Yuxarı

Azərbaycan torpaqlarının işğalı: ermənilər nələr itirdiklərini anlayanda gec olacaq - ŞƏRH

Azərbaycan torpaqlarının işğalı: ermənilər nələr itirdiklərini anlayanda gec olacaq - ŞƏRH 4501
Ermənistan işğal altında olan Azərbaycan torpaqlarında başqasının maraqlarını təmin etməyə çalşır

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal altında saxlamaq istəyi hər gün Ermənistan üçün daha da acınacaqlı nəticələrə gətirib çıxarır.

Ötən iki həftə ərzində işğal altında olan Azərbaycan torpaqlarında erməni əsgərlərinin bir-birini güllələyərək öldürməsi işğalçı ölkənin ordusunun mənəvi və döyüş hazırılığı vəziyyətinin göstəricisi sayılmalıdır. 

Bu kimi hallar Ermənistan ordusunda ilk dəfə baş vermir, amma son zamanlar daha tez-tez təkrarlanır. Həmin hadisələrin bəzilərini və ictimaiyyətə məlum olanları yada salaq.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, çavuş Araik İqoreviç Sarkisyan öz əsgər yoldaşı tərəfindən öldürülüb. Məlumata görə, bu il yanvarın 16-da çavuş Araik Sarkisyan öz əsgər yoldaşının avtomat silahdan düzgün istifadə edə bilməməsi səbəbindən qarın boşluğundan ağır yaralanıb. O, aldığı yaradan ölüb. Araik Sarkisyanı öldürən əsgər həbs edilib.

Elə həmin gün sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı kiçik çavuş tərəfindən güllələnib. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumatlara görə, əsgər Q.Sarkisyan yanvarın 16-da təqribən saat 23:55-də qulluq etdiyi N saylı hərbi hissənin döyüş mövqeyində güllələnib.

Oxşar hadisələr ötən il də olub. 2016-cı il mayın 25-da əsgər Vaqe Yeqoyan xidmət yoldaşı tərəfindən güllələnib. Adı gizli saxlanılan əsgər Yeqoyanı döyüş postunda başından vurub. Onun qətli barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Öldürülən Vaqe Yeqoyan 10 ayın əsgəri olub. 

Həmin tarixdə Akop Qevorkyan adlı hərbçi öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb.

Ötən il sentyabrın 7-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda 19 yaşlı əsgər Arman Qandilyanın qəsdən açılmış atəş nəticəsində öldüyü məlum olub. O, əsgər yoldaşı Ayk Seyranyan tərəfindən güllələnərək öldürülüb.

2016-cı il oktyabrın 5-də əsgər Vaaqna Virabyan öz hərbçi yoldaşı tərəfindən odlu silahdan açdığı atəş nəticəsində ölüb.

Qriqori Avetisyan və Suren Aramyan adlı Ermənistan hərbçilərinin meyitləri də işğal altında olan Azərbaycan torpaqlarında aşkar edilib. Onları isə təhqir etdikləri əsgər yoldaşları odlu silahdan açdığı atəşlə öldürüb.

Viqen Sarkisyan Seyran Ohanyan

Əvvəllər belə halları Ermənistanın keçmiş müdafiə naziri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş Seyran Ohanyanın fəaliyyəti ilə bağlayırdılar. Çünki Qarabağı işğal altında saxlayanlara günah keçisi lazım idi və onu da tapmışdılar. Ohanyan günah keçisi rolunu oynadı. Özünü görməzliyə vurmasına baxmayaraq, beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağın işğalında əsas rol oynayan qüvvəni yaxşı tanıyır. Bu məsələdə ohanyanlardan sadəcə istifadə edilir.

Axı, sadaladığımız məlum hadisələrin yarısı da indiki nazir Vigen Sarkisyanın dövründə baş verib. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi də Azərbaycanın Qarabağ bölgəsində doğulan Movses Akopyan adlı ermənidir.

Bu onu göstərir ki, müdafiə nazirləri və hökumət üzvlərinin dəyişməsi işğalçı ölkə ordusunun mənəvi vəziyyətinə heç bir təsir etməyib. Ermənistanda övladlarını Dağlıq Qarabağa, işğal altında olan Azərbaycan ərazilərinə hərbi qulluğa göndərmək istəməyən valideynlər hərbi qurumlara rüşvət verirlər.

Bütün bunlar Ermənistan ordusunun yararsızlığını və Azərbaycan torpaqlarını işğal altında saxlamaq qüdrətində olmadığını göstərir. 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışındakı çıxışını son günlər Azərbaycana, onun ərazi bütövlüyünə qarşı danışanlara əsaslı və tutarlı cavab saymaq olar.

Həmin çıxışdan bəzi sətir başlarını diqqətinizə çatdırırq: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir.

Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir.

Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpağımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır”.

Prezident BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə toxunaraq vurğulayıb: “Bu qənamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir”.

Münaqişənin həlli yolundan danışan dövlət başçısı deyib: “Münaqişənin həlli isə çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. 

O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq.

Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993-cü il), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələriində Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Beləliklə, faktlar mənəvi cəhətdən aşınan, maddi cəhətdən başqalarından asılı vəziyyətdə olan Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal altında saxlamasının mümkün olmadığını bir daha sübut edir. Bu, həm də Dağlıq Qarabağın Ermənistan və ermənilərlə heç bir mənəvi-tarixi bağının olmadığını təsdiqləyir. Başqa sözlə, ermənilər işğal altında olan Azərbaycan torpaqlarında başqasının maraqlarını təmin etməyə çalışır, yaxud hələlik bu maraqları təmin edirlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi