​Çin "uyğursuzlaşdırılır" - ŞƏRH

​Çin "uyğursuzlaşdırılır" - ŞƏRH Ən faciəli hallardan biri isə öz yurdlarını tərk etmək üçün onların Çindəki yerli hakimiyyət orqanlarına rüşvət verməsidir
Analitika
5 Fevral , 2015 16:15
​Çin uyğursuzlaşdırılır - ŞƏRH

Bakı. 5 fevral. REPORT.AZ/ Çində uyğurlara qarşı milli ayrı-seçkilik siyasəti davam etməkdədir.

İllər uzunu yürüdülən assimilyasiya siyasətinə dözməyənlər Doğu Türküstanı, Sintezyan-Uyğur Muxtar Vilayətini tərk edərək xaricə üz tuturlar.

"Report"un məlumatına görə, öz doğma yurd-yuvalarını tərk edərək Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan uyğur ailəsi Çində başlarına gətirilən zülmləri yerli mətbuata danışıblar.

Onların sözlərinə görə, Çindən ayrılmaq asan deyil, xarici pasport almaq üçün 50-100 min dollar məbləğində rüşvət verirlər. Rüşvəti verəndən sonra da pasportu alıb-almayacaqlarına təminat yoxdur. Ona görə də bu məbləğı verə bilməyənlər Doğu Türküstanda əvvəlcə sürücülərə 250 dolar verib sərhəd bölgələrinə gedirlər və sərhədi keçmək üçün polisə rüşvət verməli olurlar.

Onlar Tailand və Kamboca kimi qonşu dövlətlərə keçirlər. 5-10 min dollar qarşılığında meşələr və dağlardan keçib Malayziyaya gedirlər, oradan isə yerli hakimiyyətin yardımı ilə Türkiyəyə üz tuturlar. Bu minvalla onlar bütövlükdə 15 min km yol qət edirlər.

Çində dədə-baba yurdlarından qaçmağa məcbur olan uyğurlar onlara tətbiq edilən qadağalardan da söz açıblar. Ölkənin Ağsu və Kaşğar şəhərlərindən olan uyğurlar qaçmalarının səbəbindən danışarkən bildiriblər ki, Doğu Türküstanda çoxsaylı sıxıntı ilə üz-üzə qalıblar: "Dükanlarımızda öz halal məhsullarımızı satmağa icazə vermirlər. İşlə təmin olunmaq imkanımız yoxdur. Namaz qılıb ibadət etmək, dinimizin ayinlərini icra etmək qadağan olunub".

Bu iki örnək Çin hakimiyyətinin uyğurlara qarşı tətbiq etdiyi çoxsaylı qadağaların ən adisi, məişət və sosial yönümlüllərindəndir.

Uyğurların öz torpaqlarını bu sayaq yasaqlar qarşılığında tərk etməsi keçmiş SSRİ zamanlarını xatırladır.

Bu proses indiki Ermənistandan, Qərbi Azərbaycandan Azərbaycan türklərinin çıxarılmasına çox oxşayır.

Təxminən 27 il öncə kütləvi deportasiya əməliyyatı zamanı 1,5 milyondan çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

1988-ci ilin fevralından "türksüz Ermənistan" siyasəti həyata keçirilməyə başlanılıb. Ermənistandan sonuncu deportasiya zamanı 8 min kvadrat kilometr ərazidən, dədə-baba yurdlarından soydaşlarımız zorla çıxarılıblar.

Sonuncu dəfə Ermənistandan 250 mindən çox azərbaycanlı zor tətbiq edilərək yurd-yuvalarından deportasiya olunublar.

Bununla da Ermənistan mono-etnik dövlətə çevrilib.

SSRİ-inin son illərində oxşar hadisələr Gürcüstanda da yaşanıb. Azərbaycan türklərinə qarşı yürüdülən assimilyasiya siyasəti onların öz yurdlarını tərk etməsi ilə nəticələnib.

Çin hakimiyyəti Sintezyan-Uyğur Muxtar Vilayətinə xaanları çeşidli bəhanələrlə yerləşdirir və nəticədə etnik nisbət ölkənin aparıcı etnosunun xeyrinə dəyişdirilir.

Ən faciəli hallardan biri isə öz yurdlarını tərk etmək üçün uyğurların Çindəki yerli hakimiyyət orqanlarına rüşvət verməsidir. Başqa sözlə, onlar qeyri-müəyyən həyat üçün həm torpaqlarından, ev-eşiklərindən olur, həm də var-dövlətlərini könüllü olaraq rejim təmsilçilərinə verirlər.

Qeyd edək ki, Sintezyan-Uyğur Muxtar Vilayəti 1955-ci ildə yaradılıb. Ərazisi 1,66 milyon kv.km-dir. Bu muxtar bölgə Çin Xalq Respublikasının əyalətləri arasında sahəsinə görə ən iri inzibati-ərazidir. 2010-cu il noyabrın 1-də keçirilən əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə əsasən, bölgə əhalisinin sayı 21 milyon 815 min 752 nəfərdir. Həmin statistikaya görə, Sintezyan-Uyğur Muxtar Vilayətində uyğurların sayı 45,84%, xaanlarınkı isə 45,48%-dir. Məlumatlara əsasən, xaanların sayı son illərdə artıb.

Beləliklə, Çin hakimiyyətinin uyğurlara təzyiqləri artarsa, yaxud milli assimilyasiya siyasəti davam edərsə, Sintezyan-Uyğur Muxtar Vilayəti uyğurlarsız qalacaq. Hadisələrin inkişafı və hakimiyyətin yürütdüyü milli siyasət bunu təsdiqləyir. Bu isə Sintezyan-Uyğur Muxtar Vilayətinin yalnız adının qalması ilə nəticələnə bilər.

Son xəbərlər

Orphus sistemi