Yuxarı
    Bağlamaq

    Birləşmiş Avropa çempionatı Avropa Oyunlarının alternatividirmi? - ARAŞDIRMA

    Komandaların Bakıya gəlişinin qarşısını almaq üçün özünü öldürənlər, buna çalışan bəzi siyasi dairələr var

    Bakı. 14 aprel. REPORT.AZ/ Yay idman növləri üzrə ilk Birləşmiş Avropa çempionatının 2018-ci ildə keçiriləcəyinə dair qərar geniş müzakirələrə yol açıb. Almaniyanın Berlin və Şotlandiyanın Qlazqo şəhərlərində təşkil olunacaq birləşmiş çempionatın startına 4 ildən çox vaxt qalsa da, indidən bu yarışın Avropa Oyunlarına alternativ kimi yaradıldığını iddia edənlər yetərincədir. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Əgər həqiqətən belədirsə, Birləşmiş Avropa çempionatı Avropa Oyunlarını üstələyə bilərmi?

    "Report" "Bakı 2015" I Avropa Oyunlarının startına 60 gündən də az müddət qaldığı bir vaxtda ortaya çıxan məsələ ilə bağlı araşdırma aparıb.

    Birləşmiş Avropa çempionatı nədir və ya "Bakı 2015"in üstünlüyü nədədir

    Belə bir ideya qitənin atletika, üzgüçülük, velosiped idmanı, akademik avarçəkmə və triatlon üzrə federasiyaları tərəfindən irəli sürülüb. Məqsəd Avropanın bəzi aparıcı növləri üzrə çempionatlarını koordinasiya etmək və multi-idman üzrə yeni və maraqlı konsepsiya yaratmaqdan ibarətdir. Birləşmiş çempionat da 4 ildə bir dəfə təşkil olunacaq. İyulun sonları - avqustun əvvəllərində keçiriləcək 12 günlük yarışlarda 3400-dən çox idmançı mübarizə aparacaq. Onlardan 1500-ü Berlində təşkil olunacaq atletika çempionatına, 2900-ü isə Qlazqoda keçiriləcək digər növlər üzrə yarışlara qatılacaq.

    "Bakı 2015" I Avropa Oyunlarında atletika yarışları Komandalararası Avropa Çempionatının 3-cü Liqasını əhatə edəcək. Bura atletika növlərinin sayına əsasən, kişilər və qadınlar üçün nəzərdə tutulmuş 40 yarışda mübarizə aparacaq 15-dək milli komanda daxil olacaq. Bütün komandaların hər yarış üçün bir idmançısı olacaq. Hər bir idmançıya xal veriləcək və intensiv yarışın son iki günü ərzində ən çox xal toplayan üç komanda medalla təltif olunacaq. İdman növləri içərisində yalnız triatlon həm "Bakı 2015"də, həm də Birləşmiş Avropa çempionatında yer alacaq.

    "İki ilə dünyanın işini görmüşük"

    Milli Olimpiya Komitəsinin "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsindəki nümayəndəsi Könül Nurullayeva "Report"a açıqlamasında bildirib ki, Birləşmiş Avropa çempionatı Avropa Oyunlarından fərqli yarışdır: "Burada 5 idman növüdürsə, Avropa Oyunlarında idman növlərinin sayı daha çoxdur. Formatı da tam fərqlidir. Sadəcə, idman yarışları cədvəlinə yeni birisi daxil olur. Onun da Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Dünyada nə qədər idman yarışı keçirilir. Bunu Avropa Oyunları ilə əlaqələndirməyin heç bir səbəbi yoxdur. Format, medal sayının çox və ya azlığı göstərici deyil. Avropa Oyunları qitəmiqyaslı yarışdır, Birləşmiş Avropa çempionatı isə tamam başqadır. Qitə yarışları tarix boyu mövcud olub. Bu isə yenicə həyata keçirilir".

    K.Nurullayevanın fikrincə, Birləşmiş Avropa çempionatı keçirmək istəyən qurumların "Bakı 2015"də qəsdən aşağı səviyyədə təmsil olunmaları və ya heç təmsil olunmamaları heç də öz yarışlarını keçirmək istəkləri ilə bağlı deyil: "Bu növlər bizim proqrama daxil olmasaydı və əvəzində Birləşmiş Avropa çempionatının tərkibinə daxil edilsəydi, o zaman bir fikir söyləmək olardı. Amma həmin idman növləri Avropa Oyunlarının da proqramına daxildir. Ola bilər ki, akademik avarçəkmə növbəti Avropa Oyunlarının proqramında yer alacaq. Belədə hansı neqativ haldan danışmaq olar? Gələcəkdə Oyunlara digər növlər də əlavə oluna bilər. Çünki bizim vaxtımız az idi və buna da vaxt lazımdır. İki il ərzində dünyanın işini görmüşük, hansı ki bunlar 7 ilə görüləsidir. Ona görə də heç bir problem yoxdur və bu yarışları əlaqələndirmək olmaz. Elədirsə, o zaman dünya və Avropa çempionatlarını da Avropa Oyunlarını ilə əlaqələndirək. Bu, düzgün deyil. Hamısı fərziyyədir. İnsanların hərəsi bir cür düşünür. Oyunların proqramına daxil olmasaydı, o zaman demək olardı ki, daxil olmadıqlarına görə, bu federasiyalar qərəzli şəkildə yeni bir format yaradıblar. Əsas məsələ idman növünün proqrama daxil olmasıdır. Gələcəkdə onun formatının dəyişməsi, növün çox və ya azlığı ev sahibi ölkə ilə Təşkilat Komitəsi arasındakı danışıqdan asılıdır. Yəni azala da, çoxala da bilər. O boyda olimpiadalarda da lazım gələndə ixtisarlar, dəyişikliklər olur".

    Patrik Hikki: "Avropa Oyunları sabit brend, Avropa idmanının zirvəsidir"

    Məsələ ilə bağlı Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki də fikirlərini bölüşüb. O, Avropada idmanın inkişafını dəstəkləyən və qitə idmançılarına öz potensiallarını tam ortaya qoymaqda yardımçı olan bütün hadisələri alqışladığını bildirib. Lakin onun fikrincə, Birləşmiş Avropa çempionatı Avropa Oyunlarından tam fərqli təşəbbüsdür: "Burada az sayda idman növü, az sayda idmançı var və fərqli ildə təşkil olunacaq. Yay Olimpiya Oyunlarına lisenziya imkanları və multi-idman növləri üzrə unikal təcrübə sayəsində biz qitənin ən güclü idmançılarını cəlb etməkdə davam edəcəyik. Habelə, aparıcı idmançılarla birgə kommersiya və yayım tərəfdaşları da gələcək ki, nəticədə Avropa və onun hüdudlarından kənarda geniş auditoriyamız formalaşacaq".

    Hikki bildirib ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarında atletika və üzgüçülük növlərində ən yaxşılar təmsil olunacaqlar. Növbəti Oyunların təşkilatçısı isə mayda müəyyənləşəcək: "Əvvəlcə 12 növ nəzərdə tutulmuşdu, amma indi 20 növə çatıb ki, onlardan 16-sı olimpiya xarakterlidir. EOC Avropanın velosiped, üzgüçülük, atletika növləri üzrə federasiyaları ilə dialoqlarını davam etdirəcək ki, onlar da 2019-cu il Avropa Oyunlarında ən yüksək səviyyəli idmançılarının iştirakını təmin etsinlər. Növbəti Avropa Oyunlarına 6 şəhərdən ciddi maraq var. Onlardan biri ilə müqavilə bağlamağa yaxınıq. "Bakı 2015" dünyanın 57 ölkəsində yayımlanacaq. Mənim üçün Avropa Oyunları sabit brend, Avropa idmanının zirvəsidir və bundan sonra da ən yaxşı olmaq niyyətindədir".

    Sahib Ələkbərov: "Velosiped idmanında nə görmüşüksə, son 3 ili əhatə edib"

    Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov isə "Report"a bildirib ki, Avropa Velosipedçilər İttifaqında (UEC) "Bakı 2015"ə qarşı mənfi münasibətlə qarşılaşmayıb: "Ötən il UEC-in Baş Assambleyasında I Avropa Oyunlarının təqdimatı vaxtı biz çıxış edib qurtardıqda hamı əl çaldı. Onlar elə-belə alqışlamırdılar, hazırlıq işlərini yüksək qiymətləndirirdiklərini nümayiş etdirirdilər. I Avropa Oyunlarına hələ 2 ay qalsa da, velosipedin şosse, BMX və dağ velosipedi növləri üzrə əksər ölkələr Bakıya gələcəklərini təsdiqləyiblər. Heç bir problem yoxdur. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 2 il öncə Dənizkənarı Milli Parkda "Tour d Azerbaidjan"ın açılışında iştirak etdi. Onunla bərabər nümayəndə heyəti də gəlmişdi. Baxdılar və gördüklərinə məəttəl qaldılar. "Avropada belə şey yoxdur" dedilər. Yəni, Avropa Oyunlarına dövlət, federasiyalar tərəfindən göstərilən diqqət çox yüksəkdir. Hər şeyə çox ciddi yanaşılır".

    Bununla yanaşı, S.Ələkbərov Azərbaycana qarşı bəzi insinuasiyaların olduğunu da vurğulayıb: "Komandaların Bakıya gəlişinin qarşısını almaq üçün özünü öldürənlər, buna çalışan bəzi siyasi dairələr var. Onlar deyirlər ki, getməyin, Azərbaycanda vəziyyət çox pisdir, ağırdır, müharibə gedir və s. Lazımi dairələr var, onların cavablarını verirlər ki, elə deyil. Amma şəraiti görənlər əsl həqiqəti deyirlər. Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə tez-tez iştirak edirəm. Adi yarış kimi təşkil olunur. 2012-ci il London Yay Olimpiya Oyunlarında şəhər öz həyatını yaşayır, yarışlar isə öz axarı ilə gedirdi. Amma Bakıda nüfuzlu yarış keçiriləndə, sanki paytaxtımız onunla yaşayır, insanlar böyük maraq göstərirlər. Dünyada isə hər cür insan var. Mane olmaq istəyənlərə də, komandaları yayındırmağa çalışanlara da rast gəlinir. Velosiped idmanında nə görmüşüksə, son 3 ili əhatə edib. Elə bilirsiniz bunlar o biri ölkələrdə var? Bunların hamısı dövlət qayğısı nəticəsində mümkün olub. Onlar bunu bilirlər. Bəziləri qibtə, bəziləri paxıllıq edir. İstəyən də var, istəməyən də. İstəyənlər sağ olsun, istəməyənin gözü çıxsın".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi