Çin iqtisadiyyatı gözləntiləri doğrultmur - ANALİTİKA

Çin iqtisadiyyatı gözləntiləri doğrultmur - ANALİTİKA
Analitika
24 Oktyabr , 2019 13:51
Çin iqtisadiyyatı gözləntiləri doğrultmur - ANALİTİKA

Bu ilin III rübündə Çin iqtisadiyyatının artım tempi gözləntiləri doğrultmayaraq cəmi 6% olub. Bu göstərici inkişaf etmiş ölkələr üçün əlçatmaz olsa da, Çin üçün heç də qənaətbəxş deyil və 1992-ci ildən bəri iqtisadiyyatın ən aşağı səviyyədə böyüməsi hesab edilir. Hətta hazırkı geosiyasi vəziyyət davam etsə, inkişaf tempi 5%-ə belə düşə bilər.

Çin qlobal iqtisadiyyatın inkişafına təkan verən ən böyük ölkələrdən biridir və ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra 2-cidir. Növbəti yerlərdə isə Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Braziliya və Kanada qərarlaşıb.

“Bloomberg” agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyanın iqtisadi inkişafının 28,3%-i Çinin hesabına olacaq. 

Mənbə: Bloomberg

Çin iqtisadiyyatının zəifləməsi dünya ticarətinə, enerji və xammal qiymətlərinə mənfi təsir edə bilər. Xüsusilə də bu ölkənin enerji qiymətlərinin formalaşmasında rolu böyükdür. Yəni, Çindəki iqtisadi vəziyyətdən asılı olaraq enerji ixracatçısı ölkələrinin gəlirləri artıb-azala, sənayeləri böyüyüb-kiçilə bilər. Söhbət əsasən, Rusiya, Səudiyyə Ərəbistanı və Braziliyadan gedir. Onların istehsal etdiyi xammala tələbatın azalması həm də dünyanın iqtisadi inkişafının zəifləməsi deməkdir.

Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına əsasən bu il qlobal iqtisadiyyat 3% böyüyəcək. Halbuki, bir müddət əvvəl təşkilat 3,8%-lik inkişaf tempi gözləyirdi. Fond eyni zamanda Böyük 4-lüyün – Çin, ABŞ, avrozona və Yaponiyanın gələcək 5 ildə inkişaflarında dəyişiklik olmayacağını proqnozlaşdırır. Təkcə Çin iqtisadiyyatının tendensiyasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, IMF-in proqnozu olduqca optimistdir.

Çin iqtisadiyyatını yaxından izləyən “Fathom Consulting” şirkəti rəsmi statistika ilə real göstəricilər arasında fərq olduğunu hesab edir və real inkişafın əslində 4,2%-dən çox olmadığını bildirib. 

Mənbə: Fatom Consulting

Hər halda, hazırkı iqtisadi inkişaf narahatlığa əsas verir. İlk növbədə olduqca yüksək korporativ borc yükü olan və inkişaf etmiş ölkələrin şirkətlərinə nəzərən daha yüksək faiz ödəyən Çin şirkətləri borclarını qaytamayaraq defolt ola bilərlər - iqtisadiyyat zəifləyir, istehlak azalır, şirkətlərin gəlirləri və ödəmə qabiliyyətləri azalır. “Fitch” beynəlxalq reytinq agentliyinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində korporativ defolt rekord həddə olub və bu şirkətlərin 89%-i özəl sektordandır. Növbəti 2 il ərzində isə 560 milyard dollar məbləğində dövlət zəmanətli istiqrazların müddəti bitir və investorlara ödəniş edilməlidir. Digər tərəfdən isə Çin iqtisadiyyatı durğunluq dövrünə qədəm qoya bilər. Yaponiyada olduğu kimi uzun müddət sürətlə böyüdükdən sonra resurslardan istifadə qeyri-effektivləşə bilər. Bu isə onilliklər ərzində yerində sayan iqtisadiyyat, artan dövlət borcu, aşağı faiz dərəcələri deməkdir. Artıq Çin höküməti qabaqlayıcı tədbirlər görməyə başlayıb. Çin Mərkəzi Bankı banklar üçün rezerv tələbini azaldaraq və onlara likvidlik verərək maliyyə sektorunu dirçəltməyə çalışır. Lakin bu addımlar yetərli deyil. Paralel olaraq təşviqedici fiskal siyasət də aparılmalı və eyni zamanda qısa müddətdə ABŞ ilə olan ticarət qarşıdurması yekunlaşdırılmalıdır. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi