Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?!

Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?! Bayaq "facebook"da Azərbaycanın Baş epidemioloq İbadulla Ağayevin jurnalistlə olan səs yazısına qulaq asdım.
Analitika
2 İyul , 2020 18:03
Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?!
İbadulla Ağayev

Bayaq "Facebook"da Azərbaycanın Baş epidemioloqu İbadulla Ağayevin jurnalist həmkarımızla səs yazısına qulaq asdım. Baş epidemioloqumuz deyir ki, mən rayondayam, ölkədəki  pandemiya və epidemioloji durumla bağlı heç nə deyə bilmərəm, ümumiyyətlə, heç nə deyə bilmərəm, gedin TƏBİB-dən, Səhiyyə Nazirliyindən soruşun...

İbadulla müəllim, siz heç hansı vəzifəni tutduğunuzu bilirsinizmi? Vəzifənizin məsuliyyətini dərk edirsinizmi? Bütün dünyada pandemiya şəraitidir, dünyanın bir parçası olan Azərbaycanda da yoluxanların sayı gündən-dünə artır, xəstəxanalar dolur. Siz indi pandemiya müharibəsinin mərkəzində olmalı idiniz, amma rayona getmisiniz.

İroniyasız, ciddi soruşuram, siz epidemioloji strategiya hazırlamısınızmı? Ümumiyyətlə, Azərbaycanın belə bir strategiyası varmı? Bunu hamıdan yaxşı siz bilməli idiz...

Bu yazını hazırlayarkən 70 yaşlı İbadulla Ağayevin vikipediya səhifəsinə baxdım. Sən demə, hörmətli İbadulla müəllim  1992-ci ildən Səhiyyə Nazirliyinin Baş epidemioloqudur. Həmin il anadan olan körpələr böyüyüb bağçaya, məktəbə gedib və bitirib. Hərbi xidmətdə olub. Ali məktəbi başa vurub. Ailə qurub, övlad sahibi olub. Amma İbadulla müəllim yenə də həmin vəzifəsində qalıb.

Əlbəttə, bir insanın uzun illər öz vəzifəsində qalması mümkündür, amma bu, o halda olmalıdır ki, o, əvəzolunmaz mütəxəssis olsun. Biz bilmirik ki, ölkədə İbadulla doktoru əvəz edəcək başqa epidemioloq var, yoxsa yox. Amma görünən odur ki, İbadulla həkim indiki pandemiya şəraitində xalqı inandıracaq bir açıqlama vermir. "Nəyə deyirsiz and içim"lə olmur axı. İndi isə ümumiyyətlə açıqlama vermir, rayona gedir... Gah özünün xəstə, gah da yaxın qohumunun vəfat etdiyini bildirir.

İbadulla müəllim şəxsən mənim yaddaşımda televiziya və mətbuatda "ölkədə epidemioloji vəziyyətin sabit olması" ilə bağlı açıqlamaları ilə qalıb. Əlbəttə, söhbət COVID-19 pandemiyasından əvvəlki dövrlərdən gedir. Hətta elə olurdu ki, ətrafımızda qripə yoluxmayan tək-tük adam qalırdı, amma hörmətli professorumuz  "epidemioloji durumun nəzarətdə olduğunu" və heç bir virusun kütləvi yayılmadığını iddia edirdi.

Onun ölkə üçün necə “vacib” mütəxəssis olması isə koronavirus pandemiyası vaxtı üzə çıxdı.

Görəsən, İbadulla müəlimin dünyada tibb alimlərinin sonuncu elmi tədqiqatlarından, yeniliklərindən xəbəri varmı? İnanıram ki yoxdur. Çünki Baş epidemioloqumuz heç televizora da baxmadığını deyir. Bu, kulminasiyadır, ən sonuncu lətifədir, bundan o yanası yoxdur!

Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?!

Son xəbərlər

Orphus sistemi