Yuxarı

​Bələdiyyə seçkilərində iştirakla bağlı siyasi partiyalar arasında fikir ayrılığı mövcuddur-TƏHLİL

Bələdiyyə seçkiləri növbəti seçkilər üçün keçid rolunu oynayır

Bakı. 2 sentyabr. REPORT/ Azərbaycanda bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. 2013-cü ildə keçirilən prezident seçkisindən sonra ölkədə siyasi durğunluq hökm sürür. Bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işləri təkcə hakim Yeni Azərbaycan Partiyasında (YAP) intensiv şəkildə davam etdirilir. Ümumilikdə isə ölkədə seçki aktivliyi müşahidə olunmur. Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı deyillər. Bunun da səbəbləri var: Partiyalar bələdiyyələrin statusunun olmamasından şikayətçidirlər. Seçkidə iştirakın tərəfdarı olan partiyalar bələdiyyələrə əlavə statusların verilməsini tələb edirlər. Buna görə də müxalifət düşərgəsi partiya şəklində bələdiyyə seçkilərində iştirakı vaxt itkisi hesab edir, könüllülük prinsipinə üstünlük verirlər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılmaq niyyətindədir: “Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya kimi seçkilərdə iştirak edə bilmərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsinlər. Doğrusu, seçkilərlə bağlı tərəddüd edirik, bunun da səbəbləri var. Birincisi, Azərbaycanda bələdiyyələrin statusu Avropa Yerli İdarəetmə Orqanları Xartiyasının tələblərinə cavab vermir. Bələdiyyələrin səlahiyyətləri artırılmalı, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə böyük bələdiyyələr yaradılmalıdır. İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri bələdiyyələrə verilməlidir. Eyni zamanda seçkilər demokratik və qanuni yolla keçirilməlidir. Bunlar olmadığına görə partiya üzvləri seçkidə iştirak etmək istəmirlər".

Əksər müxalifət partiyalarının toplaşdığı Milli Şurada isə seçkidə iştirakla bağlı fikir ayrılığı mövcuddur. Belə ki, Milli Şura rəhbərliyi hələ də seçki ilə bağlı müzakirə aparmayıb. MŞ-nın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib ki, qurum seçkilərlə bağlı qərar verməyib. Lakin o, şurada təmsil olunan siyasi partiyaların və ictimai təşkilatların bələdiyyə seçkilərinə getməsinə normal yanaşır: "Biz hesab edirik ki, bələdiyyə seçkilərinə seçki islahatlarına başlamaq məqamı kimi yanaşmalıyıq. Bələdiyyələr bir qayda olaraq icra orqanlarının yedək orqanına çevrilib və heç bir hakimiyyət mexanizminə malik deyil. Yəni həm seçki islahatı, həm də bələdiyyə islahatları ictimai-siyasi zərurət xarakteri daşıyır. Milli Şurada təmsil olunan partiyalar seçkiyə qatıla bilərlər. Biz buna qadağa qoya bilmərik. Amma seçkilə bağlı müzakirələr aparılmayıb”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şurada təmsil olunmasına baxmayaraq, bələdiyyə seçkiləri ilə bağlı qərar verib. Mirmahmud Mirəlioğlu siyasi partiyaların əsas məqsədinin seçkilərdə iştirak etmək olduğunu qeyd edib. Partiya sədri bələdiyyə seçkilərində iştirakın vacib olduğunu deyib: "Bələdiyyələrin statuslarının olmadığını əsas gətirib, bəzi müxalifət partiyaları seçkidə iştirakdan imtina edir. Düşünürəm, siyasi partiya seçkidə iştirak etməlidir, ona görə də belə məsələlər bizə əngəl ola bilməz. Seçki ilə bağlı qərar vermişik, rayon təşkilatları seçkiyə tam hazır vəziyyətdədirlər".Bələdiyyə seçkilərində iştirakla bağlı siyasi partiyalar arasında fikir ayrılığı mövcuddur-TƏHLİL

Müsavat Partiyası artıq seçkilərlə bağlı qərar verib, çox güman ki, partiya seçkidə rəhbərlik səviyyəsində iştirak etməyəcək, seçkilərə qatılan üzvlərinə dəstək verəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, Müsavat sonuncu prezident seçkisindən sonra bütün respublika üzrə rayon təşkilatları strukturlarında inventarizasiya işi aparıb, həmin təşkilatların rəhbərliyi ilə görüşlər keçirilib: "Biz bələdiyyə seçkilərində iştirakın məqsədəuyğun olması nəticəsinə gəlmişik. Təqdimatımıza əsasən partiyanın məclisi seçkilərdə iştirakla bağlı qərar verib. Amma bu məsələlərlə əlaqədar dəqiqləşmələr, yəqin ki, seçki kampaniyası ərəfəsində bəlli olacaq".

ReAl Hərəkatı, Vətəndaş Həmrəliyi Partiyası (VHP) seçkidə iştirakı məqbul saysa da, Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatı seçki ilə bağlı hər hansı qərar qəbul etməyib.

Bəzi ekspertlər iddia edir ki, müxalifətin seçkiyə qatılmamasının səbəbi elektoratın zəifliyidir, yəni, partiyalar yetərincə namizəd təqdim edə bilmirlər, buna görə də seçkidən boyun qaçırmaqla özlərini sığortalayırlar. Partiyalar isə müxalifətin bu duruma düşməsinin səbəbini hakimiyyətin təzyiqləri ilə əlaqələndirirlər. Hətta bəzi müxalifət partiyaları bələdiyyə seçkilərində iştirakı hakimiyyətin "oyunu"na getmək kimi qələmə verirlər.

Siyasi ekspertlər bütün hallarda seçkidə iştirakı labüd sayır. Bələdiyyə seçkilərində iştirak çox mühümdür, namizədlər çox olur və onlar hər rayonda, kənddə seçicilərlə yaxından ünsiyyət qurmaq imkanı əldə edirlər, bu da seçicilərin aktivləşməsinə xidmət edir. Həm də bu seçki prosesi daha geniş kütləni əhatə edir. Prezident seçkilərində 1 post, parlament seçkilərində 125 yer uğrunda mübarizə gedirsə, bu seçkidə minlərlə namizəddən söhbət gedir. Təcrübə göstərir ki, bələdiyyə seçkiləri növbəti seçkilər üçün keçid rolunu oynayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi