Beynəlxalq məhkəmənin qərarları - işğalçı Ermənistanın növbəti ifşası

Beynəlxalq məhkəmənin qərarları - işğalçı Ermənistanın növbəti ifşası Ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizədə Azərbaycanın haqlı olduğuna şübhə olmayıb. Bu, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ayrı-ayır tədbirlərdə etiraf olunub.
Analitika
275
8 Dekabr , 2021 14:18
Beynəlxalq məhkəmənin qərarları - işğalçı Ermənistanın növbəti ifşası

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizəsində haqlı olduğuna şübhə olmayıb. Bu, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ayrı-ayır tədbirlərdə də etiraf olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr də bunu təsdiqləyib. Ancaq 28 ildir ki, beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi səbəbindən bu qərarlara əməl olunmurdu. Azərbaycan 44 günlük döyüşlər zamanı beynəlxalq hüququn prinsip və normalarını pozulmaqdan, BMT-nin qətnamələrini isə kağız üzərində qalmaqdan xilas etdi. Bununla da onların nüfuzunu qorudu.

Azərbaycan tərəfi Vətən müharibəsindən sonra Ermənistanın vurduğu ziyanlar, etnik ayrı-seçkiliyin təbliği ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Oktyabrın 18-19-da Azərbaycanın iddiası ilə bağlı dinləmələr keçirilib. Qeyd edək ki, Azərbaycan tərəfi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Sənəddə Azərbaycan Ermənistanın məsuliyyətə cəlb olunmasını, rəsmi İrəvandan ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edib. Məlumata görə, iddia ərizəsində Ermənistanın azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətlərinə yol verdiyi və buna davam etməkdə olduğu qeyd edilib.

Yeri gəlmişkən, bu orqan BMT Nizamnaməsinin 92-ci maddəsinə görə ali məhkəmə orqanıdır. Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır. 1945-ci ildə təsis edilmiş məhkəmə 1946-cı ildə Beynəlxalq Ədliyyə Məhkəməsinin varisi olaraq fəaliyyətə başlayıb. Beynəlxalq məhkəmənin sədrinin öhdəliyi, məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir. Əsasən 1980-ci ildən başlayaraq inkişaf etməkdə ölkələr daha çox bu quruma müraciət edir.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verib. Yuxarıda qeyd etdiyimiz qətnamələri qəbul etmiş BMT-nin məhkəməsinin Ermənistanla bağlı məntiqli hökm çıxaracağı ehtimalı az deyildi. Bu baxımdan məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı bu dövlətin təcili tədbirlər görməsinə dair qərar qəbul edib. Qərara görə, Ermənistan BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla, azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası"nı təmin etməyib. Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Ermənistanın ənənəvi hay-küylü iddialının Məhkəmə tərəfindən təmin olunmaması da qanunuyğundur. Çünki Azərbaycan ərazisində “müharibə məhbusları” yoxdur. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları cinayətkardırlar. Onlar 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisinə keçərək, burada pozuculuq, terror və təxribatı işləri ilə məşğul olmağı planlaşdırıblar.

Məhkəmənin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiasını da təmin etməməsi məntiqidir. Çünki o qənimətlər müharibə qanunlarına görə Azərbaycana aiddir. Azərbaycan isə bu parkı yaratmaqla həm də müharibənin acı nəticilərini təbliğ edir. Bir də dünyanın bir sıra dövlətlərin İkinci dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətini əks etdirən çoxsaylı eksponatlar var. Hərbi Qənimətlər Parkı da müharibənin, işğalçının və kapitulyasiyanın rəmzi sayıla bilər.

Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırması iddiası da təmin olunmadı. Bəhs etdiyimiz qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal edib və qeyd-şərtsiz həmin ərazilərdən çıxması da vurğulanıb. Bu baxımdan Azərbaycan beynəlxalq ictimaiyyətin 30 ilə yaxın bir müddətdə etmədiyini, beynəlxalq hüquq normalarına uyğun olaraq 44 gündə həyata keçirərək ərazi bütövlüyünü bərpa edib. Odur ki, bu müharibədə başlıca cinayətkar Ermənistandır. O, işğalçılıq siyasətini yürütməklə həm öz vətəndaşlarının, həm də Azərbaycan vətəndaşlarının hüquqlarını tapdayıb, pozub.

Ermənistan etnik ayrı-seçkilik təbliğatı üzərində qurulan bir təşkilat və ya dövlətdir. Onların saxta soyqırımı iddiaları, qonşu dövlətlərin ərazilərinə iddialar və s. bunu təsdiqləyir. Ermənistan türklərə, azərbaycanlılara qarşı fəaliyyət göstərən ASALA, VOMA və FOGA kimi terrorçu qrupları dəstəkləyir. Bu cinayətkar dəstələr Azərbaycan torpaqlarının işğalında iştirak ediblər. Ancaq indiyədək cəzalandırılmayıblar. VOMA-nın yaratdığı “könüllü” batalyonların yaradılmasında Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan iştirak etmişdi. Bu təşkilatların niyyətləri “Böyük Ermənistan” xülyasına nail olmaqdır. Onlar iddia edirlər ki, “Keçmişin Böyük Ermənistanı bu gün də Böyük olmalıdır”. Bu, Ermənistanın terror və etnik ayrı-seçkiliyi dəstəkləməsinə dair çoxsaylı faktlardan nümunələrdir.

Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətli saymaq olar. Məhkəmənin qərarı bir daha sübut etdi ki, Ermənistanın irəli sürdüyü iddialar yersiz və əsassızdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ermənistan işğalçı olduğunu ört-basdır etmək üçün etmək, beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edib, əzabkeş rolunu oynamaq üçün məhkəməyə müraciət etmişdi. Onun bu cəhdi uğursuzluğa düçar olub. Rəsmi İrəvan məhkəməyə müraciət etməklə həm də ölkə ictimaiyyətinə özünü işgüzar göstərməyə, cinayətkar əməllərini gizlətməyə çalışıb.

Nəhayət, 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra III Reyxin rəhbərləri üzərində Nürnberq prosesi oldu. Onda Faşist Almaniyasının rəhbərləri ittiham olunan tərəf idi. Çünki müharibəni başlamış və beynəlxaq hüququ pozaraq başqa dövlətlərin ərazilərini işğal etmişdi. Bu baxımdan Ermənistanda işğalçı tərəf olduğundan belə məhkəmədə cavabdeh tərəf kimi çıxış etməli idi. Belə düşünmək olar ki, rəsmi İrəvanın iddialarının qəbul etdilməməsi də işğalçıya ilk dərsdir...

Son xəbərlər

Orphus sistemi