​"Brexit" ehtimallarının azalması dollar və qızıl aktivlərini ucuzlaşdırıb

​"Brexit" ehtimallarının azalması dollar və qızıl aktivlərini ucuzlaşdırıb Maliyyə bazarlarının sabahdan etibarən sabitləşməsi gözlənilir
Analitika
23 İyun , 2016 20:40
​Brexit ehtimallarının azalması dollar və qızıl aktivlərini ucuzlaşdırıb

Bakı. 23 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması (Brexit) ehtimallarının azalması fonunda bununla bağlı bu gün həyata keçirilən referendum öncəsində dolların məzənnəsində və qızılın qiymətində ucuzlaşma baş verib. 

"Report" xəbər verir ki, səhər saatlarında Britaniya mətbuatında yayılan məlumatlara görə, "Brexit" tərəfdarlarının sayında önəmli dərəcədə azalma müşahidə olunub. Nəticədə, riskli aktivlərə maraq yenidən yüksəlib. Dünyanın əksər fond birjası indeksləri, funt sterlinq, avro, neft və s. aktivlərin qiymətində önəmli artımlar müçahidə olunub. Belə ki, Almaniyanın DAX indeksi bu gün 2% artımla 10 270 bənd, İngiltərənin FTSE indeksi 1,3% artımla 6350 bənd, "Brent" markalı neft 1,5% artımla 50,65 dollar/barelə çatıb. Dollar isə ucuzlaşıb : USD/EUR məzənnəsi 1% artımla 1,14, USD/GBP məzənnəsi isə 1,3% artımla 1,49 səviyyəsinə yüksəlib. Qızlın qiyməti 0,5% azalaraq 1 264 dollar/unsiyaya geriləyib.

"Report" analitik qrupu "Brexit" referendumunun Britaniyanın Aİ-də qalması ilə nəticələnəcəyini proqnozlaşdırır. Nəticədə yuxarıda adı çəkilən aktivlərin bir qədər də yüksəldikdən sonra sabitləşəcəyi və investorların qazanclarını reallaşırmaq istəyi nəticəsində qiymətlərin bir qədər azalacağı ehtimal edilir. Bundan sonra qlobal maliyyə bazarlarına təsir edəcək növbəti hadisə ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyul ayının 26-27-də keçirəcəyi iclasda uçot dərəcələri ilə bağlı qərarı olacaq. 

Son xəbərlər

Orphus sistemi