Baş məşqçilərin şərikli çempionluqları: Titul kimin adına yazılmalıdır? - ARAŞDIRMA

Baş məşqçilərin şərikli çempionluqları: Titul kimin adına yazılmalıdır? - ARAŞDIRMA Məşqçilər Komitəsi üzvlərinin fikirləri haçalanır, PFL bunu klublardan asılı məsələ sayır
Analitika
23 Fevral , 2016 09:39
Baş məşqçilərin şərikli çempionluqları: Titul kimin adına yazılmalıdır? - ARAŞDIRMA

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının arxada qalan 23 mövsümündə çempion komandaların sayı kimi bu titulu qazanan baş məşqçilər də çox olmayıb. "Report"un məlumatına görə, ötən müddətdə 8 komanda qalib adına sahib çıxıb.

Bunlar "Neftçi", "Qarabağ", "Kəpəz", "Şəmkir", "Bakı", "İnter", "Xəzər Lənkəran" və "Turan"dır. Təbii ki, bu çempionluqlarda mübahisələr də olub. Məsələn, 1997-ci ildə AFFA "Qarabağ"ı çempion kimi tanısa da, UEFA Çempionlar Liqasına "Neftçi"nin qatılmasını məqsədəuyğun sayıb. Mübahisəli çempionluğa Peşəkar Futbol Liqası (PFL) yaradıldıqdan sonra nöqtə qoyulub. PFL "Neftçi"ni çempion kimi tanıyıb və "Qarabağ" da bununla razılaşıb.

Əlbəttə, komandanın çempionluğunda baş məşqçilərin əvəzsiz rolu var. Onların sayı isə 10-dur: Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Kazbek Tuayev, Mehman Allahverdiyev, Qurban Qurbanov, Arif Əsədov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Tsxadadze, Əhməd Ələsgərov. Amma sayları 11-ə də çevrilə bilərdi. Elə 1996-1997 mövsümündə "Neftçi"nin yox, "Qarabağ"ın çempionluğu tanınsaydı, bu siyahıya Elbrus Abbasov da əlavə olunacaqdı. Həmin mövsümün sonunda "Neftçi"nin 2 yerə parçalanması və komandanın Çempionlar Liqasına Ruslan Abdullayevin rəhbərliyi altında yollanması isə baş məşqçilərin göstərdikləri nəticədən asılı olmayaraq, asanlıqla dəyişdirilməsinin mümkünlüyünü göstərir. 

Elə hallar da olur ki, mövsümün finişinə az müddət qalmış komandanı uğura aparan baş məşqçi ilə yollar ayrılır və onu başqası əvəzləyir. Elə bu zaman da təzadlı fikirlər yaranır. Mövsüm sonunda çempionluq adı, titulu komanda ilə sonda qalan baş məşqçiyə verilir. Bəs, mövsümün yarıdan çoxunu komanda ilə keçirən, uğura gedən yolda pay sahibi olan mütəxəssislər niyə xatırlanmır? Doğurdanmı həmin mütəxəssislərin komandanın uğurunda, çempionluğunda heç bir əməyi yoxdur? Əslində necə olmalıdır?

Məsələ ilə bağlı "Report"a açıqlama verən mütəxəssislərin fikirləri arasında ziddiyyət yaranıb. Onlardan bəziləri titula, ada çempion olan baş məşqçinin layiq olduğunu bildiribsə, bəziləri hər iki baş məşqçinin mükafatlandırılmasının tərəfdarıdır.

"Hər iki məşqçinin adının hallanması qəliz məsələdir"

"Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov bunu klubun daxili işi saydığını deyib. Onun sözlərinə görə, baş məşqçiləri dəyişmək kluba aid olan məsələdir və hansı mütəxəssis çempionatı komanda ilə birgə başa vursa, ada da o layiq görülür: "Belə olan halda hər iki baş məşqçi əziyyət çəkir. Məsələn, 16 tur biri, 8 tur başqası çalışırsa, deməli, iki baş məşqçinin də əziyyəti var. Amma hər iki mütəxəssisə medal vermək olar. AFFA-ya müraciət etmək olar ki, hər iki baş məşqçiyə medal təyin edilsin. Üstəlik, hər iki mütəxəssisin adı çəkilsin".

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib ki, komandanın çempionluğunda hər bir şəxsin əli var və bu, klub rəhbərliyinin üzərinə düşən məsuliyyətdir: "Mən bu məsələyə belə yanaşıram. Ancaq "çempion" axırıncı nöqtəni qoyana deyirlər. Mənəvi tərəfdən yanaşanda isə çempionluqda komandada çalışan aşpazdan, inzibatçıdan tutmuş klub rəhbərinə qədər hər kəsin əməyi var. Çünki bu, kollektiv işidir. Hər iki məşqçinin adının hallanması qəliz məsələdir. Əvvəlki baş məşqçinin qiymətləndirilməsi rəhbərlik tərəfindən olmalıdır".

"Heç kimə imkan vermərəm ki, mənim haqqımı yesin"

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev məsələyə həmkarlarından fərqli yanaşıb. 2006-cı ildə sona 8 tur qalmış "Bakı"da Əsgər Abdullayevi əvəzləyərək, çempion olmuş mütəxəssis bildirib ki, komandanı birinci yerə hansı baş məşqçi çıxarırsa, çempion adı da onun haqqıdır: "Deməli, mən "Bakı"nı təhvil alanda komanda 5-ci yerdə idi. Bunlar gedib autsayder komanda ilə heç-heçə oynamışdılar. Bundan sonra 5 məşqçini çıxarmışdılar. Məni çağırdılar, "İmkan varsa, bu komandanı götür" dedilər. Təqvimə baxdım, irəlidə çətin oyunlar vardı. Sonda "Neftçi", "İnter" və "Turan" qalmışdı. İlk olaraq, məndən 3-cü yer istədilər. Dedilər: "Bu nəticəni göstərsən, "milli qəhrəman"san". Mən də komandanı çempion elədim. Bu, kimin adına yazılmalıdır? Niyə hər iki baş məşqçiyə mükafat verilməlidir? Son turda kim olubsa, titul onun adına yazılmalıdır. Heç kimə imkan vermərəm ki, mənim haqqımı yesin".

"Burada mənim də payım yoxdur?"

Lakin 1995-ci ildə mövsümün əksər hissəsini "Neftçi"də olan və sona yaxın klubu tərk edən Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həm əvvəl çalışan, həm də komandanı çempion edən hər iki baş məşqçiyə ad, titulun verilməsinin tərəfdarıdır: "Belə bir hadisə 1995/1996 mövsümündə başıma gəlib. Heyf ki, çempionatın Nizamnaməsində belə bir maddə yoxdur. Məşqçi komandaya xeyli vaxt sərf edir və yüksək yerlərə çıxarır. Sonra hansısa səbəb üzündən komandanı tərk edirsə, demək həmin mütəxəssisin gələcək uğurlarda payı var. Bunu sübut etmək üçün də həmin baş məşqçiyə nəsə verilməlidir. Mən komandanı yuxarı pillələrə gətirirəm, sonra başqası məni əvəzləyir. Həmin məşqçi kubokda 2-3 mərhələ adlayıb, bir neçə turdan sonra komandanı çempion edirsə, burada mənim də payım yoxdur? Fikrimcə, Nizamnamədə bu məsələ yer almalıdır. Məsələn, futbolçu mövsümün yarısından artıq hissəsini komandada çıxış edir, uğura şərik çıxırsa, niyə bu, baş məşqçiyə aid deyil? Eyni hadisə "Bakı"da olarkən Əsgər Abdullayevin başına gəlib. Düzdür, Böyükağa Hacıyev uğur qazanıb və onun bu uğuruna kölgə salmaq olmaz. Amma o çempionluqda hər ikisinin haqqı var. Çünki Böyükağa müəllimin 8 oyunluq gəldiyi komanda ondan əvvəl formalaşıb. Heç kim Hacıyevin haqqını almır, onun işi göz qabağındadır. Sadəcə, görülən işləri unutmamalıyıq. Bu gün söhbət mənəvi haqdan gedir. İstərdim ki, hər kəs öz haqqını alsın".

... və PFL-in cavabı

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə sözügedən məsələnin klubların öhdəliyində olduğunu söyləyib: "Hər bir klub çempionat bitdikdən sonra bizə medalla təltif olunacaq şəxslərin siyahısını göndərir. Biz də həmin siyahıya əsasən, təqdim edirik. Yəni, bu PFL-dən yox, klubdan asılı olan məsələdir. Klub komandanın uğurunda kimin əməyinin olduğunu hesab edir və mükafatlanmalısını istəyirsə, onun adını siyahıda qeyd edir. Çempionatın Nizamnaməsində bu məsələyə aid maddə yoxdur. Çünki bunlar klubdan asılı olan işlərdir. Biz ümumilikdə 45 medal təqdim edirik. Bu medallar klubun təqdim etdiyi siyahıya əsasən verilir".

Əslində həm mütəxəssislərin, həm də PFL rəsmisinin fikirləri eyni hədəfə vurur. Klub rəhbərliyi mövsümün yarıdan çoxunu komanda ilə keçirən baş məşqçinin çempionluqda əməyinin olduğunu düşünürsə, həmin mütəxəssislərə ad da vermək olar, titul da...

Son xəbərlər

Orphus sistemi