Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağ cəbhəsində köhnə hava: havadarları erməniləri yenə oynadır - ŞƏRH

    Bu təzyiq metodu köhnəlsə də, ermənilərdən Azərbaycana qarşı hələ də istifadə edirlər

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ermənilər yenə atəşkəsi pozaraq təxribat törədiblər.

    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

    Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.

    Nazirlikdən bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev döyüşlə bağlı bildirib ki, bu, fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qanunsuz “referendum” kimi siyasi təxribatların davamıdır.

    O vurğulayıb ki, cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır və buna görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

    İşğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasında, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin, eləcə də digər mənbələrin məlumatına əsasən, fevralın 25-də təmas xəttində itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub. Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların cəsədlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.

    Şəhid olan Azərbaycan hərbçilərinin meyitləri hələ də döyüş meydanından çıxarılmayıb. Müdafiə Nazirliyi bildirib ki, şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

    Deməli, ermənilərin, vasitəçilərin və humanitar təşkilatların yenə oxşar davranışını müşahidə etməli olduq. ATƏT və vasitəçilər Azərbaycan torpaqlarının işğaldan azad edilməməsindən deyil, atəşkəsin pozulmasından narahatlığını ifadə edir. Halbuki atəşkəsin pozulması və cəbhədə gərginliyin artmasına başlıca səbəb Azərbaycan torpaqlarının işğal altında qalmasıdır.

    Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə başğlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin mövqeyini möhkəmləndirir. Təəssüf ki, beynəlxalq vasitəçilər indiyədək bu sənədlərin adlarını belə çəkmirlər.

    Sergey Lavrov və Edvard Nalbandyan

    Fevralın 22-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

    Görüşdən əvvəl XİN başçıları Rusiya və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışına qatılıblar.

    Yeri gəlmişkən, həmin gün ermənilər Xankəndinin (onların təbirincə desək, Stepanakertin) “mühasirədən qurtulmasının 25 illiyi"ni qeyd ediblər.

    S.Lavrov görüşdən sonra bildirib ki, Rusiya son illər Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin rəhbərliyinin iştirakı ilə imzalanan sənədlərə tam uyğun olaraq münaqişənin məqbul həllini tapmağı davam etdirməyin tərəfdarıdır: “Mən bütövlükdə danışıqların bizim müttəfiqlik münasibətlərimizin inkişafına gələcəkdə yardım edəcəyinə əminəm”.

    Rusiya XİN başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin formatına alternativ mövcud deyil.

    Rusiya da daxil olmaqla vasitəçilərin bəyanatlarında indiyədək heç vaxt Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı səslənməyib. S.Lavrov müttəfiqlikdən danışsa da, fevralın 20-də Dağlıq Qarabağda ermənilərin keçirdiyi “referendum"a münasibət bildirməyib. Axı, ermənilərin bu kimi hərəkəti bölgədə vəziyyətin gərginləşməsinə səbəb olan amillərdən biridir.

    Vasitəçilər bir çox hallarda Dağlıq Qarabağ məsələsi ilə bağlı elə davranır ki, sanki Azərbaycan torpaqlarının işğalında Ermənistanın heç bir günahı yoxdur və onlar ayrı bir dövlətdir. Halbuki Dağlıq Qarabağın işğalından tutmuş fevralın 24-dən 25-nə keçən gecə baş verən hadisələrədək hamısının arxasında Yerevan və onun havadarları durur.

    Əks halda Xocalı soyqırımının 25-ci ildönümü anıldığı ərəfədə ermənilər atəşkəsi pozmağa cəhd göstərməzdi. Başqa sözlə, Ermənistanı o qədər arxayın salıblar ki, hətta Azərbaycanın hüzn günündə də atəşkəs rejimini belə pozmağa cürət edirlər.

    Ona görə də E.Nalbandyanın Moskva səfəri ilə cəbhə xəttində ötən həftə baş verən atışma arasında bir bağlılığın olduğu ehtimal etmək olar. Belə bir bağlılığın olmamasına özümüzü inandırmağa çalışsaq da, təəssüf ki, bu ehtimalı irəli sürməyə bilmirik.

    Fevralın 23-də Sovet Rusiyası ordusunun yaranması günü münasibətilə keçirilən tədbirdə Ermənistanın müdafiə naziri Vigen Sarqsyanın etdiyi çıxış da buna nümunə ola bilər: “Əminəm ki, təhlükəsizlik sahəsində bizim (Rusiya və Ermənistanı nəzərdə tutur - S.İsmayılov) sıx qarşılıqlı əməkdaşlığımız gələcəkdə də möhkəm və məhsuldar olacaq”.

    Ermənistan ordusu, cəmiyyəti, onların havadarları ötən ilki aprel döyüşlərində məyus oldular. Bundan sonra işğalçı ölkənin siyasi və hərbi hakimiyyətində ciddi dəyişikliklər baş verdi. Bu ilin aprelində isə Ermənistanda parlament seçkilərinin keçirilməsi planlaşdırılıb. Odur ki, parlament seçkilərində qalib gəlmək üçün həm ölkədəki mövcud hakimiyyətin, həm də Ermənistanın havadarlarının ölkədə azalmaqda olan nüfuzunu Dağlıq Qarabağdakı təxribatların hesabına artırmağa çalşırlar. Havadarları Dağlıq Qarabağdakı erməniləri güc olaraq təqdim etməyə cəhd göstərirlər. Bununla bağlı Ermənistanda artıq fikirlər səslənməyə başlayıb. Ancaq Dağlıq Qarabağda terrorçu-separatçıların hansı qüvvələrin hesabına yaşadığı heç kimə sirr deyil.

    Beləliklə, ötən iki günlük döyüşlər Azərbaycanın haqlı olduğunu bir daha göstərdi. Dağlıq Qarabağın işğalında maraqlı olan və münaqişənin həllinə imkan verməyən dairələrin ünvanı bir daha təsdiqləndi. O da məlum oldu ki, münaqişənin həllində vasitəçilik edənlər sadəcə bəyanat verib baş qatmaqla məşğuldurlar. Münaqişənin həlli ilə bağlı başqa alternativin yaranmasına isə maneə də məhz onların özlərinin olduğu açıq-aşkar göründü. Münaqişəni istədikləri şəkildə idarə etdiklərindən, onun uzanmasında maraqlı olduqlarından həmin qüvvələr zaman-zaman alternativin yaranmasını əngəlləyirlər. Bu təzyiq metodu köhnəlsə də, ermənilərdən Azərbaycana qarşı hələ də istifadə edirlər. Belələri gözlərini yumub görünməz olduqlarını hesab etsələr də, onlar görən gözlərdən yayınmırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi