​Azərbaycanda geniş özəlləşdirmə nəyi əhatə edəcək - ŞƏRH

​Azərbaycanda geniş özəlləşdirmə nəyi əhatə edəcək - ŞƏRH Kapital bazarı inkişaf etdirilməlidir
Analitika
18 Yanvar , 2016 17:11
​Azərbaycanda geniş özəlləşdirmə nəyi əhatə edəcək - ŞƏRH

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu gün keçirilən müşavirədə bildirib ki, ölkədə geniş özəlləşdirmə proqramı hazırlanacaq. Dövlət başçısı beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanmasına xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

***

"Report"un analitik qrupu hesab edir ki, özəllləşdirmə proqramına həm bir sıra effektiv idarə olunmayan dövlət müəssisələrinin özəlləşdirilərək gəlir əldə edilməsi, həm də dövlətin əlavə yükdən azad edilməsi ilə bağlı kompleks tədbirlər daxil ola bilər. Burada xarici investorların da cəlb edilməsi əsas amil hesab edilə bilər. Biznes mühitinin yaxşılaşdırılması, qanunvericiliyə bəzi müsbət dəyişikliklərin edilməsiylə xarici investorların ölkəyə axını və bununla bərabər kapital axını gücləndirilməlidir. Bu, tədiyyə balansının kəsirinin örtülməsinə, büdcə xərclərinin azaldılmasına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Özəlləşdirmə proqramının reallaşması iqtisadi canlanmanı sürətləndirəcək, işsizliyi azaldacaq, ixrac potensialını gücləndirəcək, ölkəyə vəsait axınını artıracaq.

Özəlləşdirmə proqramının həyata keçirilməsi üçün ölkədə kompleks tədbirlər paketi hazırlanmalıdır. Bu tədbirlər paketi gömrük sistemindən vergi sisteminə, bank sektorundan ədliyyə sisteminə qədər bütün sahələrdə biznes mühitinin yaxşılaşdırılmasına istiqamətlənən dəyişiklikləri nəzərdə tutmalıdır.

Özəlləşdirmə proqramı həmçinin bir çox dövlət müəssisəsinin kapital bazarında, fond birjalarında səhmlərinin investorlara satılmasını əhatə etməlidir. Səhmlərin satışı, yəni kapitalın bir hissəsinin səhm satışı şəklində emissiya edilməsi bir çox müəssisənin əlavə vəsaitlə təmin olunmasına və investisiyaları davam etdirməyə imkan yaradacaq. 

"Lakin nəzərə almaq lazımdır ki, səhm bazarına münasibətin dəyişməsi üçün bu bazarda şəffaflığın tam təmin edilməsi vacibdir. Xarici təcrübədən, xüssusilə də Bakı Fond Birjasının səhmdarlarından olan İstanbul Birjasının çoxillik təcrübəsindən və texnoloji dəstəyindən faydalanmaq lazımdır. İnvestorların bu üsulla fond birjalarına inamını artırmaq zəruridir. Xarici investorların cəlb edilməsi üçün strateji əhəmiyyətli şirkətlərin özəlləşdirilməsi vacibdir. Bu, neft-qaz, telekommunikasiya, nəqliyyat, sənaye şirkətləridir. Əlavə olaraq qeyri-effektiv, zərərlə işləyən, dövlət dəstəyi ilə fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsi üçün vergi təşviqi nəzərdə tutulmalıdır. Bu müəssisələrdə yeni texnologiyaların tətbiqinə şərait yaradılmalıdır", - deyə Agentliyin ekspertləri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi