Deputatlar əfv sərəncamından danışır - RƏYLƏR

Deputatlar əfv sərəncamından danışır - RƏYLƏR Dünən - aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Analitika
7 Aprel , 2020 12:26
Deputatlar əfv sərəncamından danışır - RƏYLƏR

Dünən - aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Bu gündən isə Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Məsələnin aktuallığını nəzərə alaraq “Report” Milli Məclisin bir neçə deputatından əfv sərəncamı ilə bağlı açıqlama alıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Report”a açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən dünən – aprelin 6-da imzaladığı əfv sərəncamı ilk deyil:

Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

“Belə ki, humanist və sosialyönümlü qərarların qəbulu bir tərəfdən cənab Prezidentin həyata keçirdiyi siyasətin təməl prinsipidirsə, digər tərəfdən müntəzəm olaraq belə qərarların,sərəncamların qəbul edilməsi artıq ictimaiyyətin inandığı, güvəndiyi və etimad göstərdiyi liderindən ənənəvi gözləntiləridir. Həqiqətən də insanların həyatının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin idarəçilik üslubudur”.

Komitə sədrinin müavini qeyd edib ki, dünyada insanların qlobal təhlükə olan koronavirusla üzləşdiyi, bir çox ölkələrdə insanların təlaş və təşviş içində olduğu məqamda ölkəmizdə 176 nəfər məhkumun cəzasının bağışlanaraq azadlığına qovuşmasını təmin edən ölkə rəhbərinin addımları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir:

“Sözsüz ki, bu ərəfədə belə bir əfv sərəncamının verilməsi 176 ailənin sıxıntılı dönəmlərində onlara sevinc bəxş edilməsi humanizm nöqteyi-nəzərdən çox təqdirəlayiqdir. Qeyd etmək istərdim ki, ümumiyyətlə ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, möhtərəm Prezidentimizin bu sahədə onun humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə bildirib ki, Prezident İlham Əliyevin dünən-aprelin 6-da imzaladığı əfv sərəncamı koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub:

Cavid Osmanov
Cavid Osmanov

“Ölkə başçısının sərəncamına əsasən, ümumilikdə 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Cənab Prezidentin əfv sərəncamı ölkəmizdə ilk dəfə deyil ki, imzalanır. Ölkə başçısı hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayır. Bu sərəncam da ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu”.

Deputat deyib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb:

“Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir. Ancaq əlbəttə, bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyyilənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə bildirib ki, bu gün bəşəriyyət, böyük bir fəlakətlə, koronavirus (COVID-19) infeksiyası ilə üz-üzədir:

“Təəssüflər olsun ki, qlobal pandemiya Azərbaycandan yan keçmədi. Dövlətimizin prosesin başlanğıcında bu məsələyə ciddi yanaşması, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Belə bir çətin vaxtda koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmadı. Ölkə başçımız dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əfv sərəncamına imza atdı. Sərəncamına əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu”.

Naqif Həmzəyev
Naqif Həmzəyev

Deputat xatırladıb ki, ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı: “Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır. Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, adətən ölkəmizdə əlamətdar tarixi günlərdən, bayramlardan əvvəl Prezident İlham Əliyevin humanizm siyasətini təsdiqləyən əfv sərəncamları imzalanır, müəyyən səbəblər üzündən cinayət törədərək, azdlıqdan məhrum olan insanlar azadlıqlarına qovuşardılar: “Bu dəfə fərqli vaxtda – koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən əfv sərəncamı imzalandı. Dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və ailə üzvlərinin əfv haqqında müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu. Belə bir çətin vaxtda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrildi”.

Pərvin Kərimzadə
Pərvin Kərimzadə

Deputat qeyd edib ki, Prezident İlham Əliyev imzaladığı sərəncam cinayət törətmiş şəxslərə qarşı humanizm addım olmaqla yanaşı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi: “Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi”.

Son xəbərlər

Orphus sistemi