"Bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir" - RƏY

"Bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir" - RƏY Azərbaycanın bank sektoruna pandemiyanın təsiri özünü belə tez göstərə bilməz. Bunun üçün bir az uzun vaxt lazımdır. Odur ki, əgər hansısa göstəricilərdə mənfi fəsadlar, meyllər ortaya çıxıbsa, bu sektorun vəziyyətindən irəli gəlir, koronavirus səbəbindən
Analitika
2 İyun , 2020 16:00
Bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir - RƏY

Azərbaycanın bank sektoruna pandemiyanın təsiri özünü belə tez göstərə bilməz. Bunun üçün bir az uzun vaxt lazımdır. Odur ki, əgər hansısa göstəricilərdə mənfi fəsadlar, meyllər ortaya çıxıbsa, bu sektorun vəziyyətindən irəli gəlir, koronavirus səbəbindən deyil. Bizdə bank sektoru sağlam vəziyyətdə deyil. Bu, isbata ehtiyacı olmayan məsələdir. Mövcud iqtisadi şərait pisləşdikdə isə hər şey daha əyani üzə çıxır.

Bütün bunları qoyuram kənara. Lap tutaq ki, hər şeyi pandemiya korlayıb. Ancaq bank sektoru iqtisadiyyatın elə bir sahəsi deyil ki, sağlam vəziyyətdədirsə, kənar və subyektiv təsirlərin ucbatından dərhal pis vəziyyətə düşsün. Sözügedən sektoru və yaxud sistemi mənfi mənada silkələmək üçün gərək həm də onun özü "xəstə vəziyyətdə" olsun...

Azərbaycanda bank sektoru isə əvvəldən qeyri-sağlam vəziyyətdədir. Və bu yaxında, dəqiq desəm, karantin rejimi müddətində sayca 4 bankın lisenziyasının əllərindən alınması, başqa sözlə desəm, bağlanması da buna sübut idi.

Yeri gəlmişkən, dəfələrlə yazmışam ki, bank sektorunu sağlamlaşdırmaq üçün təkcə bankları lIlhəğv etmək - onların lisenziyasını əlindən almaq və sıradan çıxartmaq çıxış yolu deyil.

Banklara Mərkəzi Bank tərəfindən dəstək lazımdır. Məsələn, keçən il Prezident İlham Əliyev tərəfindən müdaxilə olunaraq problemli kreditlər məsələsi yoluna qoyulduğu və banklar "süni nəfəs aparatından" ayrıldığı kimi...

Bunun müqabilində "qılıncı ələ alaraq edam həyata keçirmək" düzgün siyasət deyil. Bu məsələ real sektorun və bazarın öhdəsinə buraxılmalıdır. Yəni sistemin iqtisadiyyatın real sektoru maliyyələşdirməsinə tədricən, nail olmaqla.

Düşünməyə dəyməzmi?

Sözüm bunda deyil. Bəli, ilin əvvəlindən bəri, bankların ən çox meyl etdikləri və gəlir götürdükləri istehlak kreditlərinin verilməsi azalıb, əmanət qoyuluşu aşağı düşüb, aktivlər nisbətən pisləşib, bunlar azmış kimi ilin axırına Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma proqnoz edilir və sair...

Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, ölkədə bağlanmış məlum 4 bankda yerləşdirilmiş 680 milyon manat sığortalı əmanətin geri ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondunun cəmi 200 milyon manatı var ki, gücü yalnız buna çatır.

Qalan 480 milyon manat məbləği isə Mərkəzi Bank verməlidir və verəcək.

Yəni kredit şəklində adı çəkilən fonda ötürəcək ki, bütün 680 milyon manatı qaytarmaq mümkün olsun. Özü də 200 milyon manatlıq hissəni xarici valyuta şəklində.

Ardınca əlavə olunub ki, ilin sonunadək Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma baş verəcək.

Sual edirəm: indi bu arada həmin 4 bankı bağlamaq lazım idimi ?! Bağlanmalı idisə, hələlik yalnız ən pis vəziyyətdə olana (Atabank) bunu tədbiq etmək mümkün deyildimi?!

Axı bu arada 480 milyon manat məbləği Mərkəzi Bankdan Əmanətlərin Sığortalanması Fonduna kredit şəklində vermək heç də səmərəli deyil. Çünki bir yandan neftin dünya bazarında qiymətləri aşağı olduğundan ölkəmizin valyuta gəlirləri azalıb, digər yandan məlum səbəbdən həm dünyada, həm də ölkə iqtisadiyyatında iqtisadi aktivlik sıfır səviyyəsindədir.

Belə şəraitdə Mərkəzi Banka valyuta ehtiyatlarını qorumaq lazımdır, yoxsa ondan kredit vermək? Özü də hansı quruma və hansı məqsədlə?! Əmanətlərin Sığortalanması Fonduna - camaatın pulunu qaytarmaq üçün...

Bəs sabah valyuta bazarımızda Mərkəzi Bankın dollarına ehtiyac yarana bilməzmi ?! Buna axı zəmanət yoxdur ! Doğrudanmı, neftin 30 ABŞ dolları qiyməti fonunda manatın yaxın və orta perespektivdə taleyi üçün arxayınlıq var ?

Bu, bir yana qalsın. 2015-2016-cı illərdəki böhrandan sonra ölkənin bank sistemində 11-dən çox bank bağlanmışdı. Proses davam edəcəkdi, sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin, dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı.

Çünki başqa əlac yox idi.

Təkcə Beynəlxalq Bank dövləti "beli üstə" qoydu. Belə ki, hökumət bankın xarici öhdəlikləri qarşısında bütün cavabdehliyi üzərinə götürməklə bir növ bank sistemini və o cümlədən maliyyə sektorunu nüfuzdan düşməkdən qorudu.

Belə ki, adı çəkilən bank sistem əhəmiyyətli bank olduğundan başqa çarə də yox idi. Və odur ki, hökumət lazım olanı etdi.

Məsələ bundadır ki, 2005-2006-cı ildəki böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru iflic vəziyyətində qalmaqda davam edirdi.

Yalnız dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladı ki, bu da bir növ koma vəziyyətindən çıxmağa bənzədi.

Odur ki, keçən ilin sonuna ölkənin bank sektorunda vəziyyətin normallaşdığını desəm, səhv edərdim, yox əgər, “2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir” desəm, yenə yanılardım.

Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyildi və həmin vəziyyətdə sayıla da bilməz.

Lakin ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə, məqsədinə də uyğun deyil, çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir.

İqtisadçı-ekspert Pərviz Heydərov

Son xəbərlər

Orphus sistemi