Prezidentin Qarabağla bağlı açıqlaması - dünyaya ismarış

Prezidentin Qarabağla bağlı açıqlaması - dünyaya ismarış Əvvəlki status-kvo və təmas xəttinin mövcud olmadığını deyən dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.
Analitika
10304
23 Oktyabr , 2020 15:39
Prezidentin Qarabağla bağlı açıqlaması - dünyaya ismarış

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı həqiqətləri dünya mediasına açıqlamaqda davam edir. Ötən günlərdə dövlət başçısı Türkiyənin TRT və “Ahaber” telekanalları, “HaberTurk” agentliyi, Rusiyanın TASS agentliyi, “Rossia24” telekanalı, Fransanın “France24” və Qətərin “Əl-Cəzirə” telekanallarına müsahibə verib.

İlham Əliyev oktyabrın 21-də isə Yaponiyanın məşhur “Nikkei” qəzetinə müsahibəsində əks-hücum əməliyyatı, Dağlıq Qarabağın gələcəyi, danışıqların perspektivi və s. məsələlərdən danışıb. Qeyd edək ki, “Nikkei” dünyanın ən qədim media qurumlarındandır. O, 1876-cı ildən çap olunmağa başlayıb. Dünyanın ən iri gündəlik maliyyə qəzetidir. Qzetin 3 milyondan çox abunəçisi var. 2015-ci il noyabrın 30-dan “Nikkei” Britaniyada çıxan “Financial Times” qəzetinin də rəsmi sahibidir.

Deməli, dövlət başçısı dünyanın bu media nəhənginə müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoyub. Prezident Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu ərazilərdən çıxmaq istəmədiyini, bu azmış kimi, həmin bölgələrdə möhkəmlənməyə başladığını da qeyd edib. İlham Əliyev danışıqlara başlamağın şərtlərindən də danışıb. Dövlət başçısı bildirib ki, ilk növbədə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Əvvəlki status-kvo və təmas xəttinin mövcud olmadığını deyən Prezident deyib ki, Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.

Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Ancaq bu danışıq və görüşlər torpaqların işğaldan azad olunmasına yardım etməyib. Əksinə, döyüşlər zamanı məlum oldu ki, həmin torpaqlarda Ermənistan istehkamlar qurub və möhkəmlənib. Bu ərazilərdə, demək olar ki, dinc sakinlər yaşamayıb. Ermənistan işğal altında saxladığı torpaqlar vasitəsilə Azərbaycana təzyiq göstərib və ölkəmizi təhdid edib. İşğal faktı bütövlükdə bölgənin təhlükəsizliyinin təhdid mənbəyi olub. Ermənistan özünü Cənubi Qafqazda jandarm və ya kənar qüvvənin güclü aləti rolunda aparıb. O, beynəlxaq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik edib. Azərbaycan əks-hücum əməliyyatı ilə işğalçı dövlətə bütün bunlara hörmətlə yanaşmağı öyrədir. Habelə bölgəni bu faşist düşüncədən xilas edir. Çünki bu düşüncənin daşıyıcıları olan ermənilər qonşu dövlətlərin hamısına - Türkiyə, Gürücüstan və İrana da ərazi iddiası ilə çıxış edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin indiki mərhələdə diplomatik yolla həllinin mümkünsüzlüyünü söyləməklə, əslində, döyüşlərin davam etməsinin anonsunu vermişdi. Bu həm də işğalçı dövlət üçün danışıqların heç bir mənasının olmaması deməkdir. Prezident də müsahibəsində Ermənistanın tutduğu mövqeyə əsaslanaraq bildirib ki, bu hökumətlə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasızlaşdırır. Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistan torpaqları işğal altında saxladığı müddətdə konstruktiv mövqedən heç vaxt çıxış etməyib. 27 il boyunca onun hədəfi Azərbaycan torpaqlarını işğal altında saxlamaq olub. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra vəziyyəti daha da mürəkkəbləşdirdi. O, separatçıların tərəf kimi çıxış etməsi təklifini irəli sürdü. Bu, danışıqları pozmaq və Azərbaycanı açıq-aşkar təxribata təhrik etmək idi.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident müsahibəsində Ermənistanın dinc əhaliyə ballistik raketlə hücum etməsi faktlarını da vurğulayıb. Bununla da işğalçı ölkə üçün danışıqlar, atəşkəsin mənasız olduğu nəzərə çatdırılıb. İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var. Azərbaycan Prezidenti indiki hadisələrdə Türkiyənin tutduğu ədalətli mövqeyi də qəzetin oxucularının diqqətinə çatdırıb. Dövlət başçısı deyib ki, Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Prezident İlham Əliyev bildirib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur. Qeyd edək ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. O, Rusiyadan fərqli olaraq Cənubi Qafqazın üç dövləti ilə həmsərhəddir. Deməli, Türkiyə regional əməkdaşlığın, əlaqələrin və münasibətlərin inkişaf etməsi, təhlükəsizliyin təmini baxımından bölgədə sabitliyin olmasında daha çox maraqlıdır. Beynəlxalq aləmdə nüfuzu və sadaladığımız amillər də daxil olmaqla Türkiyənin proseslərdə iştirak etməyə tam hüququ var.

Qarabağdakı erməni icmasının üzvləri Azərbaycan vətəndaşlarıdır. Prezident müsahibəsində onların təhlükəsizliyi, hüquqlarının Azərbaycanın başqa vətəndaşlarının hüquqları kimi tam təmin olunacağını bildirib. Heç kimə sirr deyil ki, Azərbaycanda başqa etnik qrupların nümayəndələrinin hüquqları təmin edilir. Onlar Azərbaycan Respublikasının tam bərabərhüquqlu vətəndaşlarıdır. Onların milli mədəniyyətinin inkişafına dövlət davamlı olaraq qayğı göstərir. Ermənilərin apardığı etnik təmizləmə nəticəsində Ermənistanda demək olar ki, başqa etnosun nümayəndələri yoxdur. Onlar fərqli mədəniyyətlərin nümunələrini, o cümlədən Azərbaycana aid olan tarixi-mədəni abidələri ya dağıdıb, ya da özününküləşdiriblər. Qarabağda, Ermənistan ərazisində olan alban kilsələrinin erməniləşdirilməsi, məscidlərin dağıdılması və s. buna misal göstərmək olar. Prezident müsahibəsində bu məsələyə də toxunub.

İlham Əliyev
İlham Əliyev

Dövlət başçısı ermənilərin Dağlıq Qarabağda referendum keçirməsi və öz müqəddəratını təyinetmə məsələsinə də aydınlıq gətirib: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var.Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

Beləliklə, Prezident İlham Əliyev bu müsahibəsi ilə Azərbaycanın məsələyə dair mövqeyini, beynəlxalq vasitəçilərə ismarışını, habelə bölgənin perspektivini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi