Yuxarı

Bern görüşünün "nəticələri" - ŞƏRH

Həmsədrlərin yaydıqları birgə bəyanatda bircə cümlə yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin 2016-cı ildə həllinə nəsə ümid yaransın

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentlərinin Berndəki görüşü nəticəsiz qaldı. Başqa cür olması da çətindir. Çünki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur, Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır. Bern görüşünün Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi baxımından da nəticəsiz qalacağı əvvəlcədən bəlli idi. Rusiya Türkiyəni hədəf aldığı dövrdə Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasında maraqlı deyil.

Qayıdaq Bern görüşünə. Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü uzun çəkmədi. Bunun özü də görüşün nəticəsiz qaldığına işarə idi. Elə görüşü şərh edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “tərəflərin mövqeyində heç bir dəyişiklik yoxdur” sözləri də bunu sübut edir.

Görüşün nəticəsiz qalacağı əvvəlcədən çoxlarına bəlli idisə, həmsədrlər niyə ciddi-cəhdlə prezidentlərin görüşdürmək istəyirdilər?

Bunun bircə səbəbi var: İlin sonudur, həmsədrlər 2015-ci ilin hesabatını hazırlamalıdırlar. Ancaq həmin hesabatda nə yazacaqdılar ki? Cəbhə bölgəsində atəşkəs intensiv pozulur, atəşkəsin mövcud olduğu 21 ildə tərəflər ilk dəfə ağır texnikadan istifadə edirlər, üstəgəl də prezidentlərin görüşü alınmırdı.

Həmsədrlər 2015-ci ildə prezidentləri əvvəlcə sentyabr ayında BMT-nin sessiyası çərçivəsində Nyu-Yorkda görüşdürmək istədilər. Bu alınmadı. Azərbaycan prezidenti BMT sessiyasına qatılmadı. Daha sonra həmsədrlər belə bir görüşün dekabrın əvvəlində Parisdə keçirilən iqlim dəyişikliyi zirvəsi çərçivəsində həyata keçirmək istədilər. Bu dəfə də alınmadı. Çünki, Azərbaycan prezidenti BMT sessiyası kimi iqlim dəyişikliyi zirvəsinə də qatılmadı.

Bu doğru strategiya idi. Əgər danışıqlarda irəriləyiş yoxdursa, Ermənistan prezidenti ilə görüşün əhəmiyyəti yoxdur.

Belə nəticəsiz görüşlər Ermənistan hakimiyyətinə lazımdır ki, danışıqların imitasiyasını yaratsın və bu yolla Dağlıq Qarabağ ətrafında status-kvonu uzatmağa çalışsın. Buna baxmayaraq, sonda Azərbaycan prezidenti həmsədlərin çoxsaylı istəkləri əsasında Berndə erməni həmkarıyla görüşə razılıq verdi. Çünki, əks halda qarşı tərəf deyəcəkdi ki, Azərbaycan görüşdən yayınır.

İndi həmsədrlərin öz xarici işlər nazirlərinə və ATƏT sədrinə yazacaqları hesabatda yeganə “pozitiv” bənd olacaq: “İlin sonunda prezidentləri görüşdürdük”. Bununla aydın olur ki, Bern görüşü prezidentlərdən çox həmsədrlərə lazım idi. Ancaq həmsədrlər anlamalıdırlar ki, bu kimi nəticəsiz görüşlərlə münaqişənin həllini yaxınlaşdırmırlar, sadəcə dekorativ görüntü yaradırlar.

Həmsədrlərin yaydıqları birgə bəyanatda bircə cümlə yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin 2016-cı ildə həllinə nəsə ümid yaransın. Bəyanatdakı bəndlərdən biri budur: “Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”. Guya Bernə qədər bu mövqelər bəlli deyildi ki? Həmsədrlər il ərzində bir neçə dəfə bölgəyə səfər edib və mövqeləri aydınlaşdırıblar.

Və ya bəyanatda yazıblar ki, prezidentlər ağır texnikanın istifadəsindən narahatdırlar. Azərbaycanın niyə belə bir narahatlığı olmalıdır ki? İşğalçı dövlət Dağlıq Qarabağdan kənardakı (Ağdam, Füzuli...) hərbi postlarını yığışdırmayana qədər ağır texnika da işləyəcək, atəşkəsin pozulmayacağı təminatı da yoxdur. Əgər həmsədrlər ağır texnikanın istifadəsini təhlükəli hesab edirlərsə, ilk addımları Ermənistanı Dağlıq Qarabağ ətrafındakı postları yığışdırmağa inandırmaqdır. Həmsədrlər bunu da bacarmırlarsa, ağır texnika yerindən tərpənməyəcək.

Həmsədrlərin sonuncu cümləsi özlərinə aiddir: “Dövlət başçıları Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”.

Heç bir iş görməyiblər, hələ bizi zorla onlara “inanmağa” məcbur edirlər.

Elxan Şahinoğlu, xüsusi olaraq Report” üçün.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi