Azərbaycan – Ukrayna: 30 illik dostluğun bəhrələri

Azərbaycan – Ukrayna: 30 illik dostluğun bəhrələri Azərbaycan ilə Ukrayna arasında ənənəvi olaraq mehriban olan münasibətlər ildən-ilə daha da genişlənərək daha da zənginləşir.
Analitika
112
14 Yanvar , 2022 14:49
Azərbaycan – Ukrayna: 30 illik dostluğun bəhrələri

Azərbaycan ilə Ukrayna arasında ənənəvi olan mehriban münasibətlər ilbəil genişlənərək daha da zənginləşir.

"Report"un xəbərinə görə, iki ölkə arasında diplomatik münasibətlər müstəqilliyi bərpa etdikdən qısa müddət sonra, 1992-ci il fevralın 6-da qurulub. Beləliklə, qarşıdan diplomatik münasibətlərimizin 30 illik yubileyi gəlir.

İki ölkə arasında əməkdaşlıq çoxşaxəli iqtisadi əlaqələrdən tutmuş təhsilədək çox geniş sahələri əhatə edir. İkitərəfli əlaqələr hüquqi cəhətdən indiyədək imzalanmış 155 sənədə söykənir. Ölkələrimiz arasında ənənəvi olaraq qarşılıqlı hörmət bərqərar olunub. Ukrayna Azərbaycanın, Azərbaycan da Ukraynanın beynəlxalq miqyasda tanınan sərhədlər çərçivəsində suverenliyini, ərazi bütövlüyünü tanıyır.

Bu gün Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparılır. Bu səfərin iki ölkə arasında iqtisadi-ticarət əlaqələr baxımdan mühüm əhəmiyyət daşıdığı şəksizdir. Belə ki, kənd təsərrüfatı və enerji kimi sahələrdə tərəfdaşlığın inkişafına dair sənədlərin imzalanması gözlənilir. Azərbaycan ərzaq təhlükəsizliyini gücləndirmək üçün Ukraynada əkin sahələrini icarəyə götürməyə maraq göstərir.

İki ölkə liderləri arasında isti münasibətlər də qeyd olunmalıdır. Belə ki, Volodimir Zelenskinin 2019-cu ildə Prezident seçilməsindən sonra ilk xarici səfərlərindən biri Azərbaycana olub. O zaman iki ölkə arasında öncül sahələrdə əməkdaşlığın daha da artırılmasına dair bir sıra mühüm sənədlər imzalanmışdı.

Ötən ilin dekabrında Brüsselə səfəri zamanı Ukrayna Prezidenti İlham Əliyevlə də görüşərək onu ölkəsinə səfərə dəvət etmişdi. Həmin görüş zamanı Prezident Zelenski həmçinin iki ölkə arasında nəqliyyat-logistika sahəsindəki əməkdaşlığın geniş perspektivlərinə diqqət çəkərək Avropa – Qafqaz – Asiya marşrutu ilə dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların təşkili üçün işlərin sürətlənməsini zəruri hesab edib. Bütün bunlar ikitərəfli əlaqələrin daha da genişləndiriləcəyindən xəbər verir.

Azərbaycanla Ukrayna arasında əlaqələrin səmərəli sahələrindən biri də enerjidir. Burada da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühüm yeri var. SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Energy Ukraine” Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olub benzin və digər neft məhsullarının pərakəndə satışını həyata keçirir. 2009-cu ilin dekabr ayından Ukraynada fəaliyyətə başlayan SOCAR bu gün həmin ölkədə 60 yanacaqdoldurma məntəqəsinin və 4 neft bazasının sahibidir.

Ötən il Azərbaycan – Ukrayna Enerji Əməkdaşlığına dair İşçi Qrupunun videoformatında 4-cü iclası keçirilmişdi. Azərbaycan və Ukraynanın energetika nazirlərinin müavinləri Kamal Abbasov və Yaroslav Demçenkovun həmsədrliyi ilə keçirilən iclasda SOCAR-ın Ukraynadakı fəaliyyətinin şaxələndirilməsi, ölkənin neft məhsulları bazarında daha da geniş iştirak etməsi, habelə neft-qaz sahəsində birgə sərmayə layihələrinin icrasına dair razılıq əldə edilib.

“SOCAR Energy Ukraine” qonşu ölkələrdən, əsasən Litva və Belarusdan təyyarə yanacağı idxal edir. Ukraynanın 650-dən çox şirkətini əhatə edən “Reputasiya fəalları” adlı reytinq mərkəzi 2020-ci ildə SOCAR-ı Ukraynanın yanacaq sektorunda neft məhsullarının pərakəndə satışı bölümü üzrə üç ən qabaqcıl şirkətindən biri elan edib.

Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollar məbləğində neft idxal olunub. Halbuki 2020-ci ilin müvafiq dövründə həmin göstərici 233 milyon dollardır. Qeyd edək ki, sözügedən müddət ərzində Ukraynanın bütövlükdə neft idxalatı 695 milyon dollar təşkil edib. Beləliklə, həmin ölkənin neft idxalında Azərbaycanın payı 70 faizdır. Yəni Ukraynanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan nefti başlıca yer tutur.

İki ölkə arasında ümumi ticarət dövriyyəsi də durmadan artaraq 2021-ci ilin 11 ayında 866 milyon dollara çatıb ki, bunun 419 milyonu Azərbaycanın idxalatı, 446 milyon dolları da ixracatıdır. 2020-ci ildə isə ticarət dövriyyəsi 771 milyon dollar (idxal 418 milyon dollar, ixrac 353 milyon dollar) olub. Azərbaycanın ticarət trərəfdaşları arasında Ukrayna 6-cı, ixracatda isə 12-ci yerdədir. Ukraynadan idxal edilən məhsullar əsasən qara metal, tütün, kağız-karton, şəkər və şirniyyat, hazır taxıl məhsullarıdır.

Humanitar sahədə də əməkdaşlıq çərçivəsində yaradıcılıq birlikləri və mədəni qurumları arasında əlaqələr inkişaf etdirilir, bu əlaqələr üçün daha əlverişli şəraitin bərqərar olması üçün müvafiq tədbirlər görülür. 2020-ci ilin 26 mart tarixində iki ölkə prezidentləri arasında telefon söhbəti zamanı əldə edilmiş razılığa əsasən həmin ilin may ayında Azərbaycan Ukrayna tərəfinə koronavirusa qarşı mübarizə aparmaq üçün tibbi maskalar, qoruyucu geyimlər, termometrlər, dezinfeksiya maddələri və sairdən ibarət 23 tonluq humanitar yardım göndərib.

Ukraynadakı azərbaycanlı diasporu ən böyük və fəal milli diasprlar arasındadır. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə Kiyev şəhərində 2018-ci il iyulun 18-də Müslüm Maqomayev bağının açılması, 2019-cu il mayın 27-də isə həmin məkanda Nəsiminin abidəsinin açılması da xeyli dərəcədə diasporumuzun nüfuzu sayəsində baş tutub. 2019-cu ilin noyabr ayında isə Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb.

Həmçinin 2008-ci ilin 30 iyun tarixində Bakıda prezidentlər İlham Əliyev və Viktor Yuşşenkonun iştirakı ilə Ukraynanın böyük şairi Taras Şevçenkonun abidəsinin açılışı keçirilib. 2021-ci ildə isə Ukraynanın Azərbaycandakı səfirliyi nəzdində Ukrayna Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.

Bakı Dövlət Universiteti Ukraynanın Taras Şevçenko Kiyev Milli Universiteti, Dnepr, Çerkası Milli universitetləri kimi qabaqcıl ali təhsil ocaqları ilə geniş əlaqələrə malikdir. Digər tərəfdən Ukraynanın ali təhsil və elmi tədqiqat mərkəzi olan Regionlararası İşçilərin İdarəçiliyi Akademiyası da ölkəmizin bir sıra ali məktəblərilə əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan gəncləri Ukraynanı keyfiyyətli ali təhsil verən ölkə kimi tanıyırlar.

Beləliklə, Azərbaycan ilə Ukrayna arasındakı münasibətlərin bundan sonra da inkişaf edərək yeni-yeni sahələri əhatə edəcəyini birmənalı söyləmək mümkündür. Azərbaycan neft-kimya və kənd məhsulları, bütövlükdə ixracatı üçün əlverişli satış bazarı olan Ukraynanın istehsal etdiyi metal qurğuları, qara metal məmulatları, kağız, karton, əczaçılıq məhsulları da Azərbaycan üçün maraq kəsb edir.

Son xəbərlər

Orphus sistemi