BARIŞMAQ VƏ ÇARƏSİZLİK: Ermənistan regionda kommunikasiyaları açmağın faydalarından danışmağa başlayıb

BARIŞMAQ VƏ ÇARƏSİZLİK: Ermənistan regionda kommunikasiyaları açmağın faydalarından danışmağa başlayıb Erməni iqtisadçı: "Yalnız müsbət gözləntilər yaratmaqla artıma nail olmaq mümkün deyil”
Analitika
394
4 Oktyabr , 2021 20:12
BARIŞMAQ VƏ ÇARƏSİZLİK: Ermənistan regionda kommunikasiyaları açmağın faydalarından danışmağa başlayıb

Bütün dünyanı Azərbaycanın siyasi, hərbi və iqtisadi gücünə və regiondakı liderliyinə inandıran 44 gün...

İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan torpaqlarının təxminən 30 illik işğaldan qurtulması demək deyil, bu, həm də bütün qonşu ölkələrin inkişafına ciddi təsir edə biləcək bir çox siyasi, xüsusən də iqtisadi düyünlərin çözülməsidir.

Yeganə şans

Bu, Azərbaycan üçün iqtisadiyyatın müxtəlif sahələrində əlavə imkanlar, ümumilikdə iqtisadiyyata böyük töhfə deməkdir. Ancaq ölkə bunsuz da regionda bütün iqtisadi mövqelər üzrə liderliyini qoruyub saxlayır.

Amma işğalçı və məğlub tərəf olan Ermənistan isə Qarabağ münaqişəsinin həlli nəticəsində ən böyük iqtisadi benefisiar ola bilər. Axı məhz onlarda təxminən 30 ildən sonra, nəhayət, yeni nəqliyyat qovşaqları vasitəsilə dünya iqtisadi sisteminə yenidən daxil olmaq, xarici investisiyalar cəlb etmək və hətta yardım istəmək, onu əldə etmək şansı yaranır.

Bax elə bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə açıqlamasında Ermənistan, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpasının onların təşəbbüslərinin imkanlarını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını söyləyib. Onun sözlərinə görə, Dünya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökumətinin hesablamalarına görə, üç ölkə arasında nəqliyyat əlaqələrinin bərpası hətta pandemiya fonunda belə Ermənistan ÜDM-in artımını təmin edəcək.

Bundan bir qədər əvvəl isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında Rusiya, Ermənistan və Azərbaycanın regiondakı iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməkdə qərarlı olduqlarını söyləyib. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözlərinə görə, əlaqələrin bərpa olunması müsbət təsir göstərəcək, lakin bunun nəticəsində ölkələr arasında ticarətin dəqiq nə qədər artacağını proqnozlaşdırmaq hələ tezdir.

30 il, minlərlə ölü, dağıntı və xaos - görəsən, Ermənistanın Azərbaycanla düşmənçiliyin onun iqtisadiyyatını tamamilə məhv etdiyini, əhalisinin böyük hissəsini yoxsulluğa sürüklədiyini, ölkəni hələ uzun müddət çıxa bilməyəcəyi borc çuxuruna saldığını başa düşməsi və qəbul etməsi üçün daha nə baş verməli idi?!

Sıfırdan inkişaf

Bu gün Ermənistan hökuməti gözlənilən ÜDM artımını, demək olar, iki rəqəmlə ifadə edərək ilk dəfə optimist proqnozlar verir. Əslində bu ölkənin iqtisadiyyatına sözün əsl mənasında “küldən yaranmaq” lazım olacaq - bir çox sahələri sıfırdan qurmaq, investorları ölkə daxilindəki siyasi vəziyyətin sabitliyinə inandırmaq üçün uzun müddət çalışmaq, “beynəlxalq təşkilatlar”dan yeni borclar istəmək lazımdır.

Ölkənin praktiki olaraq heç bir ehtiyatı da yoxdur: valyuta ehtiyatları 3,1 milyard ABŞ dollarıdırsa, dövlət borcları bundan üçqat çoxdur - artıq 9 milyard ABŞ dollarını keçib. Müqayisə üçün qeyd edək ki, sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 53 milyard ABŞ dollarını keçib, dövlətin xarici borcu isə 7,8 milyard ABŞ dolları təşkil edir.

Ermənistan Statistika Komitəsi 2021-ci ilin yanvar-iyul ayları üzrə rəsmi məlumatları açıqlayıb və ona əsasən, yeddi ay ərzində iqtisadi aktivliyin 5,2% artmasına baxmayaraq, iyul ayında bu göstərici cəmi 0,2% artıb. Bu isə o deməkdir ki, əslində iqtisadi aktivliyin artım tempi bir neçə dəfə azalıb. Erməni iqtisadçı Suren Parsyanın fikrincə, belə azalma templəri fonunda iqtisadiyyat nazirinin ikirəqəmli iqtisadi artım təminetməylə bağlı “proqnozu” insanların diqqətini çəkmək üçün atılmış növbəti marketinq addımıdır. “Yalnız müsbət gözləntilər yaratmaqla ikirəqəmli artıma nail olmaq mümkün deyil”, - o bildirb.

İqtisadçı əmindir ki, belə şəraitdə investisiya axını və dinamik inkişaf edən iqtisadiyyat axtarmağın mənası yoxdur, çünki bütün bunların hamısı yalandır. “Reallıq isə budur ki, iqtisadiyyatımız hazırda ətalət vəziyyətindədir. 5,2%-lik artım isə yalnız keçən ilin zəif göstəriciləri və dağ-mədən sferası sayəsində təmin edilib”, - S.Parsyan vurğulayıb.

Seçim özlərinindir

Beləliklə, Ermənistan iqtisadiyyatının vəziyyəti acınacaqlıdır. Vəziyyəti düzəltmək şansları varmı? Əlbəttə ki, var. Bu, regionda kommunikasiyaların bərpa edilməsi, o cümlədən bütün region ölkələrinə fayda verəcək Zəngəzur dəhlizinin açılmasıdır.

Zəngəzur dəhlizi özündə təkcə dəmir yolu xəttini deyil, həm də avtomobil əlaqəsini ehtiva edir. Dəmir yolu xəttindən danışdıqda söhbət Horadiz-Ağbənd dəmir yolu xəttindən, 44 km uzunluğa malik Zəngəzur (Mehri) hissəsindən, Ermənistan sərhədi-Ordubad (11 km) və Ordubad-Naxçıvan-İrəvan, İrəvan-Gümrü-Qars xətlərindən gedir.

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ümumi müzakirələrdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir daha nəqliyyat layihələrinin regionda sülhə və əməkdaşlığa xidmət edən sahələrdən birinə çevrilə biləcəyini vurğulayıb. “Bu baxımdan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq”, - dövlət başçısı vurğulayıb.

Əlbəttə, Zəngəzur vasitəsilə kommunikasiyaların açılması Ermənistan üçün də çox faydalıdır, ən azından, nəhayət, əsas iqtisadi tərəfdaşlarından biri olan İranla dəmir yolu əlaqəsi əldə edəcəklərinə görə. Faktiki olaraq, onlar özləri-özlərini saldıqları və 30 ildir qaldıqları blokadadan çıxacaqlar və iqtisadiyyatlarını dağıntılar altından çıxarıb toplamaq, müəyyən şəkildə sosial problemləri həll etmək üçün real şans qazanacaqlar. Bunun üçün etmələri lazım olan yeganə şey, nəhayət, öz problemlərinə diqqət yetirmək və çılğın revanşizm fikirlərindən əl çəkməkdir. Ermənistan üçün bu, vaxt, enerji və pul itkisidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və bunu hamı nəzərə almalıdır, Ermənistan isə regional əməkdaşlıqla qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir.

Ümid edək ki, Ermənistanın iqtisadiyyat nazirinin yuxarıda vurğuladığımız bəyanatı regionun digər ölkələri ilə birgəyaşayışın və Azərbaycanın danılmaz liderlik mövqeyi ilə barışmağın ilk təzahürləridir. Hərçənd tarix bizə qonşularımıza etimad məsələsinə skeptik yanaşmağı da öyrədib...

Nigar Quluzadə - ekspert

Son xəbərlər

Orphus sistemi