Avropa Parlamentinin Azərbaycan qərəzi və bölgədə yeni təxribatlar yaratmaq cəhdi - ŞƏRH

Avropa Parlamentinin Azərbaycan qərəzi və bölgədə yeni təxribatlar yaratmaq cəhdi - ŞƏRH Martın 14-də Avropa Parlamenti (AP) növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçı
Analitika
13 Mart , 2023 15:42
Avropa Parlamentinin Azərbaycan qərəzi və bölgədə yeni təxribatlar yaratmaq cəhdi - ŞƏRH

Martın 14-də Avropa Parlamenti (AP) növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar yer alıb. Birincisi, onu deyək ki, hərbi təcavüzlə bağlı iddialar tamamilə absurddur. Özgə torpaqlarını otuz il işğal altında saxlayan Ermənistan olub, Azərbaycan yox. Azərbaycan 44 günlük ədalətli müharibə ilə torpaqlarını işğaldan azad edib. İkincisi, Laçın yolunun blokadada olmaması artıq təsdiqlənmiş faktdır. Azərbaycanlı ekofəalların aksiyası tamamilə legitimdir. Dəfələrlə bəyan edildiyi kimi, aksiyaçıların tələbi ekoloji terrora son qoyulmasıdır.

Sual yaranır: əgər Laçın yolu blokadadırsa, onda humanitar təyinatlı maşınlar necə Xankəndiyə gedirlər? Yaxud da necə olur ki, ermənilər Qarabağa silah daşımağa cəhd edirlər?! Ermənilər və beynəlxalq ictimaiyyət bu suallar barədə düşünməlidir.

Qərəzli qətnamə layihəsində, eyni zamanda “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi sözlər əksini tapıb. Minsk qrupu artıq yoxdur. Bunu nəinki Azərbaycan, vaxtilə həmsədrlərdən biri olan Rusiya da etiraf edib. Əgər Minsk qrupu sağlam, ədalətli qurum olsa idi, otuz il ərzində Ermənistan – Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə töhfə verərdi. “Status” və “Dağlıq Qarabağ” kimi ifadələr isə İkinci Qarabağ müharibəsi nəticəsində yaranan yeni reallıqlardan sonra tarixə qovuşdu. Bu ifadələr artıq nəinki siyasi termin kimi istifadə olunmur, işlək lüğətdən də çıxarılır.

Təkcə yuxarıda sadaladıqlarımız Avropa Parlamentinin sözügedən qətnaməsinin qərəzli olduğunu demək üçün şübhə yeri qoymur. Ümumiyyətlə, bu qurumun Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Avropa Parlamentinin müntəzəm olaraq həyata keçirdiyi anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Görünür, rəsmi Bakının uğurlu xarici siyasət kursu, o cümlədən bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi bəzi qurumlarda olduğu kimi, Avropa Parlamentində də qısqanclıq yaradır.

Şübhəsiz ki, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən Avropa Parlamentinin bir sıra deputatları, irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır. Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. Bu isə həmin qurumun məsələlərə ikili standartlardan yanaşmasının ən bariz təzahürüdür.

Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti niyə susurdu?!

2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin niyə yadına düşmür? Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti niyə Ermənistanı hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini azad etməyə çağırmır? Avropa Parlamentinin deputatları bu suallar barədə düşünməlidirlər... Amma düşünməyə başlamazdan əvvəl əllərini vicdanlarına qoymağı unutmamalıdırlar.

Əlbəttə, belə ikili yanaşmalar Avropa Parlamentini beynəlxalq qurum kimi gözdən salır.

Unutmaq olmaz ki, Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. Bu isə o deməkdir ki, Avropa Parlamenti Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı deyil. Əksinə, erməniləri stimullaşdırmaqla regionda gərginliyin davam etməsinə çalışır. Bu da Avropa Parlamentinin iç üzünü ortaya qoyur.

Avropa Parlamentinin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə bütövlükdə ziddir. Qurumun atdığı addımlar, verdiyi bəyanatlar İrəvanla Bakı arasında normallaşma əlaqələrinə də mane olur. Deməli, regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən Avropa Parlamenti olacaq. Hətta son günlər ermənilərin davam etdirdiyi təxribatlarından bir neçə gün sonra Avropa Parlamentinin belə bir qətnamə qəbul etməyə hazırlaşmasını təsadüfi hesab etmək olmaz.

Əlbəttə, Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, keçən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun, eləcə də dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək.

Bu qeyri-obyektiv qətnamələr Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Halbuki, işğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunmuşdur. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək təhqir olunub.

Avropa Parlamenti məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq naminə qəbul etdiyi sənədlərlə özünü nüfuzdan salıb, qeyri-ciddi rol oynayır. Avropa Parlamenti belə qızışdırıcı siyasəti ilə lüzumsuz yerə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə çalışır. Ermənistanı açıq şəkildə dəstəkləyən və regionda rəsmi İrəvanın xeyrinə güc balansını dəyişməyə çalışan AP, qətnamə layihəsində Türkiyəni regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır.

Bunlar isə yuxarıda qeyd etdiyimiz məqamı - Avropa Parlamentinin bölgədəki sülh gündəliyindən uzaq olduğunu göstərir.

Aİ missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən Avropa Parlamenti qarşı tərəfdən fərqli olaraq bizim müstəqil dövlət olduğumuzu, öz taleyimizi özümüzün həll etdiyimizi unutmamalıdır. Bu isə o deməkdir ki, AP-ın qətnamələri ilə bizə bir şey olası deyil. Rəsmi Bakı bütün maneələrə rəğmən, öz maraqlarını təmin etməyə qadirdir. Biz bunu dəfələrlə sübut etmişik. Olan ancaq qərəzli tərəflərə, o cümlədən Avropa Parlamentinə olacaq.

Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cür barışa bilməyən Avropa Parlamentinin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir. Bu göstərir ki, Avropa Parlamenti nəinki ədalətdən, vicdandan, hətta insani və əxlaqi dəyərlərdən də uzaqdır. Belə bir qurumdan isə siyasət gözləməyə dəyməz. Əxlaqı olmayandan necə siyasət gözləyəsən?!

Son xəbərlər

Orphus sistemi