Azərbaycanın kredit reytinqi üzrə proqnoz artırıla bilər

Azərbaycanın kredit reytinqi üzrə proqnoz artırıla bilər Azərbaycanda maliyyə sabitliyi təmin olunmağa başlayıb
Analitika
30 Mart , 2017 15:41
Azərbaycanın kredit reytinqi üzrə proqnoz artırıla bilər

Bakı. 30 mart. REPORT.AZ/ Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqi üzrə proqnoz yaxın vaxtlarda artırıla bilər. 

"Report"un analitik qrupu bildirir ki, buna səbəb 2016-cı ilin son rübündən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən sərt monetar siyasət və hökumətin büdcə xərclərini azaltmasıdır. Belə ki, AMB son iki rübdə manat kütləsini depozit hərracları, not satışı vasitəsilə azaltmağa müvəffəq olub. Nəticədə, Azərbaycanda 2017-ci il fevralın 1-nə dövriyyədə olan nağd pul kütləsi 6 541 mln. manat təşkil edib ki, bu da yanvarın 1-nə olan analoji göstəricidən 6% azdır. Lakin, bu, son iki ilin minimal həddindən 32% çoxdur.

Digər bir amil isə büdcə kəsirinin ÜDM-ə nisbətinin 2016-cı ilin yekununda 0,4% təşkil etməsi ilə bağlıdır. Belə ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanda daha yüksək büdcə kəsirinin olacağını ehtimal edirdilər. Sadalanan iki amil Azərbaycanda nisbi maliyyə sabitliyinin bərpa edildiyini göstərir.

"Report"un analitik qrupu yay aylarında neftin qiymətinin 60 dollar/barel həddinə yaxınlaşması ehtimalını nəzərə alaraq, maliyyə sabitliyinin davam etməsi durumunda 3 beynəlxalq reytinq agentliyi - "Moody's", "S&P" və "Fitch" tərəfindən kredit reytinqi üzrə "neqativ" proqnozun "stabil"ədək yüksəldiləcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi