Krallıqda tayfalararası qarşıdurma güclənir: ​Bin Ladenin atasının şirkəti 50 min işçisini ixtisar edib - ŞƏRH

Krallıqda tayfalararası qarşıdurma güclənir: ​Bin Ladenin atasının şirkəti 50 min işçisini ixtisar edib - ŞƏRH Səudiyyə Ərəbistanı hökuməti şirkətin bir neçə layihəsinin pulunu ödəyə bilməyib
Analitika
2 May , 2016 10:22
Krallıqda tayfalararası qarşıdurma güclənir: ​Bin Ladenin atasının şirkəti 50 min işçisini ixtisar edib - ŞƏRH

Bakı. 2 may. REPORT.AZ/ Terrorçu "Əl-Qaidə" qruplaşmasının yaradıcısı və lideri olmuş Üsamə bin-Ladenin atasının Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki "Saudi BinLadin Group" şirkəti 50 min əcnəbi əməkdaşını ixtisar edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "Times" jurnalı yazıb.

Məlumata görə, rəhbərliyin bu qərarından narazı qalan işçilər şirkətin Məkkədəki binası qarşısına toplaşıb.

Bir müddət əvvəl şirkət ölkədə iri infrastruktur obyektləri tikib, eləcə də Məkkə və Mədinə kimi islamın müqəddəs şəhərlərində irihəcmli layihələrin icrasına qatılıb.

"Saudi BinLadin Group"da böhran ötən il Məkkədə Məscidül-Həramın yaxınlığında kranın aşması nəticəsində 111 nəfərin ölməsi ilə başlayıb. Bundan sonra Səudiyyə Ərəbistanının kralı Salman bin Abdüləziz əl-Səud bu şirkətə dövlət sifarişlərinin verilməsini yasaqlayıb. Bundan başqa, hökumət şirkətin bir neçə layihəsinin pulunu ödəyə bilməyib. Məlumata görə, bu da şirkətin büdcəsində 30 milyard dollarlıq kəsirin yaranmasına səbəb olub. 

İnformasiyaya əsasən, neftin ucuzlaşması bir sıra dövlət sifarişlərinin də azalmasına səbəb olub. Bu maliyyə-iqtisadi böhran krallığın büdcəsində 100 milyard dollara yaxın kəsir yaradıb.

"Saudi BinLadin Group"un düşdüyü durumun yalnız maliyyə və Məscidül-Həramda baş verən qəza ilə bağlı olmadığı ehtimalı da az deyil. Krallıqda səudilərdən sonra ən güclü tayfa bin-ladenlər sayılır. "Əl-Qaidə"nin qurucusu da bu tayfanın təmsilçisi olub. Ehtimal etmək olar ki, Səudiyyə Ərəbistanının krallıq ailəsi perspektivdə bin-ladenlər tayfasının hakimiyyət üçün ciddi problemlər yarada biləcəyindən də ehtiyat edir. Ona görə də bin-ladenlər tayfasının maliyyə mənbələrini zəfilətməyə çalışır.

Səudiyyə Ərəbitsanı 2014-cü ilin "ərəb baharı"ndan sonra bir sıra sahələrdə islahat aparmağa başlayıb. Ötən il kral Abdulla bin-Əbdüləziz vəfat etdikdən sonra bu proses bir az da sürətlənib.Səudiyyə Ərəbistanının kralı Salman Əbdüləziz əl-Saud ilk islahata varis şahzadəni dəyişdirməklə və oğlunu krallığın üçüncü şəxsi elan etməklə başlayıb. Ötən il o, son 40 ildə xarici işlər naziri işləmiş şahzadə Səud əl-Feysalı tutduğu vəzifədən azad edərək, onun yerinə əvvəllər ABŞ-da səfir olan şahzadə Adel əl-Cubeyri təyin edib. Belə ki, kral kiçik qardaşını vəliəhd titulundan məhrum edib. Onun yerinə krallığın rəhbərinin qardaşı oğlu 56 yaşlı Məhəmməd bin-Naif bin-Əbdüləziz təyin olunub. Kral öldükdə və ya vəzifə səlahiyyətlərini itirdikdə vəliəhd taxt-taca birbaşa yiyələnir. Kralın oğlu şahzadə Məhəmməd bin-Salman isə daxili işlər naziri və ikinci vəliəhd təyin edilib. Krallıqda aparılan islahatları daha çox onun adı ilə bağlayırlar. Bu baxımdan hesab etmək olar ki, rəqib ailə həmin islahatların həyata keçirilməsinə mane olur.

Xatırladaq ki, kral Salman bu ilin yanvarında kral Abdullah vəfat etdikdən sonra monarx olub. Nəhayət, Səudiyyə Ərəbistanı krallığını bəzi dövlətlər beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham edirlər. Görünür, krallıq rəhbərliyi ünvanına deyilənlərin doğru olmadığını təsdiqləmək məqsədi ilə bin-ladenlərə hücum etmək qərarına gəlib. Ölkədə sosial bazasını itirmək istəməyən "Saudi BinLadin Group" maliyyə sahəsində yaranan problemdən çıxış yolu kimi əcnəbiləri işdən azad etməyə başlayıb. Beləliklə hesab etmək olar ki, perspektivdə bin-ladenlərə beynəlxalq səviyyədə də təzyiqlər başlaya bilər. Bütün bu təzyiqlər isə özünü heç şübhəsiz şirkətin fəaliyyətində büruzə verəcək. Elə 50 min əcnəbi işçinin işdən azad edilməsi də bunu göstərir.

Son xəbərlər

Orphus sistemi