Böhran bitir - Türkiyə-İsrail əməkdaşlığı Azərbaycana nə vəd edir? - ŞƏRH

Böhran bitir - Türkiyə-İsrail əməkdaşlığı Azərbaycana nə vəd edir? - ŞƏRH
Analitika
494
1 İyun , 2020 16:48
Böhran bitir - Türkiyə-İsrail əməkdaşlığı Azərbaycana nə vəd edir? - ŞƏRH
Report

Türkiyə ilə İsrail münasibətləri həmişə inkişaf edib. Tarixən türklər yəhudiləri hücumlardan qoruyublar. 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb oldu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü.

Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddə çatdı. Lakin dövlətlərarası münasibətlərdə böhran əbədi qalmır. Bölgədə bir-birinə ehtiyacı olan Ankara və Təl-Əviv hadisələrdən sonra müxtəlif səviyyədə görüşlər keçirib. 2016-cı ildə İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün hazırlanan razılaşmada müəyyən irəliləyiş əldə olunmuşdu. Həmin ilin aprelində Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müşaviri Firidun Sinirlioğlunın başçılıq etdiyi nümayəndə heyəti ilə İsrail baş nazirinin xüsusi nümayəndəsi Cozef Siçanover və İsrail Milli Təhlükəsizlik Şurası başçısının müavini Yakov Nagelin rəhbərlik etdiyi heyət arasında Londonda görüş keçirilmişdi.

Tərəflər arasındakı ilkin razılaşma İsrail XİN-də Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu və İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Dore Qold tərəfindən imzalanıb.

Beş maddədən ibarət razılaşmanın şərtləri aşağıdakı kimi olub:

- İsrail tərəfi hadisə zamanı ölən Türkiyənin 9 vətəndaşının ailəsinə 20 milyon ABŞ dolları təzminat ödəyəcək;

- İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağrılan səfirlər yenidən göndəriləcək;

- Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisdə qanun qəbul edəcək;

- HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək;

-Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.

2018-ci ildə İsrail Türkiyəyə Eytan Naeni, Türkiyə isə İsrailə Kamal Ökemi səfir təyin etdi.

Münasibətlərdə gərginlik olsa da, İsrail turistləri Türkiyəni seçib. 2018-ci ildə Türkiyəyə 443 min israilli turist səfər edib. Türkiyədən isə həmin dövrdə İsrailə 50 minədək turist gedib.

2020-ci ilin fevral ayında Türkiyədən İsrailə ixracat 375,648 mln ABŞ dolları təşkil edib. İsraildən isə Türkiyəyə ixracat 119,346 mln ABŞ dolları olub. Cari ilin yanvar-fevral aylarında Türkiyədən ixracat 742,866 mln ABŞ dolları, İsraildən isə 233,883 mln ABŞ dolları olub.

Türkiyə ilə İsrailin ortaq maraqları, eləcə də əməkdaşlıq edə biləcəyi bir çox sahə var.

İki ölkə arasında münasibətlərin normallaşması Yaxın və Orta Şərqin bir sıra problemlərinin həllinə yardım edə bilər. Son illər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misirlə İsrail arasında münasibətlərin inkişafı və istiləşməsi Türkiyənin həyata keçirdiyi xarici siyasət kursunun xeyrinə olan hadisələrdən sayıla bilər.

Heç şübhəsiz, xarici siyasət kursunda Azərbaycanla Türkiyənin maraqları daha çox üst-üstə düşür. Rəsmi Bakı 10 il əvvəl baş vermiş məlum hadisədən təəssüfləndiyini vurğulamışdı. Çünki biri dost, o biri isə qardaş dövlətdir. Bu iki müttəfiqi arasında gərginlik Azərbaycanın regiondakı maraqlarına uyğun gəlmir. Yaranmış vəziyyətdən isə Ermənistan yararlanmağa çalışır. Ermənilər İsraili Azərbaycana və Türkiyəyə qarşı qaldırmağa, qondarma hadisələrin yəhudi dövlətində qəbuluna nail olmağa çalışırlar. Lakin İsrail ermənilərin soyqırımı iddiasına heç vaxt inanmayıb və onu tanımayıb. 

Ermənistan 28 ildir müstəqil olmasına baxmayaraq, yalnız ötən il İsraildə səfirlik açmaq haqqında qərar qəbul edib.

Son zamanlar İsraillə Ermənistan arasında münasibətlərdə istiləşmə müşahidə edilir. 2019-cu ilin iyulunda rəsmi Təl-Əviv Eliav Beloserkovskini Yerevana yeni səfir təyin edib. O, bundan əvvəl İsrailin Ukraynadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. 

Ermənistanın illik idxalının 4,8 faizi İsrailin payına düşür. İsrail isə Ermənstan ixracatının 7,1 faizini idxal edir.

İsrail Azərbaycanın ərazi bütövlüyünü həmişə müdafiə edib. Bir neçə il əvvəl Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfərində qrupun həmsədri, o vaxtkı hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənmişdi. Qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Dağlıq Qarabağ haqqında sualını cavablandırarkən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulamışdı.

2018-ci ildə Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları təşkil edib. Həmin il İsraildən Azərbaycana 40 mindən çox turist səfər etmişdi.

Bu kimi amillər iki ölkə arasında ticarət dövriyyəsi həcminin artırılması üçün potensialın olduğunu deməyə əsas verir. Hər iki ölkə başqa sahələrdə də əməkdaşlığı genişləndirə bilər. Azərbaycan ilə İsrail arasında enerji sahəsindəki əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın digər sahələrində də qurulması mümkündür. 

Beləliklə, Türkiyə-İsrail münasibətlərinin normallaşması və inkişafı perspektivi Azərbaycan-İsrail-Türkiyə iqtisadi əməkdaşlığının güclənməsinə səbəb ola bilər. Bu əməkdaşlıq bölgədə təhlükəsizliyə və sabitliyə töhfə verər. İsrail-Türkiyə münasibətlərinin inkişafı iki ölkə arasında pozuculuq edən qüvvələri də tərk-silah edər. Son 10 ildə dəfələrlə belə qüvvələrin fəaliyyətinin şahidi olmuşuq. 

İsrail-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanın düşmənlərini də məyus edər. Bu kimi xoşməramlı hadisələr əməkdaşlığın qarşılıqlı maraqlara daha çox uyğun olduğunu bir daha təsdiqlədi. Odur ki, dünyanın inkişafı, əmin-amanlıq, sabitlik, təhlükəsizlik əməkdaşlıq və əlaqələrin saxlanılmasından asılıdır. Bunu Türkiyə və İsrail əvvəllər də sübut edib. Odur ki, ötən 10 ildə Azərbaycanın bu iki ölkə ilə əməkdaşlığı davam etdirməsi hər 3 tərəfin xeyrinə olub.