“Brexit”in Avropa İttifaqının razılığı olmadan reallaşması ehtimalı artır - ANALİTİKA

“Brexit”in Avropa İttifaqının razılığı olmadan reallaşması ehtimalı artır - ANALİTİKA Böyük Britaniya əhalisinin 52%-nin Avropa İttifaqını (Aİ) tərk etməyə səs verdiyi referendumdan (“Brexit”) 3 il keçsə də, bu prosesin necə başa çatacağı hələ də qeyri-müəyyəndir.
Analitika
9 İyul , 2019 16:14
“Brexit”in Avropa İttifaqının razılığı olmadan reallaşması ehtimalı artır - ANALİTİKA

Böyük Britaniya əhalisinin 52%-nin Avropa İttifaqını (Aİ) tərk etməyə səs verdiyi referendumdan (“Brexit”) 3 il keçsə də, bu prosesin necə başa çatacağı hələ də qeyri-müəyyəndir.

Xatırladaq ki, 30 milyon seçicinin səsi ilə formalaşmış bu nəticə demokratik prinsipləri və xalqın səsini əks etdirsə də, Şimali İrlandiya və Şotlandiya seçiciləri Avropada qalmağın lehinə səs vermişdi. Digər tərəfdən, Aİ-nın 28 ölkəsi arasında fikir ayrılıqları var idi. Odur ki, danışıqların uzun və çətin keçəcəyi gözlənilirdi.

Böyük Britaniya parlamenti Aİ ilə əldə olunmuş razılığı 3-cü dəfə təsdiqləməkdən imtina etdikdən sonra “Brexit”in reallaşdırılması bu il martın 29-dan oktyabrın 31-nə qədər təxirə salındı. Baş nazir Tereza Mey istefa verdi. Qeyd edək ki, onun təklif etdiyi variant iki hissədən ibarətdir və birinci hissədə aşağıdakı 3 məqamı əks etdirir:

- Böyük Britaniya Aİ-yə 39 milyard funt sterlinq ödəniş edəcək;

- Həm Böyük Britaniya, həm də Aİ vətəndaşları indiki hüquqlarını qoruyacaqlar və yaşadıqları yeri tərk etməli olmayacaqlar;

- Hazırda Böyük Britaniyanın tərkib hissəsi olan Şimali İrlandiya və ayrıca dövlət olan İrlandiya arasındakı gömrük-keçid məntəqələrinə müvəqqəti status veriləcək.

Bu məqamlarından birincisi və üçüncüsü parlamentdə ciddi fikir ayrılığına səbəb oldu və ratifikasiya edilməyib. 1-ci bənd aydın olsa da, 3-cü bənddə boşluqlar çoxdur. Məsələ ondadır ki, Böyük Britaniya və Aİ arasında yeganə quru sərhəddi Şimali İrlandiya və İrlandiya arasındadır, bunu tənzimləmək lazımdır. Böyük Britaniya Aİ ilə orta gömrük zonasından çıxdığı üçün tərəflər arasında qarşılıqlı rüsumlar tətbiq olunmalıdır və sərhəddəki bu boşluq qəbul edilməzdir. İki İrlandiya arasında sərhədin tətbiqi məsələsi isə britaniyalıların ağrılı yerləridir və onları xoş olmayan keçmişə qaytarır. Problemi nəzərə alaraq Aİ müvəqqəti gömrük birliyi formasında, proses başa çatana qədər, rüsumun tətbiqini dayandırmağı təklif edib. Bu həll isə Böyük Britaniyaya digər ölkələrlə rüsum tənzimləməsini müstəqil aparmağa icazə vermədiyi və qeyri-müəyyən müddətə olduğu üçün qəbul edilməyib.

Hazırda 3 çıxış yolu qalır: Parlamentin “Brexit”i ləğv etməsi və yeni referendumun keçirilməsi, T.Meyin təklif etdiyi variantın ratifikasiyası və razılıq olmadan “Brexit”. 3-cü ehtimal getdikcə daha real görünməyə başlayır. Heç bir razılıq olmadan Aİ-dan ayrıldıqda Böyük Britaniya 39 milyard funt sterlinq ödəniş etməyəcək, Aİ ilə bütün əlaqələrini kəsəcək, ortaq bazardan çıxacaq və münasibətləri yenidən razılaşdıracaq. Bir-biri ilə yüksək səviyyədə inteqrasiya olmuş ölkələrin bu cür kəskin ayrılmasının gözlənilməz nəticələri ola bilər. Məsələn ixracat və idxalat qısa müddətə dayana bilər, zəruri malların dövriyyəsi kəskin azala bilər və s.

Nəticədən asılı olmayaraq Böyük Britaniya iqtisadiyyatı artıq zəifləməyə başlayıb. Başda bank sektoru olmaqla bir çox şirkət Böyük Britaniyadakı əməliyyatlarını azaldaraq digər Avropa ölkələrinə köçməyə başlayıb.

İş yerlərinin azalmasına paralel olaraq əmlakın kirayə qiymətləri də düşməyə başlayıb və boş yerlərin sayı getdikcə artmaqdadır. Eyni zamanda funt sterlinqin məzənnəsi ABŞ dolları qarşısında zəifləyərək son 20 ilin ən aşağı həddinə düşüb. 

Mənbə: İnteractive Brokers

Böyük Britaniyada biznesin aktivliyi indeksi isə bu ilin iyun ayinda 2012-ci ildən bəri ən aşağı səviyyəyə düşərək 48 bənd təşkil edib. 

Mənbə: tradingeconomics.com

“Brexit” tərəfdarlarının isə öz arqumentləri var. Onlar hesab edirlər ki, bütün bu proseslər müvəqqətidir, Böyük Britaniya Avropanın texnokrat məmurlarından müstəqilllik əldə etdikdən sonra onun bir çox problemi öz həllini tapacaq və daha çevik, praqmatik manevrlər edə biləcək. Sürətlə dəyişən dünyada çevik adaptasiya ən vacib xüsusiyyətlərdən biridir və qısa müddətli problemləri saymasaq Böyük Britaniya öz üzərindən Avropa yükünü atmış olacaq. 28 üzvü olan və hələ də böyüməyi hədəfləyən Aİ-nın çətin hərəkət edən bürokratik maşını əslində bir çox ölkə üçün problem yaradır. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Krugman hesab edir ki, vahid valyutanın – avronun tətbiqi çox gözəl fikir olsa da, perspektivi yoxdur. Ortaq vergi siyasətinin və vergi transferinin olmadığı Avropada iqtisadyyatı zəif olan ölkələr valyutadan əziyyət çəkirlər və uzunmüddətli perspektivdə bu, özünü göstərəcək. Yunanıstan və İtaliya yaxın keçmişdə belə çətinliklərlə üzləşib, hətta “Grexit” və “İtalexit”in baş verəcəyini də öncədən görənlər olub.

Hələlik isə iqtisadi göstəricilər nə “Brexit” tərəfdarlarının, nə də əleyhdarlarının haqlı olduğunu sübuta yetirmir. Britaniyada məşğulluq tarixi minimumdadır.

Mənbə: tradingeconomics.com

“Brexit”çilərin arqumentlərindən biri olan miqrasiyanın azaldılmasına isə hələlik nail olmaq mümkün olmayıb. İllik net miqrasiya hələ də 200 min nəfərdən çoxdur. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi