Yuxarı
    Bağlamaq

    Azərbaycanda ixrac/idxal əmsalı 1,44-ə düşüb

    Manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq, idxal təxminən sabit qalıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansının cari hesabında 2016-cı ilin III rübündə 312 mln. ABŞ dolları həcmində kəsir yaranıb. Ötən ilin analoji dövründə isə cari hesab 177 mln. dollar profisitlə tamamlanıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə cari hesabda 1 113 mln. dollarlıq kəsir yarandığı halda, 2015-ci ilin analoji dövründə 240 mln. dollarlıq profisit olub.

    "Report" Mərkəzi Banka istinadən xəbər verir ki, xarici ticarət balansı III rübdə 980 mln. dollarlıq müsbət saldo ilə tamamlanıb. Keçən ilin analoji dövründə isə profisit 1 544 mln. dollar olub. Malların ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 10,2% azalaraq 3 274 mln. dollar təşkil edib. Bu ilin II rübü ilə müqayisədə isə malların ixracı 11,7% azalma göstərib. Malların idxalı isə cari ilin III rübündə 2 293 mln. dollat əşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur. Cari ilin II rübü ilə müqayisədə isə malların idxalı 4,3% azalıb.

    Statistika göstərir ki, milli valyuta - manatın 2 dəfədən çox devalvasiya olmasına baxmayaraq, Azərbaycan idxalı təxminən sabit həcmdə qalmaqda davam edir. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında idxal 6 724 mln. dollar, 2015-ci ilin analoji dövründə 7 021 mln. dollar, cari ilin ilk 9 ayında isə 6 619 mln. dollar olub. Malların ixracına gəldikdə isə 2014-cü ilin ilk 9 ayında bu göstərici 22 117 mln. dollar, 2015-ci ilin analoji dövründə 12 323 mln. dollar, cari ilin müvafiq dövründə isə 9 534 mln. dollar təşkil edib. Beləliklə ixrac/idxal əmsalı sadalanan dövrlərdə müvafiq olaraq 3,29, 1,75 və 1,44 təşkil edib.

    Xidmətlər balansında isə bu ilin ilk 9 ayı ərzində mənfi saldo 2 270 mlrd. dollar təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1 163 mln. dollar və ya 33,9% azdır. Mənfi saldonun 95,5%-ni tikinti xidmətləri üzrə ödənilən vəsaitlər təşkil edib. Ümumiyyətlə, bu ilin III rübündə xidmətlər balansının mənfi saldosu 514 mln. dollar təşkil edib.

    Bu ilin ilk 9 ayında ilkin gəlirlər üzrə ödənişlər 1 798 mln. dollar təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici demək olar ki, dəyişməyib. 2014-cü ilin ilk 9 ayında isə ilkin gəlirlər üzrə ödənişlər 2 405 mln. dollar təşkil edib. Bu ilin III rübündə bu göstərici 794 mln. dollara bərabər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi