Azərbaycanın erməni vətəndaşları - İrəvan və havadarları tərəfindən güdaza verilənlər - ŞƏRH

Azərbaycanın erməni vətəndaşları - İrəvan və havadarları tərəfindən güdaza verilənlər - ŞƏRH Praqa görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində tarixi hadisə sayıla bilər.
Analitika
7 Oktyabr , 2022 16:09
Azərbaycanın erməni vətəndaşları - İrəvan və havadarları tərəfindən güdaza verilənlər - ŞƏRH

Praqa görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində tarixi hadisə sayıla bilər. Çünki bu görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Bu, Çexiyanın paytaxtında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda vurğulanıb.

Sənədə əsasən, Ermənistan və Azərbaycan BMT-nin Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Qeyd edək ki, 1991-ci il dekabrın 21-də Qazaxıstanın o vaxtkı paytaxtı Almatı şəhərində Rusiya, Ukrayna və Belarus prezidentləri ərazi bütövlüyü ilə bağlı sənəd imzalayıblar. Sonradan həmin bəyannaməyə daha 8 keçmiş müttəfiq respublika - Azərbaycan (1993-cü il sentyabrın 24-də), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Moldova da qoşuldu. Gürcüstan isə bu sənədi 1993-cü ilin dekabrında imzalayıb. Latviya, Litva və Estoniya Almatı Bəyannaməsini imzalamaqdan imtina etmişdi. Bu sənəd 1991-ci il dekabrın 8-də Rusiya, Belarus və Ukrayna prezidentlərinin SSRİ-nin dağılması və MDB-nin yaranması haqqında Belovejsk razılaşmasına bərabər sayılır.

Əslində, bu, iki dövlət arasında sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə keçiriləcək. Missiya oktyabr ayında işə başlayacaq və fəaliyyətini maksimum iki ay davam etdirəcək. Missiyanın məqsədi etimad yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir. Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Praqa görüşü Azərbaycan və Ermənistan arasında əsas məsələnin ərazi bütövlüyünün həllinə müəyyən mənada aydınlıq gətirib. Düzdür, Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ilə bağlı irəli sürdüyü başqa təkliflər Ermənistan tərəfindən hələ də dəyərləndirilməyib. Ancaq normallaşma ilə bağlı Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddəlik sənədi rəsmi İrəvan və Avropa İttifaqı da müsbət qarşılayıb. Ermənistan bu sənəddə onlar üçün qəbulolunmaz maddənin olmadığını etiraf edir. Birbaşa danışıqlar, təmaslar iki ölkə arasında normallaşmanın uğursuz olmayacağını ehtimal etməyə əsas verir.

Ermənistanın və havadarlarının rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etdikləri alətlərdən biri Xankəndi və ətraf rayonlardakı Azərbaycanın erməni vətəndaşları ilə bağlı məsələdir. 44 günlük müharibə zamanı və ondan sonrakı bütün görüşlərdə, çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin bitdiyini bəyan etməklə yanaşı, “status"un olmayacağını vurğulayır. Son zamanlar Ermənistan rəsmiləri və regionda iğtişaşda maraqlı olan tərəflər Azərbaycanın bu vətəndaşları ilə bağlı məsələni tez-tez gündəliyə gətirməklə əldə edilən razılıqların gerçəkləşməsini əngəlləməyə çalışırlar. Onlar rəsmi Bakıya Ermənistanla və Xankəndi erməniləri ilə (yəni Azərbaycan vətəndaşları ilə) iki istiqamətdə danışıqlar aparmağı təklif edirlər. Azərbaycanın öz vətəndaşları ilə danışıqlar aparmasını təklif edənlər ermənilərin xülyasını başqa şəkildə gerçəkləşdirib ona hüquqi don geyindirməyə cəhd göstərirlər.

Qarabağda bir qrup separatçı var. Onlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozan qiyamçılar, qanunsuz fəaliyyətlə məşğul olan dəstədir. Bu qrupla danışıqlar aparılması yazılmış və yazılmamış heç bir qanuna uyğun gəlmir. Onların, ilk növbədə, törətdikləri cinayətlərə, tökülən nahaq qanlara görə cinayət məsuliyyətinə cəlb olunması vacibdir. Həmin dəstə həm də Azərbaycanın erməni vətəndaşlarına qarşı etdikləri zorakılığa görə cinayət məsuliyyəti daşıyırlar.

Konstitusiyaya əsasən, Azərbaycan unitar dövlətdir. Onun bütün vətəndaşlarının hüquq və vəzifələri bərabərdir. Ölkədəki etnik azlıqların hüquqları konstitusiyanın “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ”, “Vicdan azadlığı” maddələri ilə qorunur. Bu baxımdan Azərbaycanın Xankəndi və ətraf bölgələrdəki erməni vətəndaşları da Əsas Qanunun başqa maddələri ilə yanaşı, qeyd etdiklərimizdən də yararlana bilər. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır, regiondakı ermənilər Azərbaycan vətəndaşlarıdır, onlarla bağlı məsələni heç bir beynəlxalq mərkəzlərlə müzakirə etmir.

Beynəlxalq vasitəçilərin 30 il boyunca reallaşdırmaq istədiyi ideyalardan biri separatçılar, qiyamçılarla rəsmi Bakının görüşünə nail olmaqdır. Bu, ötən dövrdə Azərbaycan tərəfdən birmənalı olaraq rədd edilib. İndi isə İrəvan və beynəlxalq vasitəçilər bu məsələni fərqli şəkildə təqdim etməyə səy göstərir. Bu təşəbbüsü dəstəkləyib onun həyata keçməsinə cəhd göstərənlər Xankəndi və ətrafdakı ermənilərin əleyhinə işləyirlər. Böyük anlamda isə ermənilərin ziyanınadır. Paşinyan və ermənilərin havadarları bu xülyanı yenidən gündəliyə gətirib dəstəkləməklə reallığı anlamağa başlayan erməniləri məsələnin əsl mahiyyətindən uzaqlaşdırırlar, onların Azərbaycana inteqrasiyasının qarşısını alırlar. Özlərini ermənilərin himayəçisi, “tapdanan haqlarının müdafiəçisi” kimi çıxış edənlər bu davranışları ilə Cənubi Qafqazda sülhün yaranmasına, təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığa mane olurlar. Bu, bütün baxımlardan tərəflər arasında etimad mühitinin yaranmasına, qarşılıqlı etibara zərbə vurur. “Dialoq, dialoq” deyib gecə-gündüz məntiqsiz bəyanatla çıxış edənlər vasitəçilik missiyalarının üzərinə kölgə salırlar. Bu hal elə rəsmi İrəvana da etimadı azaldır...

Belə vasitəçilər, rəsmilər ermənilərin yeni cinayət törətmələrinə şərait yaradırlar. Himayədarların ucbatından 30 ildən artıqdır həmin ermənilər vətəndaşlıqdan məhrum olublar. Onlar başqalarının qapılarında aylar, illərlə gözləyib vətəndaşlıq istəyirlər. “Dialoq” istəyənlər fəaliyyətləri ilə regiondakı vətəndaş erməniləri aşağılayır, insan hüquqlarının tapdanmasına şərait yaradırlar. Odur ki, həmin himayədarlar Xankəndi və ətrafındakı ermənilərin Azərbaycan vətəndaşı olmaları istiqamətində fəaliyyət göstərsələr, sülh və anlaşmaya daha çox xidmət etmiş olarlar. Bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığa yardım edər.

Son xəbərlər

Orphus sistemi