"Böyük oyun"a qoyulan böyük qadağa nə vaxt götürüləcək? - ARAŞDIRMA

"Böyük oyun"a qoyulan böyük qadağa nə vaxt götürüləcək? - ARAŞDIRMA Tuyqun Nadirov: "Hazırkı situasiya bizi qane etmir"
Analitika
11 Fevral , 2015 13:52
Böyük oyuna qoyulan böyük qadağa nə vaxt götürüləcək? - ARAŞDIRMA

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ölkənin ən prinsipial rəqibləri "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında görüş keçiriləcək. "Report"un məlumatına görə, XXI tura təsadüf edəcək qarşılaşma Bakının 8-ci km qəsəbəsindəki "Bakcell Arena"da baş tutacaq. 

Lakin saat 16:00-da başlanacaq matçı "Xəzər Lənkəran" azarkeşləri canlı izləyə bilməyəcəklər. Bu da AFFA İntizam Komitəsinin 2013-cü il avqustun 27-də "Böyük oyun"a qonaq komanda azarkeşlərinin buraxılmamasına dair qəbul etdiyi qərarla əlaqədardır. Bu qadağa artıq ikinci mövsümdür qüvvədədir. Lakin nə "Neftçi", nə də "Xəzər Lənkəran" rəhbərliyi qadağanın aradan qaldırılması istiqamətində heç bir cəhd göstərməyib. Hətta iki aydır fəaliyyət göstərən Klublar Komitəsində də indiyədək bu məsələyə baxılmayıb. 

"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov "Report"a açıqlamasında bildirib ki, AFFA İntizam Komitəsi ilyarım öncə qəbul etdiyi qərara baxsaydı, daha yaxşı olardı: "Bu, Azərbaycanın bir nömrəli derbisi, xüsusən, "Xəzər Lənkəran" azarkeşləri üçün prinsipial əhəmiyyətə malik qarşılaşmadır. Hər dəfə xeyli tərəfdarımız bizi izləməyə gəlir. Ona görə də istərdik ki, İntizam Komitəsi qərara yenidən baxsın". 

Çempionatın təşkili və keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Report"a deyib ki, qərarın ləğvi üçün ilk növbədə, "Neftçi" və "Xəzər Lənkəran" tərəfi baş verə biləcək hər hansı insidentə cavabdehliyi öz üzərlərinə götürməlidirlər: "Futbol azarkeşlər üçün oynanılır. Biz də istərdik ki, oyun dolu tribunalar önündə və hər iki komanda fanatlarının dəstəyi ilə keçsin. Amma bu komandalar arasında əvvəlki matçların bir çoxunda baş verənlərdən hamımız məlumatlıyıq. Ona görə də AFFA İntizam Komitəsi belə qərar qəbul edib. "Xəzər Lənkəran"ın baş məşqçisi qərara yenidən baxılmasını istəyirsə, klub rəhbərliyi də hər hansı insidentə görə cavabdehliyi öz üzərinə götürməlidir. Bu, "Neftçi"yə də aiddir. Onlar cavabdehliyə boyun olmurlarsa, mən necə boyun olum? İndiyədək bu klublardan heç biri İntizam Komitəsinin qərarının dəyişdirilməsi ilə bağlı müraciət etməyib. Məsələ Klublar Komitəsinin iclasında müzakirə olunsaydı, mətbuata açıqlama verilərdi".

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov "Report"a açıqlamasında "Böyük oyun"da təhlükəsizlik təminatı verməyin çətin olduğunu etiraf edib. E.Məmmədovun sözlərinə görə, hazırkı şəraitdə bu, böyük məsuliyyət tələb edir: "Çünki söhbət təkcə stadionun içərisində yox, çölündə də baş verə biləcək insidentə cavabdehlikdən gedir. Arena daxilində təhlükəsizliyi qorumaq mümkündür, amma çöldə bu, çətin məsələdir". 

E.Məmmədov Klublar Komitəsinin indiyədək keçirilmiş iclaslarında "Böyük oyun"da qonaq komanda azarkeşlərinə qoyulan qadağa ilə bağlı müzakirələrin aparılmadığını təsdiqləyib. Lakin o, gələcəkdə məsələyə baxılmasının mümkünlüyünü əlavə edib: "Hər bir azarkeşimiz bizə əzizdir. İstərdik ki, onlar səfər oyunlarımızda da bizə dəstək olsunlar. Növbəti iclaslarda bu istiqamətdə müzakirələrin aparılacağını güman edirəm". 

Öz növbəsində Klublar Komitəsinin sədri Tuyqun Nadirov "Report"a bildirib ki, hazırkı situasiya həm də vitse-prezidenti olduğu "Xəzər Lənkəran"ı qane etmir. Lakin o, komitənin iclaslarında daha aktual məsələlərin müzakirə olunduğunu bildirib: "Onsuz da qadağa götürülsə, növbəti mövsümə şamil olunacaq. Digər tərəfdən, bu, bütün klublara deyil, "Neftçi" ilə "Xəzər Lənkəran"a aid məsələdir. Təbii ki, hazırkı situasiya bizi qane etmir. Çünki klubumuzun çoxlu azarkeşləri var və onlar bütün oyunlarımızı izləmək istəyirlər. Növbəti görüşlərdə bu məsələni müzakirə edəcək və qadağanın aradan qaldırılmasını təklif edəcəyik". 

Təhlükəsizlik təminatına gəldikdə, T.Nadirov deyib ki, buna nə klublar, nə də PFL cavabdehlik daşıya bilər: "Təhlükəsizlik təminatını Daxili İşlər Nazirliyinin müvafiq idarəsi verir. Klub kimdir ki, təhlükəsizliyi boynuna götürsün? Nazirliyin müvafiq idarəsi isə indiyədək keçirdiyimiz oyunlar zamanı asayişin qorunması üçün lazımi tədbirləri görüb. Qərarı AFFA İntizam Komitəsi verib və yenidən baxılması üçün müraciət edəcəyik". 

Qey edək ki, 25 avqust 2013-cü ildə keçirilmiş ev oyunu zamanı “Xəzər Lənkəran” fanatları "Neftçi” azarkeşləri olan sektora doğru hərəkət edərək, onlara fiziki təsir göstərməyə cəhd ediblər. Lakin insident polis tərəfindən sakitləşdirilib. Hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlayıb. Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran” azarkeşləri "Neftçi” tərəfdarlarına hücum etməyə cəhd göstərib. Polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib, baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, qonaq komanda azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atılıb. Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb. Hadisə ilə əlaqədar iki klub arasındakı Premyer Liqa və Azərbaycan Kuboku matçlarında qonaq komanda azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. 

Son xəbərlər

Orphus sistemi