Azərbaycanın dəstəklənən haqq işi – baş tutmayan yeni 907 - ŞƏRH

Azərbaycanın dəstəklənən haqq işi – baş tutmayan yeni 907 - ŞƏRH Bu həm də ABŞ-ın məsələyə 28 il əvvəlki kimi baxmadığını bir daha təsdiqləyər
Analitika
21 İyul , 2020 17:17
Azərbaycanın dəstəklənən haqq işi – baş tutmayan yeni 907 - ŞƏRH

“Yalan ayaq tutar, ancaq yeriməz”, bir də “Haqq nazilər, ancaq üzülməz” deyiblər.

Təxminən 28 il əvvəl Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdiyi üçün ABŞ-ın sanksiyasına məruz qalmışdı.

1992-ci il oktyabrın 24-də SSRİ-nin tam süqutundan sonar ABŞ Konqresi tərəfindən “Rusiyada azadlığa, Avrasiyada demokratiyaya və azad ticarətə dəstək Aktı” adlı ilk qanunverici sənəd qəbul edildi. Bu sənəd keçmiş SSRİ ərazisində yaranan gənc respublikalara yardım etməyə icazə verirdi.

Bu “Akt” qəbul olunan zaman Azərbaycan Ordusunun Goranboy-Ağdərə, Kəlbəcər, Laçın, Qubadlının düşməndən azad edilməsi, strateji Laçın dəhlizinin bağlanması, Ermənistan-Dağlıq Qarabağ əlaqəsinin tamamilə nəzarətə götürülməsi və s. kimi uğurlu əməliyyatların keçirirdi. 

Azərbaycana zərbə vurmaq, torpaqlarının işğaldan azad edilməsinin qarşısını almaq üçün senator Con Kerrinin (Barak Obamanın prezidentliyində dövlət katibi olub) “Azadlığa dəstək aktına” “907-ci düzəlişi” təklifi 1992-ci ilin dekabrında Senatda qəbul edilib. Həmin düzəliş əsasında Azərbaycana göstərilən yardımlar qadağan edildi.

Bu düzəlişin qəbul edilməsinə əsas səbəb olaraq guya Ermənistanın blokada vəziyyətinə salınması və Dağlıq Qarabağda aparılan döyüş əməliyyatları göstərilirdi. Ancaq həmin dövrdə Ermənistanın İran və Gürcüstanla sərhədlərinin açıq olmasına, eləcə də Naxçıvanın Ermənistan tərəfindən blokadada saxlanılmasına diqqət yetirilmədi. Bu isə blokada deyil, embarqo sayılır. İran indiyədək Ermənistana hər cəhətdən yardım edib. 

Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra ABŞ-dakı və başqa ölkələrdəki erməni lobbisi, eləcə də himayədarları fəaliyyətə başlayıb. Okeanın o tayındakı erməni lobbisi daha da irəli gedərək 2021-ci ildə ABŞ-ın Azərbaycana silah satmasını qadağan edən qanunun qəbul olunması təklifi ilə çıxış edib.

ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (“National Defense Authorization Act” – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Ancaq 28 il əvvəl baş verənlərdən fərqli olaraq, bu dəfə, deyəsən, konqresmenlər məsələyə ədalətli yanaşmağa üstünlük verib.

ABŞ Konqresində Azərbaycan əleyhinə daşnakların təşviq etdiyi qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib.

Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də, öz növbəsində, Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.

Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib.

Konqres üzvü Stiv Kohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın dövlət katibi tərəfindən müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olub və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, daşnakları təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığı və məyusluğuna səbəb olub.

Bred Şerman
Bred Şerman

Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şayiələr yaymaqla bu məsələdə müəyyən panika yaratmağa cəhd ediblər.

Sözsüz, ermənilərin və onların lobbisinin əsas hədəfi ABŞ-Azərbaycan münasibətlərinə xələl vurmaq, Azərbaycan cəmiyyətinin birliyinə mane yaratmaq, Ermənistanın və separatçıların maliyyələşdirilməsinin davam etdirilməsinə nail olmaqdır. Konqres 28 il əvvəlki səhvini təkrarlamadı. Azərbaycanın haqq işinə az da olsa, dəstək verdi.

Ermənistanın sərhəddə törətdiyi təxribat Azərbaycana öz dost və düşmənlərini tanımağa imkan yaratdı. Azərbaycanın haqq işinə Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü Devid Evans da dəstək verib: “Ermənistanın Azərbaycana qarşı təcavüzünü görmək məni çox məyus etdi. Mənim Azərbaycanla çox yaxşı dostluq əlaqələrim var və mən Azərbaycan Prezidentinə, xalqına, Azərbaycandakı çox yaxşı dostlarımıza başsağlığı vermək istəyirəm".

O bildirib ki, həyatını itirən generala, zabitlərə, əsgərlərə, mülki vətəndaşlara və onların ailələrinə görə dərin kədər hissi keçirir: “Hər hansı bir qüvvə tərəfindən göstərilən bütün təcavüzkar davranışlar qəbuledilməzdir və mən bunu qeyd-şərtsiz pisləyirəm”.

Lord Evans ATƏT-in Minsk qrupu vasitəçilərinin məsuliyyət daşıdığını vurğulayıb.

O bildirib ki, Britaniya hökuməti də məsələ ilə bağlı öz narahatlığını artıq bildirib: “Məsələnin həlli üçün beynəlxalq ictimaiyyətin vasitəçilik edəcəyinə inanıram. Parlamentlərarası əlaqələr üzrə işçi qrupu da məsələnin həlli üçün çalışır. Mən də bunu dəstəkləyirəm”.

Azərbaycanın haqlı mübarizəsini Qoşulmama Hərəkatının 120 ölkəsi dəstəkləyərək erməni təxribatını pisləyib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib.

Peter Siyatro
Peter Siyatro

Sənəddə Qoşulmama Hərəkatına üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib.

Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Aqustin Qarsiya Rubio Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatları pisləyən bəyanat yayıb. Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal etdiyi bildirilib.

O, Meksikanın münaqişənin beynəlxalq hüquq çərçivəsində, eləcə də münaqişə zonasında atəşkəsə riayət edilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsini tələb edən BMT Təhülkəsizlik Şurasının dörd qətnaməsinin tətbiqi ilə həllinə tərəfdar olduğunu vurğulayır.

Azərbaycanda səfərdə olan Macarıstanın Xarici İşlər naziri Peter Siyatro azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu söyləyib.

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən Xarici İşlər naziri Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

İsrailin “The Jerusalem Post”, Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetlərində işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozmasını pisləyən məqalələr dərc edilib.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib.

Ermənistanın təxribatından sonra bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər: Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı deputatlar, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar veriblər.

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bu yanaşmaları həm də Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün atılacaq addımların müdafiə olunması kimi də qəbul etmək olar. 907-ci düzəlişin tezliklə birdəfəlik ləğvi isə bu istiqamətdə atılacaq ən doğru addım ola bilər. Bu həm də ABŞ-ın məsələyə 28 il əvvəlki kimi baxmadığını bir daha təsdiqləyər.

Son xəbərlər

Orphus sistemi