Azərbaycanın mis payı

Azərbaycanın mis payı Qızıl, bitkoin, mis kimi aktivlərdə artım baş verib.
Analitika
6039
29 Dekabr , 2020 19:51
Azərbaycanın mis payı

Müxtəlif çətinliklərlə əlamətdar olan 2020-ci il bəzi sahələrdə uğur gətirib. Məsələn, onlayn xidmətlər, məsafəli iş sistemi bu qəbildəndir. Həmçinin qızıl, bitkoin, mis kimi aktivlərdə artım baş verib.

Mis bu il son 7 ilin rekordunu yeniləyərək 8 min ABŞ dolları həddini keçib. Hazırda London Metallar Birjasında (LME) misin bir tonu 7.787,5 ABŞ dollardan satılsa da, ekspertlərin rəyincə, qiymətlər yenə də qalxmalıdır. Belə ki, “Goldman Sachs” 2022-ci ilədək misin 10 min dollaradək bahalaşacağını güman edir.

Mis niyə bahalaşır?

Cari ildə misin bahalaşmasını bir sıra amillər şərtləndirir. Birincisi, dünyada başlıca mis istehlakçısı olan Çində iqtisadiyyat sürətlə dirçəlir. IMF-nin hesabatlarına görə, cari ilin ikinci rübündə 3,2 faiz, üçüncü rübündə də 4,9 faiz artım qeydə alınan Çin ilin 9 ayı ərzində 4,99 milyon ton mis idxal edib, halbuki ötən ilin 12 ayı ərzində bu göstərici 4,98 milyon ton olub. Digər tərəfdən, ən böyük mis ixracatçısı olan Çilidə bu il keçirilmiş kütləvi tətillər hasilat həcminin əvvəlki səviyyədə qalmasını sual altına qoydu.

Qeyd edək ki, ucuz olmaqla yanaşı, yaxşı cərəyan keçirən, koroziyaya qarşı dayanıqlı olan misə ənənəvi olaraq sənayedə çox böyük tələbat var. Həmçinin son illər müxtəlif ölkələrdə get-gedə artan elektromobil istehsalı da xeyli miqdarda mis tələb edir. Belə ki, elektrik avtomobillərinin akkumulyator batareyaları və mühərriklərinin, habelə bir sıra başqa hissələrinin istehsalında çoxlu mis sərf olunur. “UBS Evidence Lab.”a görə, ənənəvi avtomobillərə nisbətən elektromobil istehsalında istifadə olunan mis 80 faiz çoxdur. Bütövlükdə elektromobil istehsalı dünya mis sərfiyyatının 2,4 faizini təşkil edirsə, 2030-cu ilədək bu göstərici 10 faizə çatacaq.

Bir tərəfdən də ABŞ hökumətinin dolların ucuzlaşmasına yönələn pul-kredit siyasəti də mis bazarının xeyrinə işləyir.

Adətən iqtisadiyyatın ümumi vəziyyətini əyani əks etdirən göstərici sayılan mis iqtisadi tənəzzül vaxtı tələbatın azalması üzündən ucuzlaşır. Hazırkı bahalaşma da bəzi ekspertlər tərəfindən iqtisadiyyatın dirçəlməsinə dəlalət olaraq qəbul edilir. Lakin koronavirus pandemiyasının ilk vaxtlarında mart ayında misin qəfildən 4.450 dollaradək ucuzlaşdığını xatırlasaq, hazırkı bahalaşma, çox güman ki, əks reaksiyadır və sadalanan amillər də buna təkan verir.

Hərçənd dünya iqtisadiyyatının gələn il gözlənilən dirçəlişi bu bahalaşmaya dəstək verəcək.

Bizə də mis payı çata bilər

Bu vəziyyətdə daha çox mis istehsal və ixrac edən ölkələr qazanacaq. Azərbaycan da bu baxımdan əlverişli imkanlara malikdir. Hazırda ölkədə mis hasilatını “AzerGold” dövlət və “Anglo Asian Mining” özəl şirkəti (hökumətlə pay bölgüsü müqaviləsinə əsasən) həyata keçirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin 11 ayı ərzində 2.443,5 ton mis filizi hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21,7 faiz çoxdur. Aybaay rəqəmlərdən hasilatın ilboyu yüksək artım sürəti olduğu görünür.

Həmçinin cari ilin üç rübü ərzində Azərbaycan 12,6 milyon ABŞ dolları məbləğində 11,2 min ton mis filizi ixrac edib. Ötən ilin müvafiq göstəriciləri isə 10,9 milyon dollar və 7,7 min tondur. Bu il Azərbaycan misinin ən böyük idxalatçısı İsveçrədir. Daxili bazarla bağlı statistik rəqəmlər olmasa da, ölkə sənayesinin naqillər, profillər, armatur, lövhə, boru və s. istehsal olunduğu nəzərə alınsa, misə tələbatın az olmadığı aydınlaşır. Üstəlik, avtomobil və s. bu kimi məhsulların istehsalı üçün də xeyli mis sərf olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, mis yataqları daha çox Balakən-Zaqatala, Gədəbəy, Qaradağ, Ordubad filiz bölgələrindədir. Həm də ölkədəki mis ehtiyatlarının 4,7 faizi Qaradağ mis və porfir yatağının payına düşür. Həmçinin işğaldan yenicə azad olunmuş Qarabağ bölgəsində də qiymətli və əlvan metallarla yanaşı, mis yataqları da mövcuddur. İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinə görə, bölgədə iki böyük mis yatağı yerləşir. Bununla yanaşı, mis bir çox qarışıq metal yataqlarında da var. Məsələn, Vejnəli yatağında qızılla yanaşı, 3 min ton mis ehtiyatı da mövcuddur. Bunlar hələ ilkin hesablamalardır və təhlükəsizlik təmin ediləndən sonra Qarabağda aparılacaq daha ətraflı tədqiqatlar nəticəsində dolğun məlumat əldə edəcəyik.

Qeyd edək ki, Azərbaycan istər mis, istərsə də başqa metallar ehtiyatının yalnız bir hissəsini işlədir və bu hissə get-gedə artır. Ölkədə qeyri-neft hasilat sənayesinin intibahının əsasını qoyan “AzerGold” dövlət şirkəti də bu istiqamətdə fəaliyyət göstərərək mütəmadi olaraq yataqların kəşfiyyatını aparır, ehtiyatlarını tədqiq edir, mədənlərdəki hasilat işlərini təkmilləşdirir, qiymətli və əlvan metalların ixracını artırır. Məsələn, Avropanın ən iri yataqlarından olan Filizçay şirkətin göstərdiyi səylər nəticəsində 2025-ci ildə, yəni nəzərdə tutulandan iki il əvvəl istifadəyə veriləcək. 2026-cı ildə isə Şəmkir və Gədəbəy rayonlarında yerləşən Qaradağ, Xarxar, Cəyirçay yataqları da istismara qəbul ediləcək.

2010-cu illərin ortalarında misə yeni qızıl demək dəbə düşmüşdü. O vaxtlar mis bəzəkləri, misdən ev əşyaları zənginlər arasında elə qızıl qədər geniş yayılmağa başlamışdı. Ən əsası isə mis qızılla yanaşı, sərmayə vasitəsi olaraq qəbul olundu. Əlbəttə, burada bəzi məqamlar yox deyil, amma misin əhəmiyyətinin artması şəksizdir. Mis böyük sərvətdir və bizim də bəxtimizə bu sərvətə sahib olanlar arasında olmaq düşüb.

Azad Həsənli - maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi