Yuxarı

Baş redaktorlar: "Azərbaycan mediasının hazırki durumu qənaətbəxşdir" - RƏYLƏR

​Baş redaktorlar: Azərbaycan mediasının hazırki durumu qənaətbəxşdir

“Azərbaycan mətbuatı yenilənib, mediamız dünyaya uyğunlaşmaqdadır. Düşünürəm ki, dünya mediasından heç də geri qalmır, yalnız auditoriyasında geri qalır. Bu da əhali nisbəti ilə bağlıdır. Azərbaycanda media mühiti qənaətbəxşdir, qəzetlər, saytlar informasiya çatdırır, oxucular da yararlanır”

Bunu “Report”a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Baş redaktor qeyd edib ki, Azərbaycan milli mətbuatının qurucusu Həsən bəy Zərdabi bu günü görsəydi, doğrudan da fəxarət hissi keçirərdi: “Çünki Həsən bəy Zərdabi qəzetçiliyə maarifləndirmə üçün gəlmişdi. O, məqaləsində yazırdı ki, hər gün qəzet oxuyanların sayı 10 nəfər artarsa, bu, böyük nəticə olar. Qəzet oxuyanların sayının artması nəinki baş verib, bu gün Azərbaycanda hər kəs xəbər istehsalçısıdır, daşıyıcısıdır. Sosial şəbəkələrdə hər kəsin səhifəsi var, yüz minlərlə azərbaycanlı şəbəkənin imkanlarından istifadəetmə vərdişlərinə yiyələnib. Azərbaycanda internet tam azaddır. Ölkədə mətbuat günü milli bayram kimi qeyd olunur, bunun da səbəbi həm cəmiyyətin, həm də dövlətin media, jurnalistlərlə bağlı həssas olmasıdır. İqtidar bu məsələdə diqqətlidir”.

R.Arifoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Həsən bəy Zərdabidən bizə əmanət qalan çap mediasına sahib çıxıb, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaradıb: “Bu işlə məşğul olan, son illərin ən yaşlı qəzeti – “Yeni Müsavat” qəzetinin baş redaktoru kimi deyə bilərəm ki, Prezidentin dəstəyi olmasaydı, çap mediasının vəziyyəti çox pis olardı. Çünki qəzeti saxlamaq, məsrəflərini qaşılamaq çox ağırdır. Bu ənənə davam edir. Biz həm qəzet təmsilçisi, həm də oxucusu olaraq məmnunuq, gələcək üçün də olduqca nikbinik”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də medianın hazırki vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib: “Milli Mətbuat Günü əlamətdar günlərindən biridir. Başqa peşə sahələrinin bayramlarından fərqli olaraq Milli Mətbuat Günü hər kəsin, hər bir fərdin bayramı kimi qeyd olunur. Bu, daha çox qlobal bayram tədbiri təsiri bağışlayır. 144 il az müddət deyil, bu müddət ərzində ölkəmizdə bir neçə nəsil bir-birini əvəz edib, bu nəsillərin hər birinin milli mətbuatın formalaşmasında rolu olub. Mətbuat bu və ya digər formada insanların taleyinə təsir göstərir. Ona görə də mətbuat gününü cəmiyyətin bayramı kimi qiymətləndirmək olar. Azərbaycan mətbuatı böyük inkişafı yolu keçib, 1875-ci ildə bir qəzetdən ibarət olan mediamız bu gün geniş kateqoriya altında ifadə olunan mediaya çevrilib. Yəni media yalnız qəzet və jurnallardan deyil, böyük elektron resurslardan – televiziya, radio, agentliklərdən ibarətdir. Bütün bunlar dövlətimizin, xalqımızın böyük informasiya resursudur, dövlətin, cəmiyyətin gücünü göstərir.

Azərbaycanda xüsusilə müstəqillik illərində medianın inkişafının ən böyük göstəricisi dövlətçi olmasıdır”.

A.Quliyevin sözlərinə görə, fəxarətlə demək olar ki, Azərbaycan mediası dövlətçilik resurslarından birinə çevrilib: “Dünyanın bir çox ölkələrində media cəbhəsi qeyri-müəyyəndir, müəyyən bir hissə kənar qüvvələrin təsiri altında, digər hissəsi özbaşına fəaliyyət göstərir. Bir sözlə, mediada bir xaosun hökm sürdüyü ölkələrdən fərqli olaraq Azərbaycanda media sistemin elementinə çevrilib, bu sistemin başında isə dövlətin ali mənafeləri dayanır. Azərbaycan mediası sübut etdi ki, dövlətin dəstəyinə söykənməyən media inkişaf edə bilməz, vətənpərvər media ola bilməz. Bizim gücümüz dövlət mənafeləri ilə birlikdə olmağımızdadır”.

Xatırladaq ki, 22 iyul Azərbaycanda milli mətbuatın yaranması günüdür.

144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi