Yuxarı

Azərbaycan-Türkmənistan: Yalnız irəli

​Azərbaycan-+Türkmənistan: Yalnız irəli

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər yalnız ərazi, dil, mədəni yaxınlıq ilə məhdudlaşmır, iqtisadi komponent də vacibdir, ən əsası isə hər iki ölkənin böyük enerji ehtiyatları var və bu, qarşılıqlı maraqlarla sıx əməkdaşlığı nəzərdə tutur.

Əlbəttə, SSRİ-nin dağılması ilə ötən əsrin 90-cı illərində və sonrakı illərdə, Xəzər dənizinin statusu məsələsinin həlli üzrə uzunmüddətli axtarışlar getdiyi dövrdə fikir ayrılıqları, həll olunmamış məsələlər olub, amma zamanla hər şey qaydasına düşüb.

Bu gün iki dövlət başçısını - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun müdrik və balanslı siyasəti sayəsində səmərəli əməkdaşlığın inkişafına mane olan bir çox məsələlər həll olunub. Azərbaycan və Türkmənistan prezidentləri görüşləri zamanı dəfələrlə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini vurğulayıblar.

Belə ki, Azərbaycan Prezidenti Türkmənistana keçən ilin noyabr ayında etdiyi və aktual məsələlər ətrafında çox geniş fikir mübadiləsinin aparıldığı, münasibətlərimizi yeni məzmunla zənginləşdirən rekord sayda - 21 sənədin imzalandığı səfəri xüsusi şəkildə qeyd edib.

Bu gün Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın qurulmasında iştirak edən digər dövlət qurumları ilə birlikdə Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vacib yer tutur.

SOCAR böyük karbohidrogen potensialı olan ən yaxın qonşusuna - Türkmənistana böyük maraq göstərir. Bu gün Azərbaycanın karbohidrogen xammalının Avropaya ötürülməsi üzrə beynəlxalq haba çevrildiyini nəzərə alsaq, Xəzərin o tayındakı ən yaxın strateji tərəfdaş üçün də karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında mühüm oyunçu olmaq baxımından böyük perspektivlər yaranır. Bunu Azərbaycan və qardaş Türkmənistan arasında əməkdaşlıq üçün əlverişli perspektivlər görən SOCAR prezidentinin özü də qeyd edib.

Bu mövzu R.Abdullayevin Aşqabadda keçirilən XXIV Beynəlxalq "Türkmənistan Nefti və Qazı 2019" konfransındakı nitqində də öz əksini tapıb.

"Qardaş Türkmənistanda sənaye kompleksinin sürətlə böyüməsi fonunda həm Xəzər hövzəsində, həm də qlobal səviyyədə əməkdaşlıq və əməliyyatlarımızın inteqrasiyası perspektivləri aydın görünür. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdən birində qeyd etdiyi kimi, energetika məsələləri ölkələrimiz üçün əsas istiqamətdir. Sitat gətirirəm: “Bu məsələdə həmişə həmrəyik. Enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanlarımız var". Beləliklə, cənab Prezident Berdıməhəmmədovun ideyasını inkişaf etdirərək qeyd edim ki, əməkdaşlığımız dünya bazarlarında məhsulların satışı üçün mövcud imkanları daha da genişləndirməyə, biznesi optimallaşdırmağa və hər iki tərəf üçün əməliyyatların səmərəliliyini artırmağa yardım edəcək", - R.Abdullayev deyib.

Bu gün SOCAR dünya miqyasında inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. Şirkətin Xəzər hövzəsində və onun hüdudlarından kənarda müasir sənaye komplekslərinin olması, onun transmilli infrastrukturu və neft və qazın daşınması üzrə qlobal ticarət şəbəkəsi müxtəlif sahələrdə şirkətlə əməkdaşlıq etməyə hazır olan Türkmənistanın neft-qaz strukturlarında maraq yaradıb.

Buna əsaslanaraq, R.Abdullayev də çıxışı zamanı Türkmənistanla əməkdaşlığın yeni səviyyəyə yüksəldiyinə işarə edib və Türkmənistanda "SOCAR Trading"in nümayəndəliyini açmağı təklif edib. Əminəm ki, bu təşəbbüs ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsinə töhfəsini verəcək.

Hələ 2014-cü ildə SOCAR prezidenti Azərbaycanın Türkmənistanla neft-qaz sahəsində əməkdaşlığa hazır olduğunu bildirmişdi.

"Hər an region ölkələrini və ilk növbədə ən yaxın qonşumuz - qardaş Türkmənistanı neft-qaz sferasında layihələri həyata keçirmək üçün bizdə mövcud olan inkişaf etmiş infrastrukturu, neft-qaz boru kəmərlərinin şaxələndirilmiş sistemini, anbar və terminalları, gəmi parkını və digər imkanlar ilə təmin etməyə hazırıq", - o demişdi.

İndi bu, reallığa çevrilir. Azərbaycan qlobal layihələr həyata keçirir, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri ilə nəql olunur, qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Avropaya çatdırılır, TAP və TANAP qaz boru kəmərləri tam başa çatma mərhələsindədir. R.Abdullayevin fikrincə, Xəzər hövzəsindən nəqliyyat marşrutlarının şaxələndirilməsi təkcə istehlakçıların deyil, həm də bu regionun dövlətlərinin enerji təhlükəsizliyinin artırılmasında vacib amil olacaq, nəqliyyat xərclərini azaldacaq və bununla karbohidrogenlərin kommersiya tədarükünü daha rentabelli edəcək.

"Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa açıq ölkədir", - SOCAR prezidenti "Türkmənistan Nefti və Qazı 2019" konfransındakı çıxışında vurğulayıb.

Belə mühüm hadisə fonunda Azərbaycan və Türkmənistan dövlət başçılarının bu il oktyabrın 10-da MDB ölkələri dövlət başçılarının iclası zamanı görüşünü xatırlatmaq istərdim. Görüş zamanı Q.Berdıməhəmmədov iki qardaş xalqın tarixi, mədəni və mənəvi ortaqlığına əsaslanan dövlətlərarası münasibətlərin inkişafına göstərdiyi diqqətə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Səmimi qəbula görə Türkmənistan liderinə minnətdarlığını bildirən Prezident İlham Əliyev Türkmənistan-Azərbaycan dialoqunun konstruktiv xarakterini qeyd edib və ölkələrimiz arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən MDB daxilində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini söyləyib.

Sonda təcrübəmə əsaslanaraq qəti əminliyimi bildirmək istərdim ki, yaxın gələcəkdə qardaş ölkələrin hər ikisi Bakıda və Aşqabadda neft-qaz nümayəndəliyini açacaq və bu, xalqlarımızın rifahının kəskin artmasına xidmət edəcək.

Məqaləni böyük Türkmənistan şairi, filosofu və Türkmənistan ədəbiyyatının klassiki Maxtumkulinin sözləri ilə tamamlamaq istərdim:

"Burada qardaşlıq adətdir, dostluq qanun

Şanlı nəsillər və qüdrətli tayfalar üçün".

Vəhdət Sultanzadə,

Azərbaycanın Türkmənistandakı keçmiş səfiri

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi