Yuxarı

"Azərbaycanın Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi göstərir ki, Bakıda ən mürəkkəb məsələlərin müzakirə edilməsinə şərait var" - RƏYLƏR

"Bakıda ən mürəkkəb məsələlərin müzakirə edilməsi üçün şərait var"

“Azərbaycan Qoşulmama Hərəkatının XVIII sammitinə ev sahibliyi etməklə bir daha dünyaya nümayiş etdirir ki, Bakıda ən mürəkkəb məsələlərin müzakirə edilməsi şərait var”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Bakı sammitin keçiriləcəyi oktyabrın 25 və 26-da yenidən dünyanın diqqət mərkəzində olacaq: “BMT-dən sonra say tərkibinə görə ikinci yerdə olan Qoşulmama Hərəkatına 120 dövlət daxildir. Azərbaycan 2011-ci ildən bu təşkilatın üzvüdür. Yeri gəlmişkən, 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyünə səsvermə zamanı Qoşulmama Hərəkatının üzvləri birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Ötən il bu hərakata daxil olan ölkələrin Xarici İşlər nazirlərinin zirvə görüşünə ev sahibliyi edib. İndi isə dövlət və hökumət başçılarının görüşünə ev sahibliyi edir. Məlumata görə, 60-a yaxın ölkənin dövlət və hökumət başçısı bu tədbirdə iştirak edəcək. Ümumilikdə 158 ölkədən nümayəndə heyətlərinin Bakıya gələcəyi gözlənilir. Azərbaycan bir daha dünyaya nümayiş etdirir ki, Bakıda ən mürəkkəb məsələlərin müzakirə edilməsi şərait var. Son iki il ərzində 5 dəfə - Rusiya və NATO-nun, Rusiya və ABŞ-ın ali hərbi rəhbərlərinin görüşü məhz Bakı şəhərində keçirilib. Azərbaycanın paytaxtı dünyanın ən nəhəng beynəlxalq tədbirlərinin keçirildiyi məkandır. Hər bir tədbir qəbul etdiyi sənədlər baxımından əhəmiyyətlidir. Ən başlıcası odur ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər təşkilat çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin prinsipial mövqeyini müdafiə edirlər. Onlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ideyasını müdafiə edirlər”.

Elman Nəsirov

Deputat Elman Nəsirov

“Azərbaycan Qoşulmama Hərəkatının XVIII sammitinə ev sahibliyi etməklə bir daha dünyaya nümayiş etdirir ki, Bakıda ən mürəkkəb məsələlərin müzakirə edilməsi şərait var”.

E.Nəsirov qeyd edib ki, sammit çərçivəsində qəbul ediləcək 3 sənəddə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd salınıb.

Parlamentin üzvü vurğulayıb ki, belə bir nəhəng tədbirin keçirilməsi ilə Azərbaycanın beynəlxalq imici yüksəlmiş olur, ölkəmizə olan etimad daha da güclənir: “Bu da dövlət başçısı İlham Əliyev düşünülmüş, məqsədyönlü siyasətinin nəticəsidir”.

Deputat sammitdə iştirak üçün Venesuela prezidenti Nikolas Maduronun Bakıya gəlişinə də münasibət bildirib: “Siyasi opponentlər Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakına öz daxili prizmalarından yanaşmağa cəhd edirlər. Bir şeyi bilmək lazımdır ki, Maduroya münasibətdə müxtəlif yanaşma olsa da, o, dünyada Venesuela dövlətinin rəhbəri kimi qəbul olunub. Qoşulmama Hərəkatına üzv dövlətlər də Maduronu Venesuelanın rəhbəri kimi tanıyır. Belə olan halda, onun Bakıya gəlişi normaldır. Maduro Venesuelanın dövlət başçısı vəzifəsindən uzaqlaşdırılmayıb, ali vəzifəni daşıyır... Bu, daha çox ondan qaynaqlanır ki, müəyyən siyasi dairələr çalışır ki, Azərbaycan keçirilən bu mötəbər tədbirə kölgə salsın, ləkələsin. Azərbaycan bu tədbirin keçirilməsinə yüksək səviyyədə hazırlaşıb. Azərbaycan sabit, inkişafda olan ölkədir. Sammitə qatılanlar görəcəklər ki, ölkədə iqtidar-xalq birliyi mövcuddur. Bu birlik olmadıqda, inkişaf da ola bilməz. Fikir verdinizsə, radikal müxalifət ciddi cəhdlə çalışdı ki, tədbirin keçirilməsinə kölgə salsın. Oktyabrın 19-da Bakının mərkəzində keçirilən qanunsuz mitinq mahiyyətcə bu tədbirə kölgə salmaq cəhdi idi. Yəni, beynəlxalq ictimaiyyətə göstərmək istəyirdilər ki, Azərbaycanda qarışıqlıqdır, toqquşmalar olur, ictimai-siyasi sabitlik pozulur. Azərbaycan xalqı, ictimaiyyəti vətəndaş həmrəyliyi nümayiş etdirdi, xalq və iqtidar birliyi öz gücü göstərdi”.

Milli Məclisin deputatı Elman Məmmədov “Report”a açıqlamasında deyib ki, Qoşulmama Hərəkatının XVIII sammitinin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Elman Məmmədov

Deputat Elman Məmmədov

"Maduronun Bakıya gəlişində qəbahət görmürəm".

E.Məmmədov xatırladıb ki, Azərbaycan bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib: “Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi və bu tədbirlərdə Azərbaycan – Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, əlaqələrin möhkəmləndirilməsi baxımından vacibdir. Azərbaycan balanslaşdırılmış, hansısa ölkənin daxili işinə qarışmamaq siyasəti həyata keçirir. Bakının belə tədbirlərə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu artırır”.

Deputat qeyd edib ki, Venesuela prezidenti Nikolas Maduronun Bakı gəlişi protokol qaydasıdır: “Beynəlxalq ictimaiyyət Maduronu Venesuelanın prezidenti kimi tanıyır. Hər şey fakta əsaslanmalıdır. Ona görə də Maduronun Bakıya gəlişində qəbahət görmürəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi