Yuxarı
    Bağlamaq

    Donald Trampın hədəsi - müttəfiqlər hədəfdə - ŞƏRH

    Bu hədənin ABŞ-ın dostları tərəfindən cavabsız qalmayacağına inanmaq istəyirik

    Bakı. 21 dekabr. REPORT.AZ/ Əmir Teymur deyirdi ki, Allah tək olduğu kimi, onun yer üzündə kölgəsi də bir olmalıdır. Bu, dünyaya ağalıq edən türk sultanının yürütdüyü siyasətin əsas prinsiplərindən biri idi. 1991-ci il dekabrın 30-dək Əmir Teymurun dili ilə desək, dünyada iki belə kölgə var idi: ABŞ və SSRİ. O zamanlar bütün beynəlxalq təşkilatlarda da iki blok arasında mübarizə gedirdi. Düzdür, bəziləri nə Qərb, nə də Şərq deməyib üçüncü yolu tutmağa çalışırdı, ancaq son nəticədə ya ABŞ-ın, ya da SSRİ-nin təsiri altına düşməkdən başqa yol da qalmırdı. Lakin indi dünya təkqütblüdür və ona ABŞ başçılıq edir. Bu qütbün ətrafında mövqeləri üst-üstə düşən çoxlu dövlət var, ancaq bu bloklaşma da 26 il əvvəlki bloka oxşamır. Burada öz maraq və mövqelərini ön plana çıxaran, onun müdafiəsi üçün əlindən gələni edənlər də mövcuddur. 

    Bu girişi ABŞ prezidenti Donald Trampın dekabrın 20-də Bakı vaxti ilə gecə saatlarında BMT-nin Qüdslə bağlı qərarını dəstəkləyən ölkələrə Vaşinqtonun maliyyə yardımının dayandırılacağı ilə bağlı təhdidinə görə etdik. Ancaq yazıda bu təhdidin ətrafındakı başqa mətləblərə də toxunacağıq.

    Bu gün Bakı vaxtı ilə gecə saatlarında BMT Baş Assambleyasının xüsusi sessiyasında Qüds üzrə qətnamə layihəsi müzakirə olunacaq. Bundan iki gün əvvəl isə BMT Təhlükəsizlik Şurasında məsələ müzakirə edilib. Şuranın 15 üzvündən 14-ü Qüdsün bütövlükdə İsrailin paytaxtı olması ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarın əleyhinə səs verib. Həmin toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, qətnamənin əleyhinə səs verən dövlətlərin adlarını öz dəftərçəsində qeyd edir. O, bu qətnaməni öz dövləti üçün “təhqiredici” adlandırıb. N.Heyli ABŞ prezidenti Donald Trampın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarının BMT-nin məsələ ilə bağlı qətnamələrinə “tamamilə uyğun olduğunu” söyləyib. O, bu qərarı ABŞ-ın “suveren hüququ” adlandırıb. N.Heyli BMT-yə üzv olan 193 ölkədən 180-nin təmsilçilərinin elektron ünvanlarına məktub göndərərək xəbərdarlıq da edib: “Səs verərkən bunun ABŞ-ın şəxsi məsələsi olduğunu düşünməyinizi istəyirəm. Prezident (Donald Trampı nəzərdə tutur - S.İ.) səsverməni şəxsən izləyəcək. O, məndən bizə qarşı səs verən dövlətlərin adlarını istədi. Ona görə də bütün səsləri qeydə alacağıq”.

    Qeyd edək ki, İsrail 1980-ci ildə Qüdsün şərq və qərb hissələrini də birləşdirməklə şəhəri bütövlükdə yəhudi dövlətinin paytaxtı elan edib. Ancaq BMT Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsi ilə İsrailin qərarını qəbuledilməz sayıb.

    Ötən gün D.Tramp Ağ evdə çıxışı zamanı Nikki Heylinin çıxışını dəstəklədiyini vurğulayıb: “Onlar bizim pulu götürüb bizə qarşı səs verirlər. Onlar yüz milyonlarla, hətta milyardlarla dollar vəsait alırlar, sonra isə bizə qarşı səs verirlər. Biz bu səsləri görürük".

    O, həmin dövlətlərə maliyyə yardımını kəsərək ABŞ-ın belə halda daha çox qənaət edə biləcəyini qeyd edib. ABŞ bütün göstəriciləri ilə təkqütblü dünyaya başçılıq etmək imkanına malikdir. Bu dövlətin büdcəsinə nəzər salmaq onun qüdrətini göstərər. ABŞ-ın 2018-ci il üçün büdcə xərcləri 3,165 trln. dollar, gəlirləri 2,67 trln. dollar, büdcə kəsiri isə 495 mlrd. dollar həcmində nəzərdə tutulub. 2027-ci ilə qədər ABŞ-da büdcə kəsirinin aradan qaldırılması planlaşdırılır. 2018-ci il üçün ABŞ-ın borclanma limiti 21,06 trln. dollara yüksəldilib. Borc limitinin 2027-ci ilə qədər tədricən artması və 23,48 trln. dollara çatması gözlənilir. Yaxın on ildə ABŞ dövlət büdcəsinin 20 faiz artaraq 3,8 trln. dollara çatdırılması planlaşdırılır.

    Bundan başqa, ABŞ-ın Müdafiə Nazirliyi gələn il İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan "YPG"yə 500 milyon dollarlıq silah-sursat, hərbi texnika və avtomobil verəcək. Pentaqon ABŞ hərbi təlimçilərinin hazırladığı "YPG" silahlılarının hər birini 200-400 dollar məbləğində maaşla təmin edəcək. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bölgədə ABŞ-ın 25 min silahlısı var. Bura Pentaqon hərbçiləri, ABŞ-ın dəstək verdiyi silahlılar və s. daxildir. 2018-ci ildə onların sayının daha 5 min nəfər artırılması nəzərdə tutulub. Ümumiyyətlə, gələn il ABŞ Müdafiə Nazirliyinin büdcəsi ötənilki ilə müqayisədə 74 milyard dollar artaraq 692,1 milyard dollar olacaq.

    ABŞ həm də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. İşğal altında saxlanılan Azərbaycan torpaqlarının azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmçinin sənədlərdə Ermənistanın qeyd-şərtsiz olaraq həmin torpaqlardan çıxması tələb olunur. Ancaq BMT-nin qətnamələrinə 25 ildir əməl edilmir.

    Dekabrın 20-də BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə qəbul edilib. 70 ölkə bu qətnamənin lehinə, 26 dövlətin nümayəndəsi əleyhinə səs verib. Sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir. Rusiya da həmin qətnamədə işğalçı olaraq tanınır. Yeri gəlmişkən, Ermənistan bu qətnamənin əleyhinə səs verənlərdəndir. Ümumiyyətlə, BMT-dəUkraynanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tutan qətnamənin qəbulu ilk dəfə deyil. Ancaq istər Dağlıq Qarabağın işğaldan azad olunması, istərsə də başqa dövlətlərin haqlarının müdafiə edilməsi ilə bağlı qəbul edilən qətnamələr elə kağız olaraq da qalır. Başqa sözlə, onu qəbul edən dövlətlər öz imzalarına və beynəlxalq hüquqa hörmət etmirlər. Elə ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanıması haqda qərarı da bu qəbildən olan davranışlardandır. Bu azmış kimi, Donald Tramp məsələ ilə bağlı qəbul etdiyi qərara qarşı çıxanları da hədələyib.

    ABŞ-ın Fələstin məsələsi ilə bağlı BMT-də belə uğrusuzluqla üzləşməsi ilk dəfə deyil. 2009-cu ildə İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatları pisləyən qətnamənin lehinə 114 ölkə səs vermişdi. ABŞ və daha 18 dövlət isə həmin sənədin əleyhinə səs vermişdi. 2015-ci il noyabrın 23-də İsrailin Fələstin torpaqlarının işğalına son verməsi haqqında qərar qəbul olundu. Bu sənəddə də oxşar mənzərə yarandı. 170 dövlət sənədin lehinə, ABŞ və İsraillə yanaşı, 6 ölkə isə əleyhinə səs vermişdi. 4 dövlət tərəfsiz qalmış, qalanları isə səs verməyə qatılmamışdı. BMT Baş Assambleyasınıda Almaniya, Fransa, Britaniya və Çexiya ABŞ-la bir dəfə eyni mövqedə olub, 12 dəfə əleyhinə səs veriblər. Bu 4 ölkədən başqa, 7 qətnamədə Avstriya ABŞ və İsraillə eyni mövqedən çıxış edib. Almaniya və Britaniya kimi, Avropanın aparıcı dövlətləri də 17 dəfə səsvermədə ABŞ-la eyni mövqeədən çıxış etməyib. Odur ki, Donald Trampın Qüdslə bağlı qərarına BMT-nin qətnamələri baxımından yanaşsaq, onun elə ciddi təsiredici gücə malik olmadığını deyə bilərik. Bu baxımdan Donald Trampın məsələyə belə münasibəti həm də Avropadakı müttəfiqlərinin hədələnməsi kimi qəbul oluna bilər. Qeyd edək ki, dekabrın 15-də Avropa İttifaqının Qüdslə bağlı sammiti olub. Həmin Zirvə toplantısında məsələ ilə bağlı əvvəllər qəbul olunan qərarın dəyişməz olduğu vurğulanıb. Başqa sözlə, Avropa İttifaqı Qüdsün şərqinin Fələstinin paytaxtı olaraq tanıyır. Onda belə çıxır ki, Donald Tramp Avropa İttifaqına üzv dövlətlərin də maliyyə yardımını kəsəcək. Hadisələrdən və qəbul olunan qərarlardan çıxan nəticəyə əsasən demək olar ki, Qüdslə bağlı məsələni təkcə müsəlman dövlətləri müdafiə etmir. ABŞ sanksiyasına məruz qalan Rusiya da illər əvvəl Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyıb. Donald Trampın qəbul etdiyi qərar və sonradan onu müdafiə məqsədilə etdiyi çıxış ilk növbədə qərbli müttəfiqlərinə qarşıdır, onları hədəfə alıb.

    Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında müzakirə edilmiş qətnamə layihəsini yenə ABŞ-ın Orta Şərqdəki ən yaxın müttəfiqi Misir hazırlayıb. Beləliklə, ABŞ prezidentinin məlum bəyanatı təkqütblü dünyanın da şərti olduğunu təsdiqlədi. Maliyyə yardımlarının isə siyasi maraqlara xidmət etdiyini sübuta yetirdi. Bir daha təsdiqləndi ki, maliyyə-iqtisadi asılılıq boğazdan ələ keçməkdir. Donald Trampın çıxışından belə çıxır ki, ABŞ həmin maliyyə yardımını öz mövqeyini qəbul etdirmək məqsədilə başqa dövlətlərin mövqeyini satın almaq üçün edir. Odur ki, hadisələr belə davam edərsə, tək qütbdə də çatlar yarana bilər. Bu zaman müttəfiqliyin daha çox regional xarakter alacağı ehtimalı da az deyil.

    Beləliklə, Əmir Teymurun zamanından 6 əsr keçib və dövlətlər “dünyanın Allahın kölgəsi” ilə idarə olunması prinsipindən çoxdan imtina ediblər. Bunun üçün beynəlxalq hüquq, müstəqil dövlətlər, müttəfiqlik, bir-birinin qərarına və suveren hüquqlarına hörmət və başqa bu kimi prinsiplər yaranıb. İndiki qüdrətli ABŞ Əmir Teymurun qadir imperiyasından müqayisəolunmaz dərəcədə fərqlidir. Donald Trampın hədəsinin də, heç şübhəsiz, ABŞ-ın dostları tərəfindən cavabsız qalmayacağına inanmaq istəyirik.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi