Yuxarı
    Bağlamaq

    ​Azərbaycandakı siyasi partiyalar 2014-cü ildə nə qədər pul xərcləyib? - SİYAHI

    Ümid Partiyasının illik kommunal xərcləri 13 200, ADP-də isə 7 000 manatdır

    Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda 50-dən artıq siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Həmin qurumların bir hissəsi aktiv fəaliyyət göstərir. "Report" aparıcı siyasi partiyalardan 2014-cü il üzrə icarə haqqı və kommunal xərclərin miqdarını öyrənib.

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib ki, hələ partiyanın 2014-cü il üçün illik xərclərinin hesabatı hazırlanmayıb. Qeyd edək ki, 2013-cü il üzrə YAP-ın bütövlükdə kommunal xərcləri 382 152 manat olub.

    Müsavat Partiyasından "Report"a bildirilib ki, partiyanın mərkəzi qərargahı üçün ildə 3 660 manat ödənilir. Qərargahın illik telefon xərci 2 400, su xərci 150, işıq xərci isə 3 000 manat təşkil edir. Bütövlükdə mərkəzi qərargahın illik kommunal xərcləri 5 550 manatdır.

    Ümid Partiyasının sədri İqbal Ağazadə "Report"a deyib ki, partiya qərargahı kimi şəxsi mənzilindən istifadə edir. Bu səbəbdən də icarə haqqı ödəmir. 2014-cü ildə qərargahın kommunal xərcləri 13 200 manat olub.

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyanın mərkəzi qərargahı üçün pul ödənilmir, qərargah KXCP üzvlərindən birinə məxsusdur. O deyib ki, partiyanın illik kommunal xərcləri təxminən 1 500 manata yaxındır.

    Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan partiya qərargahının olmadığını deyib. Ə.Temirxan qeyd edib ki, partiyanın bank hesabı da bağlanıb: "Tədbirlərimizi şəxsi mənzillərimizdə keçiririk".

    Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyanın mərkəzi qərargahının özünə məxsus inzibati binada yerləşdiyini bildirib. Ə.Əliyev deyib ki, mərkəzi qərargahın illik kommunal xərcləri 1 200 manatdır.

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qərargahın "Hürriyət" qəzetinə məxsus olduğunu deyib: "Qərargah qəzetə məxsusdur. Biz də icarə haqqı ödəmirik. Amma illik kommunal xərclər təxminən 7 000 manata yaxındır".

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi icra aparatının rəhbəri Samir Əsədli "Report"a bildirib ki, qərargah partiyaya məxsusdur. O, illik kommunal xərclərin 4 500 manat olduğunu deyib.

    Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mərkəzi qərargahlarının olmadığını bildirib: "Qərargahımız yoxdur. Amma tədbirlərimizi partiyanın Nəsimi Rayon Təşkilatının ofisində keçiririk. Bu ofis üçün illik təxminən 700 manat ödənilir. Burada illik kommunal xərclər təxminən 600 manat təşkil edir".

    Böyük Quruluş Partiyasından "Report"a verilən məlumata görə, mərkəzi qərargahın illik icarə haqqı 700 manata yaxındır. Partiyadan bildirilib ki, illik kommunal xərclər 600 manat civarındadır.

    Demokratik İslahatlar Partiyası (DİP) isə illik kommunal xərclərinin məbləğini açıqlamayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi