"Brexit"lə bağlı sorğunun nəticəsi britaniya funtunun məzənnəsinə kəskin təsir göstərib

"Brexit"lə bağlı sorğunun nəticəsi britaniya funtunun məzənnəsinə kəskin təsir göstərib "Brexit"dən sonra maliyyə bazarlarının sabitləşməsi gözlənilir
Analitika
20 İyun , 2016 19:57
Brexitlə bağlı sorğunun nəticəsi britaniya funtunun məzənnəsinə kəskin təsir göstərib

Bakı. 20 iyun. REPORT.AZ/ Böyük Britaniyada aparılan son anket sorğusuna əsasən, əhalinin 45%-i Avropa İttifaqında (Aİ) qalmaq, 42%-i isə ayrılmaq istədiklərini bildirib. 

"Report" xəbər verir ki, iyunun 17-dək Britaniyada müxtəlif təşkilatlar tərəfindən aparılan sorğularda əhalinin Aİ-dən ayrılmaq istəyən hissəsinin sayı daha çox olub. Amma, ölkənin Aİ-də qalmasını dəstəkləyən Britaniyalı deputat və Co Koksun (Jo Cox) öldürülməsi ilə "Brexit" tərəfdarı əhalinin əks tərəfə dəstəyi artıb. Nəticədə, son günlər kəskin artan qızılın qiyməti düşüb, digər azalan maliyyə aktivlərinin qiyməti isə yüksəlib.

Belə ki, qızlın qiyməti iyunun 3-də 1209 dollar/unsiya səviyyəsindən iki həftə ərzində 8,9% artaraq iyunun 16-də 1316 dollar/unsiya təşkil edib və 2,7% azalaraq bu gün 1280 dollar/unsiyaya enib. Qızılın qiymətinin düşməsinə səbəb investorların "Brexit"lə bağlı narahatlıqlarının azalması olub. 

"Report" analitik qrupu yaxın aylarda qızılın qiymətinin 1250 dollar/unsiyaya qədər endikdən sonra 1250-1300 dollar/unsiya diapazonunda qalacağını ehtimal edir.

"Brexit"lə bağlı sorğunun nəticələrinin müsbət istiqamətdə dəyişməsi britaniya funtunun məzənnəsinə də kəskin təsir edib. Belə ki, iyunun 16-da 1,4010 səviyyəsinə qədər geriləyən USD/GBP məzənnəsi , iki iş günü ərzində 4,7% artaraq 1,4670 səviyyəsinə çatıb. 

"Report" analitik qrupu USD/GBP məzənnəsinin 1,48 səviyyəsinə qədər yüksələcəyini, daha sonra 1,45-dək enəcəyini ehtimal edir.

İyunun 16-dan bu günə qədər dünyanın əsas fond birjası indeksləri də artım göstərib. DAX-5,7%, FTSE-5,6%, Dow-Jones isə 1,2% yüksəlib. Fond birjasi indekslərinin bir qədər də yüksəldikdən sonra "Brexit" referendumunun bitməsi ilə azalma tendensiyasını davam etdirəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi