Azərbaycan-Türkiyə əməkdaşlığı - regional və qlobal barışa, təhlükəsizliyə töhfə

Azərbaycan-Türkiyə əməkdaşlığı - regional və qlobal barışa, təhlükəsizliyə töhfə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.
Analitika
10 Mart , 2022 15:09
Azərbaycan-Türkiyə əməkdaşlığı - regional və qlobal barışa, təhlükəsizliyə töhfə

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı səfərləri, bir qayda olaraq, iki dövlət arasında əlaqələrin və əməkdaşlığın dərinləşib güclənməsinə təkan verir. Bu səfər Azərbaycanla Türkiyə arasında əlaqələrin regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa, sülhə, sabitliyə dəstək verdiyini, yardım etdiyini bir daha təsdiqləyir. Eyni etnosa aid olan dövlətlərin münasibətlərinin normal olmasını təbii sayanlar da var. Bəzən belə müttəfiqliyin ziyanından danışanlar da tapılır. Ancaq Azərbaycanla Türkiyə müttəfiqliyi bu ehtimalların, yanaşmaların doğru olmadığını təsdiqləyir. Onlar arasında imzalanan bütün müqavilə və razılaşmalar təkcə iki dövlətin mənafeyini və marağını təmin etmir, bu həm də beynəlxalq təhlükəsizliyə köməklik göstərir.

Azərbaycan torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni geopolitik vəziyyətin yaranmasına yol açdı. Bununla regional əməkdaşlıq məsələsi gündəliyə çıxdı. Azərbaycan və Türkiyə 3+3 formatında əməkdaşlıq, Zəngəzur dəhlizi təşəbbüsü ilə çıxış edib. Rəsmi Ankara və Bakı bu ideyanın reallaşması istiqamətində bir sıra addımlar atıb.

Dünyada baş verən hadisələr alternativ layihələrin olmasının vacibliyini bir daha təsdiqləyib. Bu baxımdan, Zəngəzur dəhlizi yalnız region dövlətlərinin deyil, uzaq Çindən, Hindistandan tutmuş Avropaya qədər uzana biləcək alternativ infrastruktur nəqliyyat layihəsidir. Bu dəhliz qərblə şərqi birləşdirəcək böyük nəqliyyat yolunun yaranmasına səbəb ola bilər. Enerjidaşıyıcılarının nəqli ilə bağlı alternativ yolların olması da dünya gündəliyinin əsas məsələlərindəndir. Bu istiqamətdə Azərbaycanla Türkiyənin əməkdaşlığı yeni alternativ xəttin coğrafiyasının genişlənməsinə şərait yaradır. Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı müharibə nəticəsində dünyanın bir sıra dövlətlərinin neft və təbii qazla təmin olunmasında ciddi problemlər yaranıb. Dünyanın bp, “Shell” kimi aparıcı neft-qaz şirkətləri Rusiyada fəaliyyətini dayandırır. Rusiyanın xam neft və təbii qazının ixracına sanksiyalar tətbiq edilir və s. Belə bir şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyədən keçib Avropa dövlətlərinə uzanan TANAP və TAP qaz kəməri diqqət mərkəzinə gəlib. Bu həm də Türkiyə və Azərbaycan dövlətlərinin başçılarının enerjidaşıyıcları sahəsində yürütdükləri siyasətin strateji baxımdan əhəmiyyətinin göstəricisidir. Son zamanlar Avropa İttifaqının qitəyə qaz təchizatının artırılması istiqamətində Azərbaycanla müzakirələr aparmasını buna nümunə olaraq göstərmək olar.

Mövcud geosiyasi vəziyyət türk dövlətlərinin əməkdaşlığının əhəmiyyəti və rolunun vacibliyini təsdiqləyir. Əvvəllər bu əməkdaşlığa qarşı çıxıb türklərin bir-birinə yaxınlaşmasından ehtiyat edənlər indi onun dünya üçün daha əhəmiyyətli olduğunu görürlər. Bu, enerjidaşıyıcıları, yol-nəqliyyat xətlərinin genişlənməsinin vacibliyində özünü göstərir.

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkənin həyatın vacib bütün sahələrini əhatə edir. Sənəd artıq bəyannamə deyil, qanundur. Bu, onun statusuna daha fərqli və hörmətlə yanaşma tələb edir. Bəyannamədə iki ölkə və onun xalqları arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyinin, beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi kimi məsələlər vurğulanır. Sənədə əsasən, tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərə önəm verirlər. Bəyannamədə vurğulanan vacib məsələlərdən biri də belədir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Azərbaycanla Türkiyə arasında hərbi -texniki sahədə də əməkdaşlıq genişlənir. Şuşa Bəyannaməsində bu məsələ əhatəli şəkildə təsbit edilib: “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”.

Şuşa Bəyannaməsi eyni etnosların bir-biri ilə sosial, siyasi, iqtisadi, hüquqi, mədəni və sahələrdə əməkdaşlığın zirvə sənədidir. İki ölkə arasında yüksək səviyyədə münasibət eyni etnoslardan olan dövlət üçün nümunə sayıla bilər. Rusiya, Ukrayna və Belarus eyni etnosun mədəniyyətinin daşıyıcılarıdır. Ancaq bir-birinin daxili işinə müdaxilə, maraqlarının uzlaşmaması, təhlükəsizliyə fərqli yanaşma kimi məsələlər onlar arasında müharibənin baş verməsinə səbəb olub.

Türkiyədə martın 11-13-də Antalya Diplomatiya Forumu keçiriləcək. Bu toplantıda Cənubi Qafqazın təhlükəsizliyi məsələsi də müzakirə olunacaq. Rəsmi Ankara və Bakı Ukrayna və Rusiya kimi iki qardaş dövlət arasında sülhün yaranması üçün birgə səylərini davam etdirir. Rusiya və Ukraynanın xarici işlər nazirləri döyüşlər başlayandan sonra ilk dəfə Türkiyədə görüşüb.

Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində birgə fəaliyyəti özünü bu münaqişənin həlli istiqamətində atılan addımlarda da görünür. Bu həm də iki ölkə arasında münasibətlərin regional, beynəlxalq sülhə və təhlükəsizliyə dəstəyinə örnəkdir. Ukrayna ilə Rusiya arasındakı müharibədə rəsmi Ankara və Bakının birgə fəaliyyəti Azərbaycanla Türkiyənin əməkdaşlığından ehtiyatlananlara daha bir ismarışdır.

Son xəbərlər

Orphus sistemi