Azərbaycanın qəlyanxanalarında xəstəlik mənbəyi olan borular - ARAŞDIRMA

Azərbaycanın qəlyanxanalarında xəstəlik mənbəyi olan borular - ARAŞDIRMA "Vərəm, hepatit və s. təhlükəli xəstəliklərin mikroblarını oyadır"
Analitika
24 Dekabr , 2015 09:36
Azərbaycanın qəlyanxanalarında xəstəlik mənbəyi olan borular - ARAŞDIRMA

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda qəlyan istifadə edənlər bu vasitənin siqaretə nisbətən sağlamlığa daha az ziyan vurduğunu düşünürlər. Araşdırmalar göstərir ki, əslində gün ərzində bir dəfə qəlyan çəkmək 4-5 qutu siqaret çəkməyə bərabərdir.

Azərbaycanda qəlyan çəkənlərin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. Bunu “Report”a açıqlamasında həkim-terapevt, ağ ciyər xəstəlikləri üzrə mütəxəssis Ərəstun Həsənov deyib.

Həkim qəlyanın borusu vasitəsilə orqanizmə daxil olan tüstünün ağız boşluğunun, traxeyanın, ağ ciyərin selikli qişasını və toxumasını zədələdiyini qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, qəlyanın ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişdirilmir: “Qəlyan çəkdiyimiz zaman başlıqlarla yanaşı boruların dəyişdirilməməsi nəfəs vasitəsilə qana ziyanlı mikroblar ötürür. Qanla yayılan ziyanlı elemetlər damarları daraldır. Bu zaman qan dövranının sürəti azalır, daxili orqanlarda və toxumalarda oksigen zənginliyi itirilir. Bu da istənilən orqanın ilk növbədə də sinir, ürək-damar sisteminin, böyrəyin, qara ciyərin fəaliyyətinə mənfi təsir göstərir və ciddi şəkildə zədələyir. Vərəm, hepatit və s. təhlükəli xəstəliklərin mikroblarını oyadır. Belə maddələr, həm də qadın və kişilərdə cinsi problemlərə səbəb olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Report"a deyib ki, qəlyan çəkmək məişət narkomaniyası sayılır: “Qəlyan çəkmək heç də siqaret çəkməkdən geri qalmır. Bəzən hətta siqaretdən uzaqlaşmaq istəyənlər alternativ yol olaraq qəlyan çəkməyi seçir. Bu özünü aldatmaqdan başqa bir şey deyil. Qəlyandan istifadə vaxtı bir insandan digərinə yoluxucu xəstəliklərin keçmə riski olduqca böyükdür. Qəlyan çəkənlər bildirirlər ki, vasitənin borusuna taxılan başlıqlar dəyişdirilir. Amma başlıqlar dəyişdirilsə belə xidmət göstərənlər borudan xəstəlik keçməyəcəyinə zəmanət verirlərmi? Başlıqlar dəyişdirilsə belə, insanların nəfəsində olan bakteriyalar nəfəs vasitəsilə boruya keçib, ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər".

E.Hüseynov deyib ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunda istehlakçının çoxsaylı məhsullardan, xidmətlərdən istifadə etmək, dəyişdirmək və təkmilləşdirmək üçün xidmət göstərən qarşısında tələb qoymaq hüququ var: "O cümlədən, istehlakçının tam hüququ var ki, qəlyan çəkəndə təkcə başlığı deyil, borunu da dəyişməyi tələb etsin. İstehlakçının tələbini yerinə yetirmək isə xidmət göstərənin borcudur. Xidmət göstərən dəyişmədiyi halda isə müştəri şikayət edə bilər”.

Məsələni "Report" üçün şərh edən hüquqşünas Xalid Ağaliyev ölkədə ictimai və qapalı yerlərdə qəlyanın istifadə və satışını tənzimləyən qanunun mövcud olmadığını bildirib: “Azərbaycanda ictimai yerlərdə qəlyanın çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisə təqdim edilib. Lakin bununla bağlı heç bir yenilik yoxdur. Əslində, əhali bu sahədə maarifləndirilsə yaxşı olardı. Qəlyan istifadəçiləri ayrı-ayrı başlıqlardan istifadə etməklə xəstəliklərdən qoruna biləcəklərini düşünürlər. Amma onlar bilmirlər ki, məhz eyni borudan istifadə etməklə çox pis xəstəliklərə yoluxmaq mümkündür. Heç kim qəlyanın borusuna yığılan xəstəlik bakteriyalarından sığortalana bilməz. Boruya taxılan başlıqlara belə güvənmək düzgün deyil, çünki onların da hansı yollarla və nədən hazırlandığını bilmirik. İnsanın ağız boşluğunda və nəfəsində min cür bakteriya var. Təsəvvür edin ki, 5-6 insanın nəfəs və ağız boşluğunda olan bakteriyalar qəlyanın borusuna toplanır. Bu digər insanın istifadəsi zamanı dəyişdirilməyəndə nəmli tüstü vasitəsilə digər sağlam şəxsin orqanizminə daxil olur. Əlbəttə ki, bunun nəticəsi ağır olmaya bilməz”.

Səhiyyə Nazirliyindən isə "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, qəlyanın ziyanlı olması ilə bağlı ilk növbədə Milli Məclis qanun qəbul etməlidir: “Yalnız bundan sonra Nazirlik qanun çərçivəsində tədbirlər həyata keçirə bilər. Qəlyanın əhali arasında istifadəsinə zərərli olması və ictimai yerlərdə çəkilməsinə qadağa qoyulması ilə bağlı parlamentin qərarı olmadan Səhiyyə Nazirliyi hər hansı bir addım ata bilməz”.

"Report"un apardığı araşdırmaların nəticəsinə görə, Azərbaycana qəlyan əsasən İran və Dubaydan, içlikləri isə daha çox İrandan gətirilir. Qəlyanların qiyməti ölçüsündən asılı olaraq, 10-250 manat arasında dəyişir. Qəlyan ziyanlı olduğu üçün hətta bir çox xarici ölkələrdə satışı qadağan olunub. Belə ki, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, Fransa, İsveçdə xüsusi nəzərdə tutulmuş qəlyanxanalardan başqa ictimai yerlərdə qəlyan çəkməyin cəriməsi çox böyükdür.

Son xəbərlər

Orphus sistemi