "Rusiya Azərbaycana öz strateji tərəfdaşı olaraq, müqavilələrə əsasən, silah tədarükünü davam etdirəcək".

Qeyd edək ki, 2015-ci ilin əvvəllərində Rusiya Azərbaycana "T-90 C" tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksport” şirkəti 2010-cu ildə bağlanmış sazişə uyğun olaraq, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılmasının təmin ediləcəyini bildirmişdi.

Rusiyanın Ermənistana hərtərəfli, o cümlədən hərbi sahədə yardım etdiyi də hər kəsə məlumdur. Hələ 5-10 il öncə Rusiyanın Ermənistana bir milyard dollarlıq silah-sursat verdiyi barədə xəbərlər yayılmışdı. Bu yaxınlarda isə Moskva Yerevana silah almaq üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.

Rusiyanın Ermənistan ərazisində, Gümrüdə hərbi bazası var. Bu ölkənin bütün hərbi texnikası və avadanlığı Rusiyadan gətirilir. Ən təəssüfləndirici isə budur ki, Moskva ilə Yerevan arasındakı hərbi əməkdaşlıq şəffaf deyil. Bölgədə sabitliyin və təhlükəsizliyin təmin olmasında maraqlı olan beynəlxalq ictimaiyyətin bu məsələyə diqqəti yetirməsi vacib məsələlərdən sayıla bilər.

Ümumiyyətlə, ötən ilin yayında Yerevanda elektrik enerjisinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasında Ermənistan ictimaiyyətinin Rusiyaya münasibəti özünü büruzə verdi. Moskva Cənub Qafqazdakı ermənilərə nə qədər yardım etsə də, onlar bunun az olduğunu bildirirlər. Bu, ötənilki aksiyada da özünü göstərdi. Ermənilərlə Rusiyanın münasibətində kimin kimə borclu olduğu da məlumdur. Qısaca qeyd edək ki, ruslar erməniləri Qafqazda yerləşdirib və onlara dövlət belə qurub.

Aksiya zamanı etirazçıların Rusiya əleyhinə şüarlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta iş o yerə çatmışdı ki, aksiyaçılar Rusiyanın Ermənistan ərazisindəki çoxsaylı bazalarını "işğalçı" adlandırmışdılar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və başqa strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu bildirmişdilər.

Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibiyik!" şüarının yazıldığı plakatlar tutmuşdular. Etirazçılar rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbini də irəli sürmüşdülər.

Aprelin 13-də Moskvanın Yerevandakı səfirliyinin binası qarşısında Rusiyanın Azərbaycana silah satışını dayandırması tələbi ilə aksiya keçirilib. Aksiya iştirakçıları ötən ilin yayında olduğu kimi Rusiyanı "işğalçı" adlandıraraq, ölkədən çıxması haqda şüarlar söyləyiblər.

Beləliklə, Ermənistan, yaxud dünyadakı erməni lobbisi və diasporu Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etməsi faktını beynəlxalq ictimaiyyətdən gizlətmək, döyüşdə uğursuzluğunu ört-basdır etmək, habelə yenidən özünü yazıq göstərmək məqsədilə bu şantaja əl atıb. Erməni xislətinə yaxşı bələd olduğumuzdan deyə bilərik ki, bununla onlar dünyanı İsrail və Rusiyaya qarşı çıxmağa təhrik edərək, sanki belə demək istəyir: "Yazıq erməniləri Azərbaycan (bu məqamda bir az ağlayıb, daha təsiredici və inandırcı olsun deyə, Azərbaycan sözünü müsəlmanlarla da əvəz edirlər) yəhudilərin və rusların silahı ilə qırır. Dünya isə susur". Burada mütləq acı bir gülüş işarəsi də qoymaq lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi